İslam heç zaman, heç bir halda ekstremizmi və terroru təbliğ etmir

Azərbaycanda mövcud olan multikultural mühit, istər Qərb, istərsə də islam dövlətləri üçün nümunədir

Müasir dünyamızda ən aktual problemlərdən biri kimi geniş müzakirə obyekti olan multikulturalizm və tolerantlıq ideyası, dinlər və millətlər arasında qarşılıqlı dözümlülük ideyası olaraq meydana gəlib. XVI-XVII əsrlərdə Avropada dinlə bağlı münaqişələrin genişlənməsi, bu ideyanın da aktuallaşmasına səbəb olub. Yəni bu ideyanın əsasında ilk növbədə dini etiqad problemləri üstünlük təşkil edib. Bu səbəbdən də 1648-ci ildə bağlanan Vestfal sülh müqaviləsi dini dözümlülüklə bağlı ilk sənəd kimi qəbul olunur. Lakin onu da qeyd etmək lazımdır ki, həmin müqavilədən sonra baş verən 30 illik müharibə zamanı nümayiş olunan dözümsüzlük, tolerantlıq ideyasının formalaşmasının çox ağır məsələ olduğunu açıq şəkildə ortaya qoydu. Bəzi tədqiqatçılar hesab edirlər ki, tolerantlıq Qərb dünyasında dini təəssübkeşliyin at oynatdığı bir zamanda tədricən formalaşaraq ortaya çıxıb. Amerikalı politoloq, Koliforniya universitetinin professoru Leonard Binder özünün "Liberal İslam" əsərində qeyd edir ki, Qərb ölkələrində tolerantlıq bir qrup xristianın başqa qruplara mənsub olan digər xristianları qəbul etmələri nəticəsində meydana gəlib. Bunu isə milli və dini tolerantlıq adlandırmaq mümkün deyil. Tolerantlıq, əslində bütün dinlər və millətlər arasında dözümlülüyü özündə ehtiva edir. Bu səbəbdən də 1995-ci il noyabrın 16-da keçirilən UNESCO Baş Konfransının 28-ci sessiyasında, 50-ci ildönümü münasibətilə tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul edilib və beynəlxalq dözümlülük günü elan olunub. Elə o vaxtdan noyabr ayının 16-sı bütün sivil cəmiyyətlərdə Tolerantlıq günü kimi qeyd olunur.

Onu da qeyd etmək vacibdir ki,  bütün məsələlərdə olduğu kimi,  tolerantlıq məsələsində də ifrata və təfriqətə yol vermək olmaz. Çünki tolerantlıq digər milli və dini dəyərlərin ayaqlar altına atılması anlamını vermir. Tolerantlıq kimisə alçaltmaq, yaxud aşağılamaq ideyalarından da çox uzaqdır. Eyni zamanda tolerantlığı aradan qaldıracaq dərəcədə dözümsüzlüyə qarşı da tolerant olmaq mümkün deyil. Onu da yaddan çıxarmaq olmaz ki, tolerantlıq gül uzadılandan güllə ilə qarşılıq alana qarşı göstərilən davranış forması da deyil. Məlumdur ki, təhqir, təhdid kimi davranışlar da dözümlülüyün çərçivələrindən kənarda qalır. Tolerantlıq ilk növbədə onun kimi düşünməyənlərin mövcudluğunu qəbul etməkdir. Həddindən artıq tolerantlıq isə fərdlərdə dəyərsizləşməyə, məsuliyyətsizliyə səbəb ola bilər, çünki tolerantlıq qarşılıqlı olmalıdır.

Məhz bu səbəbdən, bu gün biz sizə bütün Qərb dünyasının bəşəriyyətə terror və ekstremizim dini kimi təqdim etməyə çalışdıqları islam dinində tolerantlıq münasibətlərinə verilən dəyərdən söz açmaq istəyirik. 

İlk əvvəl onu qeyd edək ki, islam dinində tolerantlıq dinin əsas ünsürü hesab olunur. İslamın əsas mənbəyi olan Qurani-Kərimdə Allah belə buyurur: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ("Kafirun" surəsi, 6). Bu da, o anlama gəlir ki, hər kəs öz inancı daxilində digərlərinə qarşı tolerant olmalıdır, yəni insanlar müxtəlif inamda və fikirdə ola bilərlər, bununla belə, həmin insanlara qarşı tolerant münasibət formalaşmalıdır. Qurani-Kərimin başqa bir ayəsində qarşı tərəfin "tanrı" olaraq qəbul etdiklərinə qarşı necə davranılmalı olduğu göstərilir: "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa, onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər..." ("Ənam" surəsi, 108).

Gördüyünüz kimi, İslam dininin əsl mahiyyəti də elə budur- insanlar müxtəlif inamda, əqidədə, düşüncədə, dünyagörüşündə ola bilərlər- onlar səhv yolda olsalar belə, varlıqlarını inkar etmək mümkün deyil. Buna görə də yaddan çıxarmamalıyıq ki, insanlar fikirləri ilə doğulmurlar, sonradan aldıqları təlim-tərbiyə ilə müəyyən əqidəyə, inam və inanca sahib olurlar.

Allahu-Təalə Qurani-Kərimdə Peyğəmbərinə belə buyurur: "Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən! Sənin vəzifən ancaq təbliğ etməkdir" ("Ənam" surəsi, 107; "Ali-İmran" surəsi, 20), "Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz" ("Ənam" surəsi, 164). Bu ayələrdə birlikdə yaşamaq və hər bir şəxsin öz seçiminin nəticəsini görməsi baxımından hər insanı öz inamında, dinində və fikrində qəbul etmək, tolerantlıqdır.

Belə bir ideyanın daşıyıcısı olan islam dinini ekstremizm və terror dini adlandırmaq islam dünyasına qarşı qərəzdən başqa bir şey deyil. Əslində, İslam dini müxtəlif inanclı insanlar arasında bir körpüdür və tolerantlığın bütün formalarını özündə ehtiva edir. Uca Yaradan belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi, 13). Məlumdur ki, insanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası da tolerantlıqdan qaynaqlanır.

Usa Yaradan həmişə dözümlülüyü, tolerant olmağı əmr edir. Bu əmr güclü, yaxud zəif olan dövrlərə deyil, bütün vaxtlara şamil olunan qaydalardır. Bu qaydalara görə, tolerantlıq güclü qarşısında dözümlülük nümayiş etdirmək deyil. Tolerantlıq özündən zəifə, yaxud bərabər olana eyni cür münasibət bəsləməyi bacarmaqdır. Bu da tarixi faktdır ki, müsəlmanlar islamın yaranışının ilkin dövrlərində tolerant olduqları kimi, güclü olduqları dövrlərdə bu qaydalardan heç vaxt kənarlaşmayıblar, əksinə daha dözümlü və tolerant oldular. İslam hətta Allaha şərik qoşan müşriklərlə, bütpərəstlərlə münasibətlər haqqında deyir: "Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır..." ("Tövbə" surəsi, 6).

İslam alim və üləmaları hesab edirlər ki, insanlar eyni cür yaradılmadıqlarından, tolerantlıq qaçılmaz dəyər olaraq qarşımıza çıxır.  İslam müsəlmanların müxtəlif dinlərin mənsublarına, hətta inanmayanlara qarşı necə tolerantlıq göstərməli olduqlarını onların müxtəlif yaradılış prinsipi ilə izah edir. İslama görə müxtəliflik dünya imtahanının bir zərurətidir. Əgər müxtəliflik olmasaydı, tolerantlıqdan danışmağa da ehtiyac yaranmazdı: "...Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin (bu müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın axır dönüşü Allahadır. Allah aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!" ("Maidə" surəsi, 48).

İslam araşdırmaçıları qeyd edirlər ki, əgər insanlar din və vicdan azadlığı məsələsində azad olmasaydılar, ya hamısı dini inkar etməyə məcbur edilərək haqsızlığa məruz qalacaq, ya da bütün bəşər Allaha inanmağa məcbur edilərək müxtəlif yaradılan ruhlar, qabiliyyətlər, cəhdlər bərabər sayılaraq ədalətsizliyə səbəb olacaqdı və heç bir imtahanın da bir mənası olmayacaqdı. Quran tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: "Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun..." ("Ənam" surəsi, 152).

 İslam dini eyni zamanda, müsəlman olmayan, ancaq müqəddəs kitabı olanlarla necə dialoq qurulmasını belə əmr edir: "Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!". Əgər onlar yenə də üz döndərərlərsə, o zaman onlara deyin: "İndi şahid olun ki, biz, həqiqətən, Allaha təslim olanlarıq!" ("Ali-İmran" surəsi, 64).

Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, İslam heç zaman, heç bir halda ekstremizmi və terroru təbliğ etmir. Qurani-Kərimdə qeyd olunanlar bütün bəşər üçün bir sülh çağırışıdır. Bu gün dünyada multikulturalizm və tolerantlığı təbliğ edənlər də, mütləq Qurani-Kərimdə ərz olunanları diqqətlə öyrənməlidirlər. Allahın "De: "İstər inanın, istərsə də inanmayın..." ("İsra" surəsi, 107). "De: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." ("Kəhf" surəsi, 29) sözləri İslamın dini etiqad azadlığına verdiyi ən böyük dəyərdir, yəni islamda zorakılıq yoxdur. "Dində məcburiyyət (zorakılıq) yoxdur)", ("Baqara" surəsi, 256). "Onlar iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlakmı edəcəksən?" ("Şuəra" surəsi, 3) kimi ayələr islami tolerantlığı anlamaq üçün ən gözəl kəlamlardır. Yuxarıda qeyd etdiyimiz bir ayədə qeyd olunduğu kimi,  İslamda dini etiqad azadlığı anlayışı o dərəcədə qətidir ki, hətta peyğəmbərlərin belə, iman mövzusunda məcbur etmək səlahiyyətləri olmayıb. Hz.Muhəmməd (s) peyğəmbərin kafirlərin, müşriklərin, yaxud ümumi olaraq bütün insanların iman gətirmələrini ehtirasla istəməsinə, insanların inkar etmələrinə kədərlənməsinə baxmayaraq, Allah onun vəzifəsinin ancaq haqqı insanlara çatdırmaq, təbliğ etmək olduğunu bildirib. Bununla bağlı Quranda belə buyurulur: "Peyğəmbərin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğ etməkdir" ("Nur" surəsi, 54). "Hər kəs doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, de: "Mən yalnız çəkindirən peyğəmbərlərdənəm!".

Gördüyünüz kimi, İslam dini hətta peyğəmbərimizə belə, zorakılıqı qadağan edib. Bu gün İslam dini adından çıxış edənlərin özləri də bilərəkdən, yaxud da bilməyərəkdən düşmən dəyirmanına su tökür, islamı dünyaya terror dini kimi tanıtmağa çalışırlar.

Bütün bunların fövqündə duran, müasir, müstəqil Azərbaycan dövləti də var, bu gün. Əhalisinin böyük əksəriyyətinin islama tapındığı bu dövlətdə mövcud olan multikultural mühit, istər Qərb, istərsə də dünyanın bütün islam dövlətləri üçün bir nümunədir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.13147902488708