O, Trampın çoxyönümlü dünyagörüşünə təsir edirdi - RƏY

 

 

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun vəzifəsindən azad edilməsi xəbəri bu gün beynəlxalq ekspertlər dünyasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bu məsələyə dünyanın müxtəlif ölkələrindən münasibət bildirilib. Boltonun istefasına illərdir Vaşinqtonla ciddi qarşıdurma yaşayan İran paytaxtı Tehran da şərh verməkdən çəkinməyib.

Beləliklə, İran hökumətinin nümayəndəsi Əli Rabiya bildirib ki, Boltonun ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsindən istefaya göndərilməsindən sonra ABŞ rəhbərliyi İran həqiqətlərini daha  rahat anlaya biləcək. Onun sözlərinə görə, Bolton bir neçə ay əvvəl “İranın yaxın 3 ay ərzində xəritədən silinəcəyi” barədə vəd vermişdi.

“Biz hələ də buradayıq, amma o getdi. Müharibənin və iqtisadi terrorun ən böyük tərəfdarının işdən uzaqlaşdırılmasından sonra Ağ Evin İran həqiqətlərini başa düşmək üçün daha az maneəsi olacaq”, - deyə Rabiya qeyd edib. Ondan fərqli olaraq İranın Xarici İşlər Nazirliyi Boltonun qovulmasına şərh  vermək istəməyib. 

Dəfələrlə qeyd olunduğu kimi, sələflərindən - ABŞ prezidentləri ata və oğul Corc Buş, Barak Obama və Bill Klintondan fərqli olaraq Ağ Evin hazırkı rəhbəri Donald Tramp problemlərin həllində hərbi metodlardan istifadə etməyə daha az meyillidir. O, tez-tez ABŞ əleyhdarlarını radikal tədbirlərin tətbiqi ilə hədələsə də, iqtisadi sanksiyalara daha çox üstünlük verir: daha doğrusu, silahsız müdaxilə və kütləvi qan tökmədən bu işi görür.

Bu və ya digər şəkildə, məhz Tramp Koreya Xalq Cümhuriyyətinin ərazisinə ayaq basan ilk ABŞ prezidenti kimi tarixə düşüb. O, son il yarım ərzində Şimali Koreya lideri Kim Çen İnlə bir neçə dəfə görüşüb. Tərəflərin bir çox məsələdə razılığa gələ bilməməsinə baxmayaraq, KXDR bütün dünyaya qarşı öz nüvə proqramını inkişaf etdirməyə davam edir, Tramp yenə də özünü danışıqlara üstünlük verən politoloq kimi göstərir. Çünki o, iş adamıdır. Lakin bu, onun Rusiya, Çin, İrana qarşı sərt sanksiyalar tətbiq etməsinə, Venesuela hakimiyyətini təhdid etməsinə, qonşu Meksika ilə ixtilaf aparmasına, beynəlxalq razılaşmalardan və protokollardan kənara çıxmasına mane olmur. 

Boltona gəldikdə, o, problemlərin həllində istifadə etdiyi radikal üsullar və sərt sanksiyaların tətbiqi ilə məşhurdur. Belə ki, o, 2003-cü ilin kəşfiyyat məlumatlarına əsasən, İraqın kütləvi qırğın silahlarına sahib olması bəhanəsi ilə Bağdada ABŞ ordusunun yeridilməsi tərəfdarlarından biri idi. Prezident Səddam Hüseynin rejimi devrilsə də, İraqın qadağan edilmiş silahlara malik olması barədə məlumat təsdiqlənməyib. Ancaq bu gün də İraqda sabitlik və təhlükəsizlik bərpa edilməyib.

“Con Boltonun istefası ABŞ prezidentinin özünü seçkidən sonra dərhal “Trampı sıxışdıran” neokonservatistlərin təsirindən azad etmək cəhdidir. Amma Tramp praqmatik amerikalı kimi müharibənin başa çatması və ticari münasibətlərinin inkişafının tərəfdarıdır.

Bu zaman isə Boltonun da daxil olduğu neokonservativlərin nümayəndələri prezidenti yeni hərbi avantürayalara sövq etməyə davam edirdilər”, - deyə paralel.az-a Geosiyasi Ekspertiza Mərkəzinin (Moskva) direktoru Valeri Korovin bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatının başlamasının əsas lobbiçilərindən biri də Boltondur:

“Beləliklə Trampı anti-İran təxribatlar seriyasının başlamasına sövq edən, onu cavab vermək məcburiyyətində qoyan Bolton kimi siyasətçilərin təşviqi oldu”.

Bu halda Boltonun ABŞ prezidentinin müşaviri kimi mövcudluğu daha çox Trampa mənfi təsir edirdi. ABŞ prezidenti neokonların daha sərt təxribatlarına reaksiya vermək məcburiyyətində idi. 

Sonuncuların xətti isə tez-tez prezidentin yanaşmalarına zidd olurdu, ABŞ-ın bütün regionlarda yeganə təzyiq olmasından daha çox balanslaşdırılmış çoxqütblü bir dünya qurmağa yönəlirdi. Bu isə Ağ evin rəhbəri üçün hər şeydən üstün olan ABŞ-ı, praqmatik Trampa lazım olmayan “imperiya dartınmasına” aparır.

Rasim Babayev

0.096152067184448