Rüşvətxorlara atəş...

Nigar Orucova

Korrupsiya ilə unikal mübarizə üsulu

Müasir dünyanın bir parçası olmaq məmnunluq gətirən hissdir. Əslində, inkişaf etmiş, elə inkişaf etməkdə olan ölkələrin də müsbət anlamlı məsələlərini tətbiq etməyimiz ümumi işin, inkişafın xeyrinə olardı. Amma neyləməli, uzun zamandır müzakirəyə səbəb olan, problem yaradan məsələ bizdə hələ də müsbət nəticədən xəbər vermir. Danmağın mənası yoxdur, hələ də rüşvətin öhdəsindən heç bir vəchlə gələ bilməmişik, daha dəqiqi, korrupsiyanın kökünü kəsə bilməmişik.

Amma bəzən elə xəbərlər eşidirik ki, ondan “niyə bizdə yoxdur” ritorikası olmadan keçinə bilmirik. Bizdə olmayan məsələnin mahiyyətini Filippinin timsalında izah edək.

Deməli, Filippin prezidenti Rodriqo Duterte korrupsiya ilə mübarizə üçün unikal bir üsul düşünüb. Prezident vətəndaşlara icazə verib ki, hansı məmur onlardan rüşvət tələb etsə, ona atəş açsın. Bir şərtlə ki, həbs edilməmək üçün vətəndaş məmurun ayağından vursun. Sitat: “Əgər siz vergi, gömrük rüsumu və s. ödəyirsinizsə, bu başdanxarablar isə rüşvət istəyirsə, onları vurun. Silahınız varsa, siz onlara atəş aça bilərsiniz, amma öldürməyin, əks halda, araşdırmalar zamanı əfv olunmaya bilərsiniz”. O, rüşvətxor məmurlara atəş açan şəxsin həbs ediləcəyini deyil, ona “ağır dərəcəli bədən xəsarəti” cəzasının veriləcəyini də deyib. Rodriqo Dutartenin rüşvətxorluğa verdiyi ad da özlüyündə çox maraqlıdır - “Hakimiyyətdəkilərin, demək olar, hər birinin içində olan qurd”... Filippinlilərin öz hüquqlarını qorumağa, qanunu

pozan məmur və rüşvətxorlar barəsində məlumat verməyə çağırış da dövlət başçısı səviyyəsində səsləndirilib.

Sanıram, biz Azərbaycan adının əzəmətini elə yalnız onun səslənməsində eşidirik. Amma görmürük. Çünki o adın əzəmətini görmək üçün rüşvət və korrupsiya adlı anlayış bir sinif kimi ləğv olunmalı, məhv edilməlidir. Təkrar edirəm, ölkəmizin adı çox gözəl və əzəmətlidir. Lakin o əzəməti bir anda yerə vuran, onu sivil dünyanın müsbətləriylə deyil, mənfiləriylə bir sıraya qoyan bizdə məhz rüşvət və korrupsiyanın istənilən sahədə meydan sulamasıdır.

Deyin, CV-si idarələrdə “toz udan” gənc kadrların üz tutduqları qurumlardan ümiddən düşənədək iş təklifi gözləməsinin fonunda, ağlagəlməyənlərin işlə “təminatının” günahkarı Kim?

Adicə bir arayış üçün qaz idarəsindən, “JEK”dən, poliklinikadan, məktəbdən rüşvət tələb olunursa, Filippindən fərqimiz Nə?

Burda sadalamadığımız, fəqət istənilən sahədə baş alıb gedən rüşvətxorluq hallarının əlindən əhali baş götürüb qaçmaq istəyir, amma Hara?

“Kim, nə, hara” suallı isimdən hər cümlədə istifadə etdiyimiz kimi, korrupsiya və rüşvət faktoru da cəmi həyatımızda kəmali-ədəblə bardaş qurub.

Elə bil, rüşvətlə dünyaya gəlirik; əslində, etiraf edək, dünyaya gəlişimiz heç zaman dövlət rüsumu hesabına olmur...

Cüzi xatırlatma aparsaq, rüşvət və korrupsiya bizdə tarixən mövcud olub. Bir vaxtlar banklardan götürülən iri məbləğdəki pulların “baş”ını da “şapka”dan başqa heç nə qorumayıb...

Ali məktəblərə qəbulun pulla gerçəkləşən əyyamını unutmayanların bəzisi hələ də test imtahanından uğurla keçənlərə şübhəylə yanaşmaqdadır. Rüşvətin bu sahədə daha at oynada bilməməsini elə bil həzm edə bilmir bir qisim.

Və təəssüf, az bir qisimdən savayı, ölkədə korrupsiya faktoru bütün sahələrə sarmaşıq kimi sarmaşıb, çayır adlı alaq otu kimi kök atıb. Bilənlər bilir, həm sarmaşıq, həm də çayır olan yerdə inkişafdan söhbət açmaq çoox səmərəsiz...

Əlqərəz, qayıdıram Filippinə. O ölkənin vətəndaşlarına rüşvətxor məmurlara atəş açmaq imkanı verilib. Maraqlıdır, görəsən, əhalimizə də belə bir imkan verilsəydi, axsamayan neçə nəfər qalardı?

0.11117100715637