İki nəvəm-biri XI, digəri I sinfə...

Abşeron rayonu, Masazır kənd 5 saylı tam orta məktəbi

İlk həyəcanlı anlarımız elə evdən başladı. Baba, nənə, ata, ana, hətta balaca bacısı Tamella da, Maratı 1-ci sinfə yola salmaq üçün evdə bir hay-küy qoparmışdılar ki, elə bil dünyanın ən qlobal probleminin həlli məhz, Maratın 1-ci sinfə getməsi ilə bağlıdır. Nəhayət, hamı hazırlaşıb maşına mindi və Maratın oxuyacağı məktəbə üz tutduq.

Abşeron rayonu, Masazır kənd 5 saylı tam orta məktəbinin həyətində böyük bir izdiham var idi. Məktəb bayramsayağı bəzədilmiş, elə həmin məktəbin şagirdləri olan rəqqaslar qrupu da, artıq öz yerində idi və çıxış edəcəyi anı gözləyirdi. Övladların ilk dəfə məktəbə gətirən gənc valideyinlərin də üzündə həyacan sezilirdi. Bu həyəcanı həm də məktəbin həyətində yüksək vəzifəli qonaqları gözləyən məktəb rəhbərliyinin və müəllimlərin də üzündən hiss etmək olurdu.

Qeyd etmək lazımdır ki, Masazır kənd 5 saylı tam orta məktəb cəmi bir neçə ildir ki,   istifadəyə verilib. Buna baxmayaraq, məktəb valideynlər və bu ərazidə yaşayan sakinlər arasında böyük nüfuz qazanıb. Bugünkü izdihamın bir səbəbi də elə budur. Valideynlərin böyük əksəriyyəti övladlarının məhz 5 saylı məktəbdə oxumalarını, təhsil almalarını istəyirlər. Bu da yəqin ki, yeni məktəbdə yaradılan ab-hava ilə bağlıdır. Belə ki, bu məktəbin müəllim kollektivi, başda direktor Səlim Məmmədov olmaqla, əsasən gənc pedaqoqlardan ibarətdir. Gənclərin olduğu yerlərdə isə bildiyiniz kimi, tərəqqi, inkişaf, yeniliklər daha çox olur. Bunu da insanlar hiss edirlər.

Saat 8-30 göstərir, məktəbdə keçirilən tədbirə Abşeron rayon İcra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova və rayonun digər rəhbər işçiləri qatılır.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səlim Məmmədov məktəbin qısa müddətdə qazandığı uğurları qeyd edərək, gələcəkdə qarşıda duran vəzifələrin məsuliyyətindən danışır və bildirir ki, rəhbərlik etdiyi məktəbin kollektivi bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün lazım olan bütün işləri görəcək. Direktor daha sonra Təhsil Nazirliyində attestasiyadan keçərək məktəbə iş üçün göndərilən gənc müəllimləri məktəbin kollektivinə, şagirdlər və valideynlərə təqdim edir.

Gənc müəllimlər bütün bu izdiham qarşısında "müəllim andı" içərək gələcək fəaliyyətlərində müəllim adına sadiq olacaqlarını bildirirlər.

Bundan sonra məktəbin rəqs qrupu və şagirdlər çıxış edirlər. Çıxışlardan sonra söz Abşeron rayon icra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovaya verilir.

İradə xanım ilk dəfə məktəbə gələn kiçik fidanları, eləcə də onların valideynlərini və məktəbin kollektivini yeni dərs ilinin başlanması münasibəti ilə təbik edir, onlara dərslərində və fəaliyyətlərində uğurlar arzulayır. İradə xanım qeyd edir ki, Masazır kənd 5 saylı tam orta məktəb  Prezident İlham Əliyevin gənc nəslin təlim-tərbiyəsinə və təhsil almalarına göstərdiyi qayğı və diqqəti, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın dəstəyi ilə 2017-ci ildə istifadəyə verilib.

2020-ci ildə məktəbin ilk buraxılışı olacaq. İradə xanım Gülməmmədova əmin olduğunu bildirir ki, həmin şagirdlərin hamısı ali məktəblərə qəbul olunacaqlar.

İradə xanım onu da xüsusi qeyd etdi ki, gənc müəllimlərin şagirdlər və valideyinlər qarşısında "Müəllim andı" içməsi çox mühüm bir amildir və bu onların üzərinə çox böyük məsuliyyət qoyur. Daha sonra çıxış edən müəllimlər, valideyinlər və şagirdlər də öz ürək sözlərini deyərək həm müəllimlərə, həm də şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Balaca birincilər tanışlıq üçün siniflərə bölünüb. Burada isə balaca fidanların öz sinif müəllimləriylə ilk tanışlığı baş verib.

Bu gün mənim üçün də çox önəmli bir gündür, sevincimin həddi-hüdudu yoxdur, çünki nəvələrimin biri Xırdalan şəhəri 1 saylı tam orta məktəbinin 11-ci sinifinə, digər nəvəm isə Masazır kənd tam orta məktəbinin 1-ci sinifinə getdilər. Onların hər birinə, həm də hər iki məktəbin kollektivinə yeni-yeni zirvələr fəth etməyi arzulayıram.

Yusif Seyid

x1 x2 x3 x5 x4

0.1019229888916