Əli Kərimli düşmən dəyirmanına su tökür

Tahir Abbaslı
[email protected]

Siyasi mübarizəni diversiya ilə qarışdırmaq çox təhlükəlidir

Azərbaycana düş-mənçilik edən daxili qüvvələrin böyük əksəriyyətinin müxalifət cildinə girdiyi çoxdan bəllidir. Bu sırada öz radikallığı ilə seçilən AXCP lideri Əli Kərimli daha təhlükəli görünür. İnqilab havası oynamağı çox xoşlayan AXCP sədri son zamanlar xaricdəki trollarını fəallaşdıraraq, ölkəmizdə inqilab etməyə və hakimiyyəti devirməyə hazırlaşdığını açıq ifadə etməkdən belə, çəkinmir.

Hazırda AXCP sədri o qədər radikallaşıb ki, hakimiyyətlə yanaşı, müxalifətə də cəbhə açıb. Onun hərəkətlərindən belə nəticə çıxarmaq olar ki, Əli Kərimli ölkədə sabitliyi pozmaq üçün xarici havadarlarından xüsusi tapşırıq alıb. Əli Kərimlinin hazırkı hərəkətləri siyasi sayıqlığını itirən agentin hərəkətlərindən qətiyyən fərqlənmir. Ölkəmiz haqqında ağzına və ağlına gələn cəfəngiyyatları danışan siyasi lidercik ipə-sapa yatmır, xalqı üsyana, inqilaba səsləyir. Müxalifəti satqınlıqda suçlayır, heç kimlə bir masa arxasında oturmaq istəmir.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masaya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin dəvət edilməməsinin səbəbini açıqlayıb. Fəzail Ağamalı jurnalistlərə açıqlamasında bildirib ki, Əli Kərimli siyasi mühacir müxalifəti adlandıranların yanında yer aldığı üçün tədbirə dəvət edilməyib.

Fəzail Ağamalı deyib ki, baxın, mühacirlər ayrı-ayrı şəxsləri təhqir edirlər. Əli Kərimlinin maliyyələşdirdiyi şəxslər də həmin prosesi davam etdirirlər. Bu söyüşlər təkcə iqtidara qarşı deyil. Əli Kərimlinin dəstəsi Müsavat, REAL və digər partiyalara da cəbhə açıb. Hansı partiya çalışır ki, müxalifətdə fəallaşsın, Əli Kərimlinin dəstəsi onu mənəvi terrora, təhqirə məruz qoyur. Bu şəxslərlə Avropadakı söyüş söyənlərin bağlılığı varmı? Mənə elə gəlir ki, var. Ona görə də, mənəviyyatıma sığdırıb o cür insanı tədbirə dəvət etmədim. Tədbirin təşkilatçısı kimi Əli Kərimlini tədbirə dəvət etməməyə hüququm çatır.

Deputatın dediyi kimi, AXCP sədri həddini o qədər aşıb ki, ölkədəki bütün siyasi qüvvələrin ünvanına söyüş ritorikası ilə danışır. Azərbaycandakı sabitliyi pozmaq, ölkəyə 90-cı illərin xaosunu yenidən qaytarmaq üçün canfəşanlıq edir. Bu gün ölkəmizə qarşı ermənilərlə eyni ampluadan çıxış edən Əli Kərimli siyasi sayıqlığını o dərəcədə itirib ki, hakimiyyəti inqilab yolu ilə ələ keçirmək üçün çağırışlar edir. Bu isə ölkənin konstitusion quruluşunun dəyişdirilməsinə cəhddir və ciddi məsuliyyət yaradır.

Ölkədə sabitliyin bərqərar olmasını gözü götürməyən xarici düşmənlərdən heç nə ilə fərqlənməyən AXCP sədri, xarici mühacirlər vasitəsilə Azərbaycan hakimiyyətinin ünvanına yalan, böhtan, təhqir yağdıran siyasi lidercik sanki hərəkətlərinin nəticələrinin hansı pis hadisələrə səbəb olacağını yaxşı hesablaya bilmir. O, unudur ki, Azərbaycan dövləti hazırda istənilən xarici və daxili düşməni zərərsizləşdirmək imkanlarına malikdir. Sadəcə, AXCP sədri ölkədə yaradılan demokratik atmosferdən sui-istifadə etməyin nəticəsiz olacağını dərk edib, siyasi mübarizəni sivil müstəvi üzərinə yönləndirsə, daha yaxşı olar.

Son hadisələrdən sonra AXCP sədri yenidən ölkə qanunları ilə ziddiyyət təşkil edən hərəkətlərə yol verəcəksə, deməli, ölkənin fəaliyyətdə olan qanunlarının ən sərt tələbləri ilə qarşılaşmalı olacaq. Siyasi mübarizəni siyasi diversiya ilə qarışdırmağın bu günə kimi hələ heç bir siyasətçiyə uğur gətirmədiyi kimi, Əli Kərimliyə də uğur gətirməyəcəyinə əminəm.

0.10339593887329