Mərkəzi İncəsənət Məktəbində Uşaq Estrada Sənəti bölməsinə qəbul davam edir - FOTO

 

 

Bakıda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Uşaq Estrada Sənəti (UESS) bölməsinə qəbul davam edir.

Paytaxtda çoxsaylı musiqi məktəbləri fəaliyyət göstərir. Lakin bu dəfə sizi tanış edəcəyimiz musiqi məktəbi digərlərindən maraqlı layihələri ilə seçilir.

Belə ki, söhbət Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbindən gedir.

Daha dəqiq desək, bu məktəbi digərlərindən fərqləndirən burada Azərbaycanda ilk və hələlik yeganə eksperimental layihə olan estrada sənəti bölümünün olmasıdır.

Ötən il fəaliyyətə başlayan Uşaq Estrada Sənəti bölməsində bu gün 20-yə yaxın bir-birindən istedadlı şagird təhsil alır.

Mədəniyyət Nazirliyinin dəstəyilə gerçəkləşdirilən layihəyə bu günə qədər çoxsaylı müraciətlər daxil olub. UESS estrada bölməsinin təsisçisi və rəhbəri, “We are talents” layihəsinin müəllifi və rejissoru Fidan Mir-Qədirovadır:

Bu gün gənclər arasında musiqiyə kifayət qədər marağın olduğunu nəzərə alaraq musiqi məktəbinə üz tutduq. Həm dərs prosesi ilə yerində tanış olduq, həm də musiqi təhsili almaq istəyənləri düşündürən suallara cavab tapmağa çalışdıq.

Estrada bölməsinin təsisçisi Fidan Mir-Qədirova paralel.az-a açıqlamasında bu sinfin yeni olmasına baxmayaraq, kifayət qədər diqqət topladığını deyib:

“Bizim tələbələrimiz müxtəlif konsert proqramlarında uğurlu çıxışları ilə seçilir. Onların uğurları bizi sevindirir. Bu layihə ilk olaraq mənim və bədii rəhbərimiz olan Emil Minyaşevin fikri olub.

Əslində, biz ansambl yaratmaq istəyirik. Q.Qarayev adına musiqi məktəbi isə bizim bu layihəmizi gerçəkləşdirmək üçün çox geniş imkanlar yaratdı. Buna görə də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifliyə dərin təşəkkürümü bildirirəm.

Bizim də məqsədimiz məhz istedadlı uşaqları kəşf etmək və uşaq estradasında ilklərə imza atmaqdır. Estrada sinfini bitirən uşaqlara diplom təqdim edilir. Onlar sənətlərini Bakı Musiqi Akademiyasının eyni bölməsində davam etmək şansı qazanırlar. Biz hər bir uşağa musiqi dünyasına atılmaq üçün çox böyük şans veririk”.

Məşğələlər müasir təlim metodikaları əsasında (estrada vokalı, xüsusi ustalıq, nömrələrin quruluşu, rəqslər, musiqi təhsili, ansambl, musiqi dinləmə), dərslər xüsusi proqram üzrə aparılır. Pedaqoqlar isə xaricdə təhsil almış və işinin peşəkarı olan mütəxəssislərdir.

Vokal üzrə kiçik yaş qrupuna Humay Süleymanbəyli, böyük yaş qrupuna isə Yuliya Topçiy rəhbərlik edir.

Humay Süleymanbəyli deyir ki, uşaqların musiqi duyumu olduqca gözəldir:

“Uzun illərdir vokal üzrə dərs deyirəm. Uşaqların musiqi duyumu güclü olsa da, tənbəllikləri də var. Kiçik qrupa dərs dediyim üçün onlarla dil tapmaq bir qədər çətin olur. Musiqinin təməli, əlifbası klassikadıR. Bunu isə hər bir peşəkar musiqiçi bilməlidir. Uşaqlarımız müxtəlif konsert proqramlarında iştirak ediblər.

Yaxın gələcəkdə onlar bir sıra musiqi müsabiqələrinə də qatılacaqar. Əminəm ki, tələbələrimiz yüksək nailiyyətlər əldə edəcək. Məşqlərdə uşaqların düzgün nəfəs alması üçün çox çalışırıq. Düzgün nəfəs almayan insan vokal ifaçısı ola bilməz”.

Böyük yaş qrupuna rəhbərlik edən Yuliya Topçiy isə uşaqların öz səslərinə öyrəşməsinin önəmli faktor olduğunu deyir:

“Uşaqlara təmiz tələffüz və mikrofonla istifadə qaydalarını öyrədirik. Onlar öz səslərinə öyrəşməlidirlər. Mən sinif otaqlarında deyil, səhnədə dərs keçməyə üstünlük verirəm. Məqsədim uşaqların səhnədə maksimum sərbəst olması və bütün istedadlarını sərgimələridir. Təbii ki, nəzəri cəhətdən dərslər keçirik.

Amma əsas məsələ nəzəriyyəni layiqincə tətbiq etməkdir. Onların səs telləri daim işlək vəziyyətdə olmalıdır. Biz səs tellərinin aktivləşdirilməsi üçün müxtəlif məşqlər edirik. Nəticədə isə biz təmiz diksiya və səlist səs əldə edirik”.

Ölkədə estrada vokal-instrumental bölməsinin açılmasına çoxdan ehtiyac olduğunu deyən gənc müəllim İnarə Tağızadə isə uşaqlara səhnə mədəniyyəti, rəqs və aktyorluq üzrə dərslər verir. Onun sözlərinə görə, bu gün estrada səhnəsində köklü dəyişikliklərə ehtiyac var:

“Bu gün ölkəmizdə, sadəcə, şou-biznes var. Təəssüf ki, estrada səhnəsində parlayan simalar görmək olmur. Məqsədim dərs dediyim uşaqlarda səhnə mədəniyyətini, aktyorluq bacarıqlarını daha da inkişaf etdirmək, onları peşəkar səhnəyə hazırlamaqdır.

Məktəbin ən gənc müəllimi kimi uşaqlarla çox gözəl münasibətlər qurmuşuq. Onların dərsə sevgi ilə yanaşmaları üçün müxtəlif yollar tapıram. Yorulmadan, həm əylənir, həm də öyrənirik. Biz həm də aktyorluq üzrə dərslər keçirik.

Qısa müddət keçsə də, şagirdlərimi balaca aktyorlar adlandırıram. Onlar öz emosialarını, səhnə hərəkətlərini indiki aktyorlardan qat-qat daha yaxşı və təbii həyata keçirir. Düşünürəm ki, hər kəs öz zəhmətinin bəhrəsini mütləq görəcək. Tələbələrimiz bizim uğurumuzdur”

Məktəbdə, eyni zamanda, gitara sinfi var ki, bura uzun illər Fransada yaşamış musiqiçi Araz Hümbətli rəhbərlik edir. O deyir ki, gitara sinfinə 10 yaşından yuxarı uşaqların müraciət etməsi daha məqsədəuyğundur:

“Musiqi alətləri içərisində gitara daha çox sevilir. Xüsusilə də oğlanlar arasında... Hazırda səkkiz tələbəm var. Onların hər birinə böyük diqqət ayırıram.

Simli alətlərdə peşəkar ifa etmək üçün ən azı 1-2 il vaxt lazım olur. Təbii ki, bu zaman kəsiyi uşaqların götürmə qabiliyyətinə görə də dəyişir”.

Məktəbdə fəaliyyət göstərən zərb alətləri sinfinə Eldar Qafarov rəhbərlik edir.  

Bununla yanaşı, musiqi məktəbində Elmira Pənahovanın rəhbərlik etdiyi nəzəriyyə fənləri də mövcuddur.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tərkibində fəaliyyət göstərən Uşaq Estrada Sənəti bölməsi kompakt şəkildə tədris metodu ilə yüksək keyfiyyətli nəticələr vəd edir. Məqsəd hazır, istedadlı uşaqların gələcəkdə peşəkar səhnələrə çıxması və onların səhnədə formalaşmasını təmin etməkdir.

Layihənin birinci məqsədi isə UESS-i nəinki Azərbaycanda, eləcə də, xaricdə layiqli təmsil edəcək uşaq ansamblını yaratmaqdır.

Əgər sizin uşaqlarınızın da incəsənətə marağı varsa, bu fürsəti qaçırmayın. Yaxın gələcəkdə yaradılacaq uşaq ansamblının bir üzvü də siz ola bilərsiniz.

Dərslər iki saat olmaqla, həftədə üç dəfə peşəkar müəllimlər tərəfindən keçirilir.

Uşaq estrada sənəti sinfinə daxil olmaq üçün tələsin! Tələb olunan sənədlər:

- iki ədəd şəkil (3x4)
- tibbi arayış
- yaşayış yerindən arayış
- doğum haqqında şəhadətnamənin sürəti
- şəxsiyyəti təsdiq edən sənədin sürəti

Seçimlərə altı yaşından yuxarı hər kəs qatıla bilər.

Daha ətrafı məlumat üçün aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlayın:
Əlaqə telefonları: 050 233 04 54
Elektron poçt ünvanı: [email protected]
Ünvan: Bakı, Heydər Əliyev prospekti, 67. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi.

0.35486102104187