Radikal dini qruplara qarşı mübarizə bəşəri xarakter daşımalıdır

Radikal dini qruplara qarşı mübarizə bəşəri xarakter daşımalıdır
 

Azərbaycan hökuməti neqativ halların qarşısının alınması məqsədilə silsilə tədbirlər keçirir

Qloballaşan dünyamızda hər hansı bir dövlətin təh-lükəsizliyini təkcə həmin dövlətin daxili işi kimi qəbul etmək düzgün olmazdı. Çünki müasir dünyamızda bütün dövlətlər bu və ya digər formada bir-birinə inteqrasiya edərək, tam bir mexanizm kimi fəaliyyət göstərmək zorundadır. Bundan kənarla qalmaq, yaxud imtina etmək demək olar ki, mümkün deyil. Bununla belə, bir sıra dövlətlər milli və dini amilləri önə çəkərək, özlərinin fərqliliyini sübut etməyə çalışırlar ki, bu da sonunda dini və milli qarşıdurmalara gətirib çıxarır. Buna görə də müasir dünyamızın qarşısında duran əsas problemlərdən biri olan dini radikalizmə qarşı mübarizədə də, qarşılıqlı əməkdaşlıq və birgə mübarizə formalarının tapılması mühüm əhəmiyyət daşıyır.  

Yaddan çıxarmaq olmaz ki, öz məqsədlərinə çatmaq üçün din amilindən sui-istifadə edərək radikal qruplar yaradan, ekstremist çağırışlarla insanları bu yola təhrik edən qruplaşmalar, dünyanın harasında fəaliyyət göstərmələrindən asılı olmayaraq, bütün bəşəriyyət üçün böyük təhlükədir.

Bu da danılmaz həqiqətdir ki, bütün dinlər insanları daim sülhə, ədalətə və haqqa çağırır. Buna görə də din pərdəsi altında öz siyasi ambisiyalarını gerçəkləşdirmək istəyində olan, siyasi qüvvələrin əlində alətə çevrilən radikal dini qruplara qarşı mübarizə də bəşəri xarakter daşımalıdır. Dinin siyasiləşdirildiyi və müəyyən qrupların əlində alətə çevrildiyi  zaman radikalların da fəaliyyəti aktivləşir, bu, təkcə İslam dinində deyil, digər dinlərdə də özünü açıq şəkildə büruzə verir. Müasir dünyanı təhdid edən terrorizm, dini ekstremizm və radikalizm də, məhz buradan qaynaqlanır.

Avropanın və Asiyanın qovuşağında, müxtəlif dinlərin bir arada tolerantlıq və dözümlülük şəraitində mövcud olduğu Azərbayan üçün də dini radikalizmə qarşı mübarizə mühüm əhəmiyyət kəsb edir.

Bu gün ölkəmizdə mövcud olan multikultural və tolerant mühit, eləcə də  respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılmasına imkan verir. Azərbaycan hökuməti də, ölkədə bu kimi halların qarşısının alınması məqsədi ilə müxtəlif formatlarda silsilə tədbirlər həyata keçirir. Keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə ölkəmizin bütün hüquq-mühafizə orqanları- Baş Prokurorluq, daxili işlər və müdafiə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və digər müvafiq dövlət qurumları, eləcə də qeyri-hökumət təşkilatları sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.

Bu tədbirlərin nəticəsidir ki, mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, bu gün Azərbaycan nəinki regionun, hətta dünyanın ən sabit və dinamik inkişaf edən ölkələrindən biri kimi tanınır. Bunun əsas səbəbi heç şübhəsiz ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uğurlu inkişaf və milli təhlükəsizlik siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə uğurla davam etdirilməsidir.

Qeyd etmək lazımdır ki, ölkəmizdə dini radikalizmə qarşı mübarizənin önündə gedən dövlət qurumlarından biri də Dövlət Təhlükəsizliyi Xidmətidir (DTX).  DTX digər aidiyyəti dövlət orqanları ilə birgə ölkədə dini ekstremizm və radikalizm meyillərinin qarşısını almaq məqsədilə ardıcıl və sistemli işlər görür. Bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin borcudur və DTX bu istiqamətdə öz fəaliyyətini uğurla həyata keçirir. Ölkəmizdə din dövlətdən ayrı olsa belə, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır və öz fəaliyyətini də, məhz bu istiqamətdə qurub.

Azərbaycanda fəaliyyət göstərən dini qurumlar da ölkədə dini radikalizmin və ekstremizmin qarşısını almaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirir. Bu baxımdan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin bu istiqamətdə fəaliyyətini təqdirəlayiq hesab etmək olar. Dövlət Komitəsi QMİ ilə birgə xurafat, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslam dəyərlərinin dirçəldilməsi məqsədilə dini maarifləndirmə istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər keçirir. Bu tədbirlərə əsasən gənclərin cəlb edilməsinə daha çox üstünlük verilir, çünki onlar radikalların təbliğatının qurbanı ola biləcək daha həssas qrupa daxildirlər. Bu istiqamətdə atılan addımlar həm də fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunmasında əhəmiyyətli rol oynayır.

Məlumdur ki, müstəqilliyin ilk illərində ölkəmizdə dini sahədə təhdidlər çox güclü idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu təhdidlərin qarşısı alındı. Şübhəsiz ki, bu təhlükənin qarşısının alınması həm də hüquqi və ideoloji müstəvidə aparılan mübarizənin nəticəsi idi. Burada Ümummilli Liderin təşəbbüsü ilə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində apardığı məqsədyönlü fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Bu gün ölkəmizdə dini radikalizmə, terrorçuluğa, ekstremizmə qarşı mübarizə üçün mükəmməl qanunvericilik bazası mövcuddur. Qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində "Dini etiqad azadlığı haqqında" Qanuna əlavə və düzəlişlərin olunması da müsbət hal kimi qiymətləndirilməlidir.

Bu da məlumdur ki, dini radikalların təbliğatına uyanların böyük əksəriyyəti yaşayışından narazı, savadsız, başqalarının təsiri altına düşməyə meyilli insanlar olur. Buna görə də, dini radikalizmə qarşı mübarizədə yüksək təhsilli gənclərin gücündən istifadə etmək da, vacib şərtlərdən biridir. Bu gəncələr öz həmyaşıdları olan radikalların qarşısını almağa, onları ifşa  və ya islah etməyə qadirdirlər.

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfesiya rəhbərləri də Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı hörmət, anlaşma, sülh şəraitində yaşadığını qeyd edirlər və onlar da dövlətimizin dini radikalizmə qarşı mübarizə istiqamətində gördüyü işləri dəstəkləyirlər.

Ölkəmizə səfər edən xarici qonaqlar da buradakı inkişafı, sabitliyi və tolerant mühiti görür, onu yüksək qiymətləndirirlər: "Azərbaycanın əhəmiyyəti yalnız təbii sərvətləri ilə bağlı deyil. Azərbaycan müsəlman ölkəsidir və dünyəvi dövlətdir, bunun çox böyük əhəmiyyəti var". Azərbaycan həmçinin terrorizmə, ekstremizmə və radikalizmə qarşı qətiyyətlə mübarizə aparan bir dövlətdir və məhz buna görə də, bütün beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Bütün bunlara baxmayaraq, din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr Azərbaycan hökumətinin daim diqqətdə saxladığı məsələlərdən biridir.

Ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətləri, dini sahədə əldə olunan uğurlar bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirərək ölkəmizdə dini etiqad azadlığının təmin olunması üçün davamlı tədbirlərin həyata keçirilməsini hər zaman nəzarətdə saxlayır. Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin təbliği, tolerant və multikultural prinsiplərin təşviqi, dini maarifçilik işinin aparılması, dini radikalizmlə mübarizə sahəsində görülən işləri hər zaman yüksək qiymətləndirir və dəstəkləyir.

Bu gün dünyada beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidə çevrilən dini radikalizmin, eksterimizmin, terrorizmin mahiyyəti və yaranma səbəbləri, həmçinin ona qarşı həyata keçirilən mübarizənin hüquqi əsasları dəqiq öyrənilməlidir.

Çünki müasir dünyada aparıcı güc mərkəzləri özlərinin geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din, etiqad azadlığı və insan hüquqları anlayışından geniş istifadə edirlər. Beləliklə də, din özünün əsas missiyasından uzaqlaşdırılaraq daha təhlükəli anlayışa çevrilir. Dünyada cərəyan edən xoşagəlməz proseslərə baxmayaraq, ölkəmizdə ənənəvi dinlərin inkişafı üçün yaradılan münbit şərait bu sahənin inkişafını şərtləndirir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə tolerantlığın, multikulturalizmin, birgəyaşayışın nümunəvi formatı formalaşıb. Məhz, bu anlayışların inkişafı dünyada sülhün və əmin-amanlığın qorunması üçün vacib şərtlərdən biridir.

Beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti son illər ölkəmizdə aşura mərasimləri ərəfəsində keçirilən qanvermə aksiyalarını da unikal nümunə kimi dəyərləndirir. Vurğulanır ki, məhz bu cür təşəbbüslər İslam dininin ümumi fəlsəfəsini, onun humanist prinsiplərini əks etdirən ənənəyə çevrilib. Həmçinin bölgələrdə vəhdət namazlarının qılınması da, İslam dinində birliyin yaradılması, məzhəbçiliyin aradan qaldırılması baxımından, müsbət təşəbbüs və ənənə kimi dəyərləndirilir.

Bununla belə,  Azərbaycanın əldə etdiyi bütün nailiyyətləri görməzdən gələn ermənipərəst dairələr ölkəmizə qarşı həm siyasi, həm də dini - ideoloji təhdidləri davam etdirməyə çalışırlar.

Yaddan çıxarırlar ki, məhz İslam dini əsrlərlə Azərbaycan xalqının ümumi keyfiyyətlərini, əxlaqını formalaşdıran, hər bir fərdi şəxsiyyətə çevirən əsas mənəviyyat mənbəyi olub.

Dövlət-din münasibətlərinin tənzimlənməsində mövcud qanunvericiliyin tələbləri, hüquq-mühafizə orqanları əməkdaşlarının vəzifələri, həmçinin ölkəmizdə dini radikalizmin, ekstremizmin və terrorizmin qarşısının alınması istiqamətində həyata keçirilən işlər respublikamızda sabitliyi və harmoniyanı təmin edir. 

“Paralel”in Araşdırma Qrupu 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyədəstəyi ilə çap olunub

0.016417980194092