Prezident tikir, məmurlar sökür

Tahir Abbaslı

Söküntünü dayandırmaq olmazmı?

Azərbaycanda çoxdan başlayan, bu gün də sürətlə davam edən quruculuq işləri - şəhər, qəsəbə və kəndlərdə yolların yenidən çəkilməsi, müasir üslubda tikilən çoxmənzilli binaları, yaşayış massivləri, küçə və xiyabanların salınması, köhnə parkların yenidən qurulması, yeni park və yaşıllıq zolaqları, müasir avadanlıqlarla təchiz olunmuş yeni təhsil, səhiyyə, mədəniyyət və incəsənət müəssisələrinin yaradılmasının ölkəmizin dinamik və sürətli inkişafı nəticəsində baş verməsini xalq bəyənir və bu işlərə rəhbərlik edən ölkə prezidentini dəstəkləyir.

Xalq ölkə rəhbərliyinin insanların normal fəaliyyət göstərməsi və firavan yaşaması üçün çox iş gördüyünü və bu prosesi davam etdirmək əzmini müdafiə və təqdir edir.

Lakin təəssüf hissi ilə qeyd edim ki, ölkəni başdan-başa yenidən qurub-tikən tərəqqipərvər ölkə prezidentinin fəaliyyətinin əksinə gedən məmurların dağıdıcılıq işinin ölkəmizin sürətli inkişafına mane olduğunu və bu maneənin aradan qaldırılmadığını gördükcə, xalq gördüyü ziddiyyətli və çirkin səhnənin məmur müəlliflərinə haqlı olaraq qəzəblənir. Necə deyərlər, xalq arasında geniş yayılan - "prezident tikir, məmurlar sökür"  deyimi tez-tez səslənir və bu ifadə ölkəmizin gözəlliyini arzu edən hər kəsə mənfi təsir edir. İnsanlar qanunla ölkədə qadağan olunan, lakin məmurların səbəbi və məqsədi xalqa hələ də məlum olmayan  biznes fəaliyyətilə məşğul olmasına ən yüksək səviyyədə şifahi razılıq verilməsinin yanlış olduğunu ölkədə aparılan quruculuq işlərinə vurulan zərbə ilə izah edir.

Kiçik və ya böyüklüyündən asılı olmayaraq, ölkədə elə bir obyekt tapmaq mümkün deyil ki, onun sahibi məmur və ya onun ailə üzvü, yaxın qohumu olmasın. Bu, olduqca dəhşətli haldır və xalq, insanlar arasında sinfi ayrı-seçkilik və ədalətsizlik, qeyri-bərabərlik yaradan bu yanlış hala çox qəzəblənir. Məmur-biznesmenlər onlara verilən səlahiyyətlərdən sui-istifadə edərək, öz maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutur, hətta prezidentin  ölkəyə gətirdiyi müasir arxitektura nümunələrini, yaşıllıqları, qədim tarixi abidələri belə, məhv edib, yerində özlərinə külli qazanc verən obyektlər tikirlər.

Əgər qeyd etdiyim hallara şübhə ilə yanaşan varsa, çıxsın, Bakının bütün rayonlarındakı küçə və məhəllələrdə icra başçılarının təmənnalı razılığı ilə baş verən vandalizmi öz gözləri ilə seyr etsin.

Bakının nisbətən kənar rayonlarını demirəm, maraqlanan heç olmasa, şəhərin mərkəzi sayılan Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi rayonlarında məmurların törətdikləri söküntünün vəhşiliyinə tamaşa etsin. Bu, xalqa, dövlətə və həmin məmurlara qazanmaq üçün gen-bol şərait yaradan prezidentə açıq xəyanətin bariz nümunəsidir.

Bu gün ölkəmizdə gedən uğurlu quruculuq işləri ilə yanaşı, bu cür mənfi halların qabardılmasına, ictimailəşdirilməsinə, mətbuatda işıqlandırılmasına ciddi ehtiyac hiss olunduğu qənaətindəyəm. Hesab edirəm ki, movzusu yalnız məmur mədhiyyəsi və tərifdən ibarət olan yazılarla cəmiyyətə və dövlətə fayda verdiyini zənn edən media rəhbərləri reallığı əks etdirən yazıların dərcindən çəkinməlidir.

 

0.13197994232178