Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcək

 

 

Sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək.

Nazirlər Kabinetindən verilən məlumata görə, iclasa Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-Prezidenti, Türkiyə tərəfindən Komissiyanın həmsədri Fuat Oktay rəhbərlik edəcək. 

İclasda hər iki tərəfdən Komissiya üzvləri olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak edəcəklər. Görüşdə hər iki ölkənin iqtisadi-ticari əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi münasibətlərin davamlılığının təmin olunması ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulub. 

Hazırda Hökumətlərarası Birgə Komissiyanın gündəliyində dayanan məsələləri razılaşdırmaq üçün Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri Azərbaycandakı tərəfdaşları ilə hazırlıq işləri aparırlar.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya 2 noyabr 1992-ci ildə Ankarada imzalanan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq saziş”inə uyğun olaraq yaradılıb. Bu günədək Komissiyanın 7 iclası keçirilib. 

0.091886043548584