Bakı əhalisi ekoloji fəlakətdə

Şahnaz Salehqızı

Nazirlik niyə həyəcan təbili çalmaq istəmir?

Çoxsaylı elmi məqalələrin müəllifi, insanlara təbiət prinsiplərinə əməl edərək yaşamaq qaydalarını öyrədən yapon alim, filosof və fermer Masanobu Fukuoka deyib ki: "Təbiətdən ayrı qalan insan, qürurlanıb bütün həqiqəti unutmağa başladı və özünü təbiətin hökmdarı hesab etdi. İnsan nə zaman ki, özünü kökündən, mahiyyətində olan "təbiət"dən uzaqlaşdırdı, o zaman bədənini dərmanlarla, torpağı isə kimyəvi gübrə və herbisitlərlə doldurdu. Nəticədə, bütün bədənini xəstəliklər bürüdü və ona görə də indi dərman və kimyəvi birləşmələrdən qurtulmağa çalışır".

Bəli, filosofun dediyi kimi, ayrı düşdüyümüz bu ecazkar təbiət yaratdığı insana öz sərvətlərini səxavətlə verib. İnsanlar isə inkişafın yüksək pillələrinə qalxdıqca, əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə, təbiətdən daha çox "mənfəət" götürərək, onu qırıb tökür, dağıdıb məhv edir, əvəzini isə qaytarmır. Təbiət məhv olduqca müxtəlif xəstəliklər yaranır ki, burada da xəstəliklərdən əziyyət çəkən "qara camaat", bundan yararlanıb qazanan isə millilikdən çıxarılan adlar altında fəaliyyət göstərən klinikalar və onlara səlahiyyət verən məmurlardır.

Təbii sərvətlərin mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, canlı sərvətlərin qorunması bu gün dünya əhəmiyyətli məsələdir. Dünya bu problemlərin məngənəsində boğulur desək, yanılmarıq. Qlobal istiləşmə, atmosferin ozon təbəqəsinin deşilməsi, ekoloji tarazlığın pozulması, içməli su qıtlığı, meşə yanğınları, buzlaqların əriməsi nəticəsində okeanlarında suyun səviyyəsinin qalxması kimi məsələlər dünyanın da narahatlığını artırıb.

Sadaladığımız problemlər bütün ölkələri narahat etdiyi kimi, Azərbaycanı da ciddi düşündürür. Ölkəmiz ərazi etibarı ilə kiçik olsa da, ekoloji problemləri özündən bir neçə dəfə böyükdür. Ölkənin şəhər və qəsəbələrində mövcud olan ekoloji problemlər zaman ötdükcə dərinləşir. Yaşıllıqların amansızcasına məhv edilməsi, içməli su hövzələrinin çirkləndirilməsi ölkə əhalisinin təmiz suya və havaya olan ehtiyacını ödəmək sahəsində ciddi problemlər yaradır. Alimlərin son illər ərzində apardıqları elmi tədqiqatlar, araşdırmalar nəticəsində məlum olub ki, dünyada ekoloji problemlərin sürətlə artmasının ən böyük səbəbi insanların təbiətə vəhşi müdaxiləsi ilə baş verir.

Paytaxt Bakı sakinləri ilə apardığımız söhbətlərin, araşdırmaların nəticələri göstərir ki, şəhərin yaşıllıq zolağı işbazlar, xüsusən MTK sahibləri tərəfindən vəhşicəsinə məhv edilir. Dövlət orqanları, xüsusən də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri bu vəhşiliyin qarşısını almaq üçün heç bir ciddi tədbir görmür.

Dünən əməkdaşlarımızın ağır zəhməti nəticəsində paytaxtın demək olar ki, bütün rayonlarında, bu və ya digər formada yaşıllıqlara pis münasibət bəslənməsinin şahidi olduq. Məlum oldu ki, hər yerdə eyni mənzərə müşahidə olunub. Şəhər boyunca qocaman ağaclar qırılır, onların yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binaları, marketlər və müxtəlif təyinatlı obyektlər inşa olunur. Ərazidə yaşayan əhali ilə aparılan söhbət zamanı məlum oldu ki, insanlar baş verənlərə görə etiraz edərkən, yaşlı sakinlərdən ikisi əsəbləşərək stress keçirib. Sakinlər qarşılaşdıqları problemlə bağlı kollektiv ərizə ilə müraciət etsələr də, onların etirazlarına və müraciətlərinə şəhər, rayon rəhbərlərindən heç kim məhəl qoymayıb!..

Bakıda insanların yaşaması üçün normal ekoloji şəraitin olmaması, içməli su, sağlam qida və təmiz havanın çatışmadığı hər kəsə, o cümlədən hökumətə yaxşı məlum olsa da, insanların kütləvi ölüm hallarına səbəb olan dəhşətli ekoloji vəziyyətin ortadan qaldırılması üçün bugünədək heç bir ciddi tədbir görülməyib. Bundan sonra da hər hansı bir müsbət tədbirin görüləcəyinə heç bir ümid yoxdur. Bakı şəhərinin 4 milyona yaxın əhalisi, sanki, məhkumlar kimi, ölüm kamerasına salınmış insan vəziyyətində yaşamağa məcbur edilib.

Paytaxtda insanların dözülməz ekoloji şəraitdə yaşamasının və ölümlə üzbəüz qalmasının ən böyük günahkarı, ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Çünki şəhərdə mövcud çətin durumla bağlı həyəcan təbilini çalmaq, məhz bu nazirliyin vəzifəsidir. Nazirlik isə sadəcə, pul cərimələriylə işini bitmiş hesab edir.

 

0.1050341129303