Azərbaycan regionun təhlükəsizliyinə böyük töhfələr verir

Nifrət dolu çıxışlar, dözümsüzlük Avropa Şurasının və üzv dövlətlərin dəyərlərinə zərbə vuran əsas problemlərdən biridir

Bəşəri birgəyaşayışın təmin olunmasında multikultural və tolerant dəyərlərin müstəsna rolunu inkar etmək qətiyyən mümkün deyil. Çünki multikulturalizmin və tolerantlığın iflasa uğradığını iddia edən bəzi Qərb dövlətlərində baş verənlər günümüzün reallığıdır. Bu reallıqlardan çıxış edərək qeyd etmək lazımdır ki, qloballaşan dünyamızda dini və milli həmrəyliyin, qarşılıqlı anlaşmanın və dözümlülüyün qorunub inkişaf etdirilməsi, yaranmış situasiyadan yeganə düzgün çıxış yoludur.     

Problemin aktuallığını nəzərə alaraq bu yazıda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulan dözümlülük prinsiplərindən bəhs etmək istəyirik.

UNESCO-nun 16 sentyabr 1995 -ci il tarixli "Dözümlülük prinsipləri haqqında bəyannamə"nin Preambulasında qeyd olunur ki, Birləşmiş Millətlər Təşkilatı xalqları, gələcək nəsilləri müharibə fəlakətlərindən xilas etmək qətiyyətilə... insanların əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə inam hissini yenidən təsdiq etmək... və bu məqsədlərlə dözümlülük nümayiş etdirmək və mehriban qonşular kimi bir-biri ilə dinc yanaşı yaşamağı təlqin edir. Eləcə də UNESCO-nun 1945-ci il noyabrın 16-da qəbul olunmuş Nizamnaməsinin Preambulasında qeyd edilənləri xatırlayaraq bildirək ki, dünya bəşəriyyətin intellektual və əxlaqi həmrəyliyinə əsaslanmalı, hər bir insan fikir, vicdan və din azadlığı hüququna malik  olmalı, məslək azadlığına və onların azad ifadə edilməsinə imkan yaradılmalı, həmçinin, bütün xalqlar, irqi və dini qruplar arasında həmrəyliyə, dözümlülüyə və dostluğa yardım etməlidirlər. Bütün bunlar müvafiq beynəlxalq aktlar və digər sənədlərlə təsdiq olunub. Bunların arasında "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya", "İşgəncələr və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə Konvensiya", "Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannamə","Milli və ya etnik, dini və dil azlıqlarına məxsus şəxslərin hüquqları haqqında Bəyannamə","Beynəlxalq terrorçuluğun ləğvi tədbirləri haqqında Bəyannamə", "UNESCO-nun İrq və irqi xurafat haqqında Bəyannamə»si xüsusilə böyük əhəmiyyət kəsb edir.

Bununla yanaşı həm də UNESCO-nun təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında Konvensiya və tövsiyələri, irqçilik və irqi ayrı-seçkiliyə qarşı mübarizə üzrə fəaliyyətin üçüncü Onilliyinin, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları sahəsində təsisatları Onilliklərinin və dünyanın yerli xalqlarının Beynəlxalq onilliyinin məqsədlərini qeyd etmək vacibdir.  Eyni zamanda, UNESCO Baş konfransının 27 m/5.14 qətnaməsinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının  dözümlülüyə həsr olunmuş məhəlli konfranslarının, habelə, Birləşmiş Millətlər Təşkilatının İli proqramı üzrə üzv dövlətlər tərəfındən təşkil olunan digər konfrans və müşavirələrin nəticə və tövsiyələri nəzərə alınmalıdır. Son vaxtlar dünyanın müxtəlif bölgələrindən milli, etnik, dini və dil azlıqlarına, qaçqınlara, fəhlə-mühacirlərə, mühacirlərə, cəmiyyətdə sosial cəhətdən daha az müdafiə olunan qruplara qarşı artmaqda olan dözümsüzlük, zorakılıq, terrorçuluq, ksenofobiya, mürtəce millətçilik, irqçilik, antisemitizm, ögey münasibət, marqinallaşdırma və ayrı-seçkiliyə, habelə, ayrı-ayrı şəxslərə öz fikir və məsləklərini həyata keçirdiklərinə görə tətbiq edilən ayrı-seçkiliyə son qoyulmalıdır.  Həmçinin milli və beynəlxalq səviyyədə sülh və demokratiyanın möhkəmləndirilməsi işinə əngəl törədən zorakılıq və hədə aktları ilə əlaqədar həyəcan hissi duyaraq, üzv dövlətlərin insan hüquqlarına hörməti və irqinə, cinsinə, dilinə, milli mənsubiyyətinə, dininə və ya sağlamlığına fərq qoymadan hamı üçün əsas azadlıqları inkişaf etdirmək və təmin etmək, dözümsüzlüyə qarşı mübarizə aparmaq işinə xüsusi diqqət verilməlidir. UNESCO-nun qəbul etdiyi "Dözümlülük prinsipləri haqqında Bəyannamə"dən də göründüyü kimi, müasir dövrümüzün əsas çağırışlarından biri də, məhz dinlər və millətlərarası dözümlülüyün daha da artırılması olmalıdır ki, bəşər cəmiyyəti gözlənilən fəlakətləri önləyə bilsin.

Bu da məlum həqiqətdir ki, bütün insanların bərabər imkanlar və rəftar hüququna sahib olmaları hər bir sabit cəmiyyət üçün vacibdir. Nifrət dolu çıxışlar və dözümsüzlük Avropa Şurasının və onun üzv dövlətlərinin dəyərlərinə zərbə vuran əsas problemlərdən biridir. Hər il minlərlə insan nifrətin müxtəlif təzahürlərinin qurbanı olur ki, bu da ölkələrin təhlükəsizliyinə və ümumilikdə dünyanın sabitliyinə ciddi təhdidlər  yaradır. Minlərlə insan etnik, irqi, milli, dini, əqidə, siyasi və sosial mənsubiyyətinə görə təcavüzə, təqibə, təhqirə, təhdidə məruz qalır. Bunun qarşısının alınmasında heç şübhəsiz ki, siyasi liderlərin də üzərinə böyük məsuliyyət düşür.

Bu gün çox ciddi müzakirə mövzusu olan multikulturalizm və tolerantlıq,  həm də qlobal əhəmiyyət daşıyan insan hüquqlarının müdafiəsi ilə sıx bağlıdır. Buna görə də ilk növbədə cəmiyyətdə nifrət dolu çıxışların qarşısı alınmalıdır. Bu, əlbəttə ki, çoxşaxəli bir prosesdir və ciddi yanaşma tələb edir. Əsas məsələ isə radikallıq nümayiş etdirməyə çalışan təbəqənin maarifləndirilməsi ilə bağlıdır. Bunun üçün müxtəlifliyi və dözümlülüyü təşviq edən təhsil və təlim proqramlarının məktəblərdə, eləcə də ali təhsil müəssisələrində yaradılmasına diqqət edilməlidir. Eyni zamanda, media vasitələri də insan hüquqlarının təşviqi və qorunması, qarşılıqlı etimadın qurulması, barışıq, mədəniyyətlərarası və dinlərarası dialoq və harmoniyanın təşviqində müsbət rol oynaya bilər.

Bu problemlərin həllində parlamentarilər də mühüm rol oynaya bilər. Belə ki, deputatlar, siyasi liderlər, ilk növbədə, özləri təhqiredici, ekstremist və ayrı-seçkiliyi təşviq edən ritorikadan uzaq durmalı və belə çıxışlardan çəkinməlidirlər. Biz əsasən, cəmiyyətdə dözümlülük, qarşılıqlı hörmət, anlayışın təbliğinə diqqət ayırmalıyıq. Deputatlarımız da mədəni müxtəlifliyin bir dəyər olaraq təşviqi üçün bütün mümkün vasitələrdən istifadə etməlidirlər.

Qeyd etmək lazımdır ki, multikulturalizmin və tolerantlığın, eləcə də dini və milli dözümlülüyün qorunub inkişaf etdirilməsi, həm də, hər bir dövlətin təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, son illər ölkəmizdə həyata keçirilən silsilə tədbirlər onu deməyə əsas verir ki, bu gün Azərbaycan təhlükəsizlik baxımından ən stabil və təhlükəsiz bir dövlətdir. Burada bütün dinlərə məxsus insanlar, eləcə də bütün millətlərin nümayəndələri heç bir təhdid və təzyiqlə üzləşmədən qarşılıqlı anlaşma və qardaşlıq şəraitində bir ailə kimi yaşayırlar. 

Ölkəmizdə bu istiqamətdə mütəmadi keçirilən tədbirlər də respublikamızın təhlükəsizliyini təmin etməklə yanaşı, burada yaşayan insanların da təhlükəsiz mühitdə yaşamalarına tam təminat verir.

Bu yaxınlarda Bakı şəhərində keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası da hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi baxımından çox məhsuldar tədbirlərdən biri oldu.

Tədbir iştirakçılarını Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib və görüşdə çox mühüm məsələlərə toxunulub. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər əsasən,bu gün dünyada baş verən proseslər, müxtəlif dövlətlərə olan təhdidlərin qarşısının alınması ilə bağlı olub. Və bu məsələdə konfransların əhəmiyyəti  xüsusi qeyd edilib. Prezident İlham Əliyev həmçinin, konfransa təbrik məktubu göndərib. Məktubda çox ciddi məqamlara toxunan Prezident İlham Əliyev müasir dünyada sülhə və sabitliyə nail olmaq üçün hansı prioritet istiqamətlərə çatışmağın vacib olduğundan, regional və qlobal təhlükələrin dəf edilməsi üçün dünya dövlətlərinin fəaliyyətlərinin koordinasiya edilməsinin zəruriliyindən söz açıb. Prezident bir daha qardaş türkdilli ölkələrin əlaqələrinin möhkəmlənməsinin Azərbaycan üçün xüsusi önəm kəsb etdiyini bildirib. O həmçinin, regional təhlükəsizliyin təmin edilməsi üçün ekstremizmin, terrorçuluğun, separatçılığın, qeyri-qanuni miqrasiyanın, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması, transmilli cinayətkar qruplara qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Bütün bunlar onu deməyə əsas verir ki, məhz Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gun Azərbaycan və onun xüsusi xidmət orqanları beynəlxalq təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaş olaraq qəbul edilir.

Məlumdur ki, hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu məsələlər Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin çıxışında da öz əksini tapıb. Belə tədbirlərin təşkil edilməsi bir daha göstərir ki, bu gün istər qlobal, istər regional səviyyədə, istərsə də ölkələrin özlərinə qarşı yönələn təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Və sonda onu da qeyd etmək vacibdir ki, özünün yerləşdiyi geosiyasi məkanda söz sahibi olan Azərbaycan dövlətində mövcud olan multikultural və dözümlülük mühiti, təkcə ölkəmizin yox, həm də bütünlüklə regionun təhlükəsizliyinə böyük töhfələr verir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.12866806983948