"Balaca padşah"lar, Allahdan qorxun!

Şahnaz Salehqızı

Axirətdə yeriniz od olacaq, od!

Bilirəm, özünüzü çox güclü hesab edirsiniz, əməllərinizə görə, xalq sizə  hətta əyalətin "kor xəlifəsi" də deyir. Amma "kor xəlifə"nin çarığını geyinsəniz də, onun yerişini yeriyə bilmirsiniz. Çünki "kor xəlifə"nin xəlifəliyi ilə yanaşı, onun insafı, mürvəti və ədaləti də var idi. Hansı ki, bunların heç biri sizdə yoxdur və heç olmağa da qoymazlar. Ona görə ki, hazırkı qaydalardan anlayışı olan hər kəs bilir vəzifəyə təyin olunanları prezidentə təqdim edənlər bu prosesdə böyük rol oynayırlar.

Kadrlar prezidentin qəbulunda tövsiyyələri dinləyib  çıxandan sonra, ayrı-ayrı kabinetlərdə yenidən «söhbətdən» keçirlər. Sözü-gedən məsələdə iştirak edənlərdən birinin dediyinə görə, «söhbət»  zamanı məmurlara elə tapşırıqlar verilir ki, onların insan kimi keyfiyyəti və az-çox müsbət nəyi varsa, hamısı həmin tapşırıqlardan sonra qeyb olur. Səbəbsə bəllidir. Çünki bu prosesdə siz öz nəfsinizin, havadarınızın isə kor, doymaq bilməyən tamahının manqurt quluna çevrilirsiniz...

Xalqın sizi "balaca padşah" adlandırması heç də xoş, nikbin niyyətdən deyil, qəzəb və nifrət əlamətidir-bunu biləsiniz. Bu, xalqa göstərdiyiniz "xidmətin""hörmətin" cavabıdır, layiq olduğunuz, qadir olduğunuz, nümayiş etdirdiyiniz əxlaqın və rəhbərliyinizin qiymətidir. Dövlət, xalq, millət, qayda-qanun, haqq-ədalət, əxlaq, tərbiyə, humanizm anlayışları sizə və sizi himayə edənlərə yaddır. Dünyada hər şeyə pul qazanmaq mənbəyi, əmtəə kimi baxırsınız. Tərbiyədən uzaq, dövlətçiliyə zidd hərəkətlərlə, həddi aşıb xalqın, dövlətin qarşısında məsuliyyət hissini itirmisiniz. Yalnız sizi bu kürsüyə gətirib çıxaran yüksək vəzifəli himayəçinizin qarşısında qul kimi müntəzir, aciz və mütisiniz. Onlar sizi, məhz maşa kimi kullanmağa öyrəşiblər. Siz də  elə bilirsiniz ki, anadan maşa olmaq üçün doğulmusunuz, qabiliyyətinizə, qanacağınıza, tərbiyənizə, insanlığınıza qəsd edirsiniz, bərəkallah!..

Bu cür insanı heyrətə gətirən xüsusiyyətinizin nəticəsidir ki, "padşahlıq" etdiyiniz əyalətlərdə yuxarıdan verilən təlimatlara əsaslanıb, insanlığa yad, hər cür eybəcər, anti-xalq, anti-dövlət hərəkətləri icra etməkdə  tayınız - bərabəriniz, bənzəriniz yoxdur! Qanundan əsər - əlaməti olmayan, hər gün imzaladığınız sərəncamlar yalnız naqis məqsədinizə xidmət edir-mümkün olan, pul gətirən hər şeyi, hətta ölkəni belə, satmaq üçün tam hazırsınız...

Yaxşı da qazanırsınız, haramınız olsun, qazandıqlarınızın sorağı təkcə ölkəmizdən yox, həm də xaricdən gəlir. Saysız-hesabsız böyük şirkətlər, biznes şəbəkələri, villalar, malikanələr, xalqdan oğurladığınız paralarla övladlarınıza aldığınız saraylar, milyonluq avtomobillər, qol saatları, şəxsi əşyalar, daha nələr, nələr...

Normal insana xas olmayan belə yanlış hərəkətlərinizdən aydın hiss olunur ki, siz bu fani dünyanın amansızlığından deyəsən, bixəbərsiniz...

Düşünürəm ki, xalq sizə "padşah" desə də, siz dünyanın sonu haqqında heç qul qədər də bilgiyə malik deyilsiniz. Fikirləşdim ki, bəzi mətləbləri sizə xatırladım biləsiniz ki, xalqdan oğurladığınız hər şey əvvəl bu dünyada sağ ikən, öləndən sonra isə, axirətdə qurğuşun kimi əridiləcək və sizlərin, övladlarınızın, xalqın malına, canına zəli kimi, saldığınız qohum-əqrəbanızın boğazına kürədə qızarmış vulkan lavası şəklində töküləcək! Buna tam əmin olun! Bunu özümdən demirəm, Allah-Təalanın göndərdiyi peyğəmbərlər və onlara Allah tərəfindən nazil olmuş müqəddəs kitablar xəbər verir. Əgər, dediklərimə şübhəniz varsa, tarixə nəzər salın və sizin kimi, Allahın buyruğuna əməl etməyən, özünü cahil aparan "padşah"ların özlərinin və övladlarının başına gələn müsibətlərlə tanış olun. Tanış olun ki, bəlkə, pis əməldən çəkinib, pis yoldan qayıdasınız... Amma inanmıram...

Onu da yaxşı anlayıram ki, sizə öyüd-nəsihət verməyin faydası da yoxdur, min fırıldaqla ələ keçirdiyiniz vəzifənin bəxş edəcəyi "cənnət"in xəyalı ilə elə manqurt hala düşmüsünüz ki, bu cür məsləhətlərin təsiri ilə "cəhənnəm"ə gedən yoldan dönməyiniz mümkün deyil. Ağalarınızın bəxş etdiyi "balaca padşah"lıq titulu ağlınızı başınızdan elə çıxarıb ki, düz yolu seçmək sizə o qədər də asan deyil. Kürsünün bərq vuran şəfəqləri bəsirət gözünüzü elə tutub ki, həqiqətin harada olduğunu, xeyirlə şəri fərqləndirməyə belə, acizsiniz. Durumunuz özünüzə nə qədər cazibədar görünürsə, xalqa bir o qədər dəhşətli və qəddar görünür. Haram, oğurladığınız qazanc sizə nə qədər sevinc və ləzzət verirsə, xalqa ondan min dəfə çox kədər və əzab bəxş edir! Bu, xalqın nifrət dənizini hər gün coşdurur və bir gün coşan dənizin təlatümlü dalğalarının ağuşunda boğulacağınıza şübhə etməyin. Günahkar isə, sizdən daha çox tamahkar olan ağalarınız və bir də onların tamah, nəfs maşasına çevrilmiş sizsiniz.

Bütün hallarda dediklərim ağır və çətin olsa da, tək cahillər üçün deyil, hər kəs üçündür! Sizin üçün isə mən deyən yox, yəqin, özünüz bildiyiniz, pulgətirən yol yaxşıdır.

Sözümdən inciməyin. Bu, Allahın yaratdığı, qəlbində hər kəsə mərhəməti olan, insanları sevən insanın sözüdür. Həqiqəti xatırlatmaqda fayda var, məqsədim sizi getdiyiniz qaranlıq və əzablarla dolu yoldan qaytarıb, axirətə gedən işıqlı yola gətirməkdir. Başqa bir niyyətim yoxdur. Allaha əmanət olun və hərdən, fani dünyanın sonu barədə mükəmməl düşünün. Düşünün ki, sonda gülünc vəziyyətə düşməyəsiniz.

Ən azı, sizə etibar edib, vəzifə kürsüsünə layiq bilən ölkə prezidentinə, ona dəstək verən xalqa xəyanət etməkdən əl çəkin! Allahın qəzəbindən qorxun, haramsevər, xalqa, haqqa, halala nifrət edən "balaca padşah"lıq iddiasından əl çəkin!

İNSAN olmağa cəhd edin! Işığa çıxmağa, hər iki dünyanın nemətlərinə çatmağa tələsin!

0.12852692604065