Regionumuzun təhlükəsizliyinə təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq siyasətidir

Terrorçuluq və dini ekstremizmlə mübarizə sahəsində görülən işlər sayəsində ölkəmizdə sabit, multikultural mühit yaranıb

Bu gün bəşəriyyəti narahat edən əsas problemlərdən biri də, milli və dini zəmində baş verən qarşıdurmalar və terror hadisələridir. 

Bakıda  keçirilən forumlardan birində çıxış edən dövlət başçımız İlham Əliyev də, multikulturalizmin iflasa uğradığını iddia edən bəzi Qərb dövlətlərinin başçılarına cavab olaraq  deyib ki, multikulturalizmin alternativi yoxdur, multikulturalizmin alternativi ksenofobiya, islamafobiya, terrorizm, dini və milli qarşıdurmalar, insan faciələridir.  

Bu faciələrin qarşısını almaq üçün, bütün sivil cəmiyyətlər birgə mübarizə aparmalıdır.

Əks təqdirdə, bu, ayrıca götürülən bir dövləti yox, bütün bəşəriyyəti təhdid edən terrorizmin daha da əl-qol açmasına səbəb ola bilər.

Müasir dövrdə terrorizmin bütün dövlətlər üçün ciddi təhlükə olduğu heç kimə sirr deyil. Məlumdur ki, Azərbaycan Respublikası da, terrordan əziyyət çəkən ölkələrdən biridir. Mənfur qonşularımız olan ermənilər tərəfindən ölkəmizə qarşı 373, o cümlədən nəqliyyat və kommunikasiya obyektlərində 32 terror aktı törədilib ki, bunun da nəticəsində 2 mindən artıq mülki şəxs ölüb və yaralanıb.

Bu gün dünyanın bir çox yerlərində multikulturalizm və tolerantlıq məkanı kimi tanınan Azərbaycan Respublikası, yaşadığı və bu gün də yaşamaqda olduğu erməni separatizminə və terroruna baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə çalışır. Lakin ölkəmizin bütün səylərinə baxmayaraq, beynəlxalq təşkilatların məsələyə ikili standartlarla yanaşması, eləcə də Ermənistan tərəfinin məsələnin həllində qərəzli mövqe nümayiş etdirməsi səbəbindən münaqişənin həlli müşkülə çevrilib. Məhz bu səbəbdən, Azərbaycan dövlətinin öz təhlükəsizliyini qorumaq, eyni zamanda regionda sabitliyə nail olmaq məqsədi ilə görduyu işlər  bütün beynəlxalq təşkilatlar tərəfindən  dəstəklənir və digər münaqişə bölgələrinə də nümunə olaraq göstərilir. 

Bütün bunlara baxmayaraq, Azərbaycanın bir çox dövlət qurumları, ələlxüsus da Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq-mühafizə orqanları ölkəmizin təhlükəsizliyinin qorunmasının tam təminatı üçün fəaliyyətlərini daha da gücləndirib. Burada təbliğat və təşviqat, eyni zamanda, maarifləndirmə xüsusi önəm daşıyır. Bunun üçün də həmin qurumlar tərəfindən ölkəmizin paytaxtında, eləcə də bölgələrdə silsilə maarifləndirmə tədbirləri həyata keçirilir.

Məsələn, Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə respublikamızın Zaqatala, Balakən rayonlarında keçirilən dəyirmi masa və konfranslar yerli əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə qeyd olunub ki, terrorçuluq bütün bəşəriyyət üçün böyük təhlükədir və bu kimi tədbirlərin də əsas məqsədi terrorçuluğa qarşı mübarizə, eləcə də təhlükəsizlik fəaliyyətinin digər sahələri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi və bu mübarizədə onların rolunun artırılmasıdır.

Heç şübhəsiz ki, dövlətin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən bu məsələlər Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın da daim diqqət mərkəzindədir.

Çünki müasir dövrdə təhlükəsizliyi ciddi təhdid edən terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər təkcə ölkəmizin deyil, həm də regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir.

Onu da qeyd etmək lazımdır ki, hər hansı bir dövlətini təhlükəsizliyinin təmin olunmasında əsas istiqamətlərdən biri də, əks-kəşfiyyat fəaliyyətinin düzgün həyata keçirilməsidir. Bu fəaliyyət isə heç şübhəsiz ki, ölkənin sosial-iqtisadi, elmi-texniki, hərbi və digər mühüm strateji əhəmiyyətli potensialının düşmənin kəşfiyyat-pozuculuq fəaliyyətinə, terror-təxribat əməllərinə qarşı yönəldilib. Əks-kəşfiyyat fəaliyyətinin əsas məqsədi ölkəmizdə yaşayan və buraya göndərilən casusların və təxribatçıların müəyyənləşdirilməsi, terrorçuların aşkar və ifşa edilməsi, ölkə daxilində xüsusi təhlükəli cinayət törədən və ya bunu həyata keçirməyə hazırlaşan şəxslərə qarşı mübarizənin gücləndirilməsidir.

Məlumdur ki, düşmənin xüsusi xidmət orqanlarının informasiya toplama üsulları müxtəlifdir və buraya cəmiyyət üçün daha açıq mənbələr olan KİV, internet resursları, dezinformasiya, gizli mənbələr - ölkənin daxilində yerləşdirilən casuslar və "vətən xainləri" daxildirlər. Terrorizmin əsas məqsədi cəmiyyətdə qorxu və vahimə yaratmaq, insanları öz iradəsinə tabe etmək və bu yolla siyasi hakimiyyət orqanlarına təsir və təzyiq etməkdir. Buna görə də, terrorizmlə mübarizədə ictimaiyyətin fəallığı da böyük rol oynayır. 

Müasir zamanda terrorçuluq, həmçinin onun nəticələri bəşəriyyətin qarşılaşdığı əsas və çox təhlükəli problemlərdən biridir. Hazırda terrorizm bir çox dövlətlərin təhlükəsizliyi üçün ciddi təhdid təşkil edir. Terrorizm müasir dövrdə ən təhlükəli, çətin proqnozlaşdırılan və getdikcə daha müxtəlif formalarda gerçəkləşdirilən, böyük sferanı əhatə edən təhdidlərdən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, terror aktları insan tələfatı kimi faciələrlə yanaşı, həm də geniş ictimaiyyətə güclü psixoloji təzyiq göstərir, dövlətlər arasında nifaq salır, müharibələrə, sosial və milli qruplar arasında inamsızlığın və nifrətin güclənməsinə gətirib çıxarır.

Bu faciələrin qarşısının alınması və dünyada multikulturalizm ideyalarının təbliği istiqamətində fəaliyyətlərini genişləndirən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva gənclərin vətənpərvərlik ruhunda yetişmələri, onların vətənə və dövlətə sədaqət ruhunda tərbiyə olunmaları istiqamətində çoxsaylı proqram və layihələrin həyata keçirilməsini daim diqqətdə saxlayır.

Son illərdə yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərə bağlılığın daha da güclənməsi, məhz bu istiqamətdə görülən işlərin nəticəsidir. Lakin bu məsələdə hər bir vətəndaş ayıq-sayıq olmalı, görülən işlərə fəal töhfə verməlidir. Çünki düzgün və sistemli təbliğat işlərinin aparılmaması cəmiyyətdə ayrı-seçkiliyə və gənclərin yanlış istiqamətdə formalaşmaları ilə nəticələnə bilər.

Bunun qarşısının alınması üçün ilk növbədə xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyətinin qarşısı alınmalı, gənc  nəslin maarifləndirilməsi prosesinə ciddi fikir verilməlidir.

Müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyinin, xalqımızın maraqlarının qorunmasında, cəmiyyətə yad təsirlərin qarşısının alınmasında, terrorçuluğa qarşı mübarizədə əhalinin, xüsusilə də gənclərin iştirakını, bu işlərə töhfə vermək əzmini daha da artırmaq lazımdır.

Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi və qüdrətlənməsi naminə görülən işlər nəticəsində Azərbaycan dünyada ən sabit, sürətlə inkişaf edən və təhlükəsizlik mühitinə malik ölkələrdən birinə çevrilib.

Bu da xüsusi qeyd olunmalıdır ki, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının, xarici xüsusi xidmət orqanlarının ölkəmizdə pozuculuq fəaliyyətlərinə, eləcə də terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlər, həmçinin, beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində gördüyü işlər sayəsində ölkəmizdə sabit, multikultural bir mühit yaranıb.

Bununla belə, respublikamızın təhlükəsizliyinin möhkəmləndirilməsi işinin daha da güclədirilməsi baxımından milli maraqların və milli mənafelərin keşiyində ayıq-sayıq durmaq, Azərbaycanın hərtərəfli inkişafı üçün daha təhlükəsiz şəraiti təmin etmək digər aidiyyəti dövlət orqanları ilə yanaşı, həm də Dövlət Təhlükəsizliyi Xidmətinin üzərinə düşən ən mühüm vəzifələrdən biridir.

DTX əməkdaşları xarici xüsusi xidmət orqanlarının informasiya toplama üsulları, onların sosial şəbəkələr vasitəsilə kəşfiyyat fəaliyyəti, dezinformasiya, separatçılıq anlayışı, erməni terrorunun acı nəticələri, terrorçuluqla mübarizə üsullarını ciddi təhlil edərək,  xüsusi əməliyyat tədbirləri həyata keçirmək yolu ilə bütün arzuolunmaz halların qarşısını almağa müvəffəq olurlar. Onlar çox gözəl bilirlər ki, müasir dövrdə terrorçuluq bütün dövlətlər üçün təhlükə mənbəyidir və  Azərbaycan Respublikası da istisna deyil. Bu gün regionumuzun təhlükəsizliyinə və inkişafına əsas təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq, qəsbkarlıq siyasətidir.

Bu kimi halların qarşısının alınması üçün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycana qarşı təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması, terrorçuluğa, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə istiqamətində davamlı və effektiv tədbirlər görülür.

Ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və tərbiyə edilməsi istiqamətində aparılan uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsində digər aidiyyəti orqanlar və təşkilatlarla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti də yaxından iştirak edir. Terrorçuluqla mübarizənin səmərəliliyinin artırılması, yetişməkdə olan nəslin yad təsirlərdən qorunması məqsədilə, gənclər arasında geniş maarifləndirmə tədbirləri reallaşdırılır. Belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır.

Ümummilli lider Heydər Əliyev kimi dahi bir şəxsiyyətin peşəkarlıq irsinə söykənən dövlət təhlükəsizliyi orqanları bu gün Ali Baş Komandanın müdrik rəhbərliyi ilə həyata keçirilən fəal hüquq-mühafizə siyasəti nəticəsində ölkənin milli maraqlarının qorunması və hərtərəfli təmin olunması istiqamətində bütün imkan, qüvvə və intellektual potensialını səfərbər edib.

Terrorçuluqla mübarizədə xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə yanaşı, ictimaiyyətin də yaxından iştirakı və rolu danılmazdır.

 

“Paralel”in Araşdırma Qrupu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə  dəstəyi ilə çap olunub

 

0.11490082740784