Rüşvət təhsil sistemini məhv edir

Tapdıq ABBAS


Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

Dövlətin təşkil etdiyi mübarizə isə kəsərsizdir

Yeni dərs ili başlayır. Ölkə təhsilinin problemlər isə çoxdur. Çünki təhsil o qədər çoxşaxəli mürəkkəb  prosesdir ki, onu hərtərəfli işlənmiş elmi konsepsiya olmadan tənzimləmək mümkün deyil. Ümumiyyətlə, təhsil sistemi ilə bağlı dünyanın ən yaxşı təhsilə malik olan ölkələrdə bir istək var. Hər kəs təhsilin daha keyfiyyətli olmasını istəyir. Çünki təhsil cəmiyyətin əsasıdır. Ölkə təhsilində mövcud olan nöqsanlar müəyyən qədər ölkənin tutduğu kursla da bağlıdır.  Obyektivlik naminə qeyd edək ki, son illər ölkə təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası nəticəsində təhsilin bütün pillələrində müəyyən müsbət dəyişikliklərə səbəb olub. 

Ölkəmiz müstəqillik qazandığı illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində xeyli addımlar atılıb. Təhsilin inkişafının qanunçuluq və maddi - texniki bazasında ciddi işlər gprülüb. Lakin bu addımların atılmasına baxmayaraq, nəzərdə tutulan nəticə əldə olunmayıb. Çünki bu sahədə görülən işlər sistemsiz aparılıb və ardıcıllıq təmin edilməyib. Əgər təhsildə ciddi islahat aparıb, keyfiyyətli kadr hazırlamaq istəyiriksə, buna orta məktəblərdən başlamaq  lazımdır. Çünki təməl, məhz burda qoyulur. Yəni adamı vətəndaş edən, ona savad verən orta məktəbdir. Ali məktəb yalnız ixtisas verir. Ali məktəbə şagirdlərin hamısı deyil, onların bir hissəsi gəlir. Orta məktəbdə insan necə formalaşırsa, sonrakı həyat yolu, ali məktəbdə də ona uyğun şəkildə davam edir. Məncə, orta məktəblərin fəaliyyətinə qeyri-adi dərəcədə ciddi nəzarət olmalıdır. Sadaladıqlarım orta məktəblərin zəif olmasının əsas səbəbləridir. Əvvəllər orta məktəblərin funksiyası bütün fənlər üzrə şagirdləri minimum biliklə təmin etmək idi. İndi tələbə qəbulu elə sistemlə aparılır ki, orta məktəbin hazırladığı şagirdə verilən tələblər dəyişilir. Orta məktəbin yetişdirəcəyi şagird çox gözəl yazmalıdır, ciddi surətdə təhlil aparmağı bacarmalıdır, ancaq bunlar ali məktəbə qəbulda yoxlanılmır. Ali məktəbə qəbul yalnız test yazmaqla həll edilir. Test yazmaq isə texniki işdir, bu isə tələbə üçün vacib olan bir sıra qabiliyyətləri müəyyənləşdirməyə imkan vermir.

Təhsilin inkişafına maneə olan ən ciddi problem isə bu sahədə rüşvətin geniş yayılmasıdır. Ölkədə başqa sferalarda olduğu kimi, təhsil sistemində də çox ciddi korrupsiya var və bu bəlaya qarşı yetərincə mübarizə aparılmır. Hökumət istəsə, təhsil sistemində olan korrupsiyanın qabağını çox asanlıqla ala bilər. İnkişaf etmiş ölkələrdən misal gətirmirəm. Sadəcə, götürək qonşu İranı və Türkiyəni. Bu ölkələrdə təhsildə korrupsiya, rüşvət yoxdur. Amma müxtəlif sferalarda rüşvət var. Bəs təhsildə niyə korrupsiya yoxdur? Bəli  nə İranın, nə də Türkiyənin orta, nə də ali məktəb sistemində qəti surətdə korrupsiya halları yoxdur. Deməli, dünyanın çox da qabaqcıl olmayan ölkəsində də təhsili korrupsiyadan tam azad etmək olar. Çünki o dövlətlərin də öz dövlətçilik ənənəsi var. Təhsil onlar üçün xüsusi sahədir. Burada kim rüşvət alsa, onun karyerası məhv olar və cəmiyyətdə nüfuzdan düşər. Həmin ölkələrin bu məsələyə yanaşması o qədər ciddidir ki, belə hallara heç kim yol verə bilməz. Bizdə isə rüşvətə qarşı mübarizə sözdə deyilir, amma işdə ona əməl edilmir. Təhsil sahəsində olan korrupsiya təhsil sisteminə çox öldürücü təsir edir.

 İnkişaf etmiş ölkələrdə təhsil ocağında başda duran birinci adam özü rüşvət almır. Nəinki rüşvət almır, hətta o, bunu ağlına belə gətirmir. Rəhbər şəxslərə elə mühit yaradılır ki, ümumiyyətlə, rüşvət vermək və almaq mümkün olmasın, insanlar şüurlu şəkildə rüşvət almaq barədə düşünməsin. İstəsələr də bu iş mümkün olmasın. Burada qeyri-adi dərəcədə ciddi yanaşma var.

Rüşvət təkcə o deyil ki, pul verib iş görəsən. Hər hansı bir uşağa tapşırıqla qiymət verməyin özü də korrupsiyadır. Bu, sosial ədalətin pozulmasıdır. Bu, virus kimi bir şeydir – damcı boyda düşsə, o, mütləq böyüyür, sürətlə ətrafa yayılır. Yalnız «bir faiz rüşvət var» anlayışı yoxdur. Əgər orada təhsil ocağının başçısının övladı oxuyursa, o uşağa başqa cür baxılsa, orada tapşırıq da olacaq, rüşvət də. Misal çəkdiyim ölkələrdə sistem elə qurulub ki, orada heç nə eləmək mümkün deyil. Təhsilin məqsədi vətəndaşların yetişməsi üçün onlara bərabər imkanlar yaratmaqdır. Amma rüşvət bərabər imkanları məhv edir. Rüşvətlə, tapşırıqla təhsilin missiyası dəyişir. Bunlar bir yerdə mümkün ola bilməz. Rüşvət və tapşırıq sistemi aradan qaldırılmayınca, təhsilin keyfiyyətdən danışmaq mümkün olmayacaq. 

Acınacaqlı haldır ki, ölkənin təhsil sistemi rüşvətə elə yoluxub ki, adam dəhşətə gəlir. Təhsil müəssisəsi rəhbərinin rüşvət torunun başında durduğu ölkədə uğurlu təhsildən söhbət gedə bilməz. Rüşvət ölkənin bütün sahələrində, o cümlədən təhsilin bütün pillələrində adiləşdirilib, normal alvet vasitəsinə çevrilib.

Ölkədə rüşvətxorluğa qarşı prezident səviyyəsində aparılan mübarizə korrupsionerlər tərəfindən təftiş edilir ki, bu da gözlənilən nəticənin əldə olunmasına maneə yaradır. Təhsil sahəsində xalqın, mətbuatın və digər təbəqələrin nümayəndələrindən ibarət olan ictimai nəzarət yox səviyyəsindədir. İctimai nəzarətin olmadığı istənilən sahədə rüşvətxorluğun geniş yayılması üçün münbit mühit yaranması təbii haldır.

Azərbaycanda təhsil sisteminin rüşvətdən təmizlənməsi ilk növbədə hökumətdən asılıdır və əgər hökumət istəsə, bu mübarizəni effektiv təşkil etmək o qədər də çətin deyil.

0.058837890625