Səttar Bəhlulzadə şəcərəsinin davamçısı

Gənc rəssam Həyat Qədirova

"İncəsənət xalqa məxsusdur" sovet dönəminin ən populyar şüarlarından biri idi. Bu günümüzün reallığı isə budur ki, incəsənətimiz, mədəniyyətimiz xalqa məxsus olsa belə, bəzilərinin gəlir mənbəyinə çevrilib. Söhbət şou-biznes əhlindən gedir. Əslində, bu insanların böyük əksəriyyətinin ümumiyyətlə, mədəniyyət və incəsənətdən xəbərləri belə yoxdur. Onları yalnız şou-əyləncə və biznes-pul maraqlandırır. Lakin incəsənətin elə bir qolu da var ki, orada varlanmaq, pul-para qazanmaq çox çətin məsələdir. Bununla belə, incəsənətin bu qolunu seçən gənclərimiz də var. Onların amalı pul -para deyil, öz sevdikləri peşələri ilə Azərbaycanımızı dünyada tanıtmaqdır.

Mənə belə gəlir ki, rəssamlıq həm də incəsənətin ən çətin qoludur. Burada fitri istedad, müşahidə qabiliyyəti və bu sənətə ruhən bağlılıq olmadan uğur qazanmaq əsla mümkün deyil. Rəssam olan insan həm də tam azad olmalıdır. Rəssam kiminsə göstərişi, əmri və yaxud pulu müqabilində mükəmməl əsər yarada bilməz. Bunun üçün onun öz daxilində bir istək olmalıdır. Məhz buna görə də rəssamlar bizim hamımızdan seçilirlər- istər mənəvi, istərsə də zahiri görünüşlərinə görə. İlk baxışdan soyuqqanlı, ciddi, bir qədər də ekstravaqant görünən rəssamlar, əslində çox ünsiyyətcil və yüksək yumor hissinə malik insanlar olurlar. Rəssam tanışlarımla təmasım zamanı müşahidə etmişəm ki, onlar münasibət qurduqları insanların ilk növbədə daxili aləmini öyrənməyə çalışırlar. Və əmin olun ki, heç zaman səhv etmirlər. Onların yaratdıqları sənət əsərlərində də bunu aydınca sezmək olur.

Məsələn, bir rəssam zahirən çox kobud, qaraqabaq bir insanın portretini çəkir və görürsən ki, onun üzündən nur tökulur. Yaxud, rəssam gözəl-göyçək bir xanımın portretini yaradır, amma... Bununla da rəssamlar demək istəyirlər ki, siz onların zahirinə yox, daxilinə baxın.

Mən sizə bu gun çox gənc bir rəssam xanım haqqında söz açmaq istəyirəm. O, hələ bu yolun başlanğıcındadır və ruhən, qəlbən bu sənətə bağlıdır. Balaca Həyatın qələmə, fırçaya marağını demək olar ki, hələ çox kiçik yaşlarından babası Mikail kişi hiss edib və ona dəstək olmağa çalışıb. Bu da təsadüfi sayılmaz, çünki Həyat dün-yaca məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin nəsil şəcərəsinin davamçısı sayılır. Həyat xanımın rəssamlığa sevgisi də yəqin ki, genindən gəlir.

Beləliklə, baba ilə nəvə arasında çoxlarının hiss etmədiyi bir bağlılıq yaranır. Baba nəvəsinin hər uğuruna sevinir, alınmadıqda onunla birgə kədərlənir və heç zaman onu tək qoymur. Həyat böyüdükcə həm də babasının gördüyü işlərə maraq göstərir, hər zaman onun yanında olur, həm kömək edir, həm də öyrənir.

Bu gün 16 yaşı tamam olan gənc rəssam Həyat, demək olar ki, insan üçün məişətdə lazım olan bütün işləri bacarır. 

Rəssamlıq isə onun üçün artıq bir arzu, istək, xobbi deyil. Atalar demişkən, "niyyətin hara, mənzilin də ora". Həyat xanım hazırda Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasında təhsil alır və gələcəkdə Azərbaycanı dünyada tanıda biləcək bir rəssam olmaq arzusundadır. Təhsil aldığı Akademiyanın müəllimlərindən razılıq edən Həyat xanım əmindir ki, bu müəllimlərin səyi ilə qarşısına qoyduğu məqsədinə çata biləcək.

Həyat xanımın çəkdiyi rəsmləri, eskizləri gördükcə hiss edirsən ki, o, öz arzularını gerçəkləşdirmək əzmində olan bir qızdır və bunun üçün bütün çətinliklərə və fədakarlıqlara hazırdır.

Mən Həyat xanımı hələ kiçik yaşlarından, babasının onun haqqında danışdıqlarından tanıyıram. Sizi də bu gənc və perspektivli rəssamla tanış etmək istəyirəm:

-Həyat Asəf qızı Qədirova 2003 -cü il sentyabr ayının 16-sında Bakı şəhəri, Binəqədi rayonunda dünyaya gəlib. Binəqədi rayonundakı 182 saylı tam orta məktəbin 9-cu sinifini bitirib və Rəssamlıq Akademiyasına qəbul olunub.  

Qeyd etdiyim kimi, sentyabr ayının 16-sı Həyat xanımın doğum günüdür. Yayın sonuna, payızın əvvəlinə təsadüf edən bu tarix, həm də təbii rəng çalarları ilə də seçilir. Bəlkə də Həyat xanımın rəssamlığa meyil etməsində bu çalarların da öz rolu var. Təbiətin bütün fəsillərinin öz gözəlliyi var. Rəssamlar da bu gözəllikləri öz tablolarında əks etdirərək, ona yeni çalarlar qatır. Rəssamlar elə bil təbiəti özünün rənglər dünyası ilə sintez edərək, onun bizim görə bilmədiyimiz tərəflərini göstərməyə çalışırlar. Bu sintezdən yaranan rənglərin harmoniyası, bizə təbiəti daha yaxından tanımağa və onu sevməyə kömək edir.

Gənc rəssam Həyat xanımın yaratdığı və hələ ki, çox kiçik olan əsərlərini gör-dükcə, hiss edirsən ki, bir vaxt gələcək, onun yaratdığı əsərlərin sorağı dünyanın ən möhtəşəm sərgi salonlarından gələcək.

Bəstəkar səslərdən, sözlərdən istifadə edərək, böyük musiqi əsərləri yaratdığı kimi, rəssam da rənglərin harmoniyasından istifadə edərək elə bir əsər yaradır ki, elə bil o əsərdə, sanki səninlə danışır, özünün iç aləmini sənə təqdim edir.

İstər tablo, istər portret, fərq etməz, rəssam öz təxəyyülünün məhsulu olan bu əsərdə, bütün hiss və emosiyalarını əks etdirə bilirsə və insanlar da bunu hiss edirlərsə, deməli o, öz istəyinə çatıb.

Həyat xanımın bu zirvəyə çatması üçün hələ çaylardan çox sular axacaq. Amma bir şeyə tam əminəm ki, o, öz arzularını gerçəkləşdirməyi bacaran bir qızdır və bunu da bacaracaq.

Bu gün Həyat xanımın doğum günüdür və bu kiçicik yazımın da ona bir hədiyyə olmasını istədim. Ona həyat yolunda mətin olmağı, büdrəsə də, yıxılsa da, durmağı bacarmağı arzulayıram. Atalar demiş:"İgid odur atdan düşə, atlana!" Həyatın bütün çətinliklərini dəf etməkdə Tanrı yardımçın olsun! Arzuların qanadında sənətin ən yüksək zirvələrini fəth edəsən, çünki o zirvədən Həyat daha gözəl görünür!

Rənglərdən gözəlliklər yaradan Həyat xanıma, həyatın bütün gözəlliklərini dadmaq arzusu ilə ....

 

Yusif Seyid    

resm1 resm2 resm3 resm4

0.14646100997925