Ekspert: Yeni "silah yarışı" NATO rəhbərliyinə yüksək gəlir vəd edir

 

 

1RRE informasiya-analitik portalının məlumatına görə, Şimali Atlantika Alyansının rəhbərliyi hesab edir ki, Rusiyanın qərb bölgələrində yerləşdirdiyi raket qurğuları Avropa ölkələrinin təhlükəsizliyini təhdid edir.

Portalın məlumatına əsasən, NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı, ABŞ Hərbi Hava Qüvvələri generalı Todd Daniel Uollters bəyan edib ki, Moskvanın üç ay ərzində öz raketlərini Ural silsiləsinin arxasına çəkməyəcəyi təqdirdə Vaşinqtonun da öz növbəsində ABŞ raketlərini Avropa qitəsinə yerləşdirməyə məcbur olacaq. 

"Bu cür ultimatumların bir məqsədi var – Qərb dünyasında, xüsusən də Avropada orta və daha qısamənzilli raketlərin yerləşdirilməsinə dair ictimai rəy yaratmaq", - deyə paralel.az-a açıqlamasında G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin (REU) politologiya və sosiologiya kafedrasının dosenti, "Rusiya Zabitləri" Ekspert Şurasının üzvü Aleksandr Perenciyev bildirib.

Onun sözlərinə görə, Alyans Rusiya Prezidenti Vladimir Putinin yeni raketlərin istehsalına başlaması barədə qərarından sonra onlardan öz raketlərini Uraldan o tərəfə çəkməklə bağlı tələbini irəli sürüb. Qeyd edək ki, əvvəllər orta və qısamənzilli raketlərin ləğvi ilə bağlı razılaşma olub. 

"Bunun ardından rəsmi Moskva ilk olaraq orta və qısamənzilli raketlərlə bağlı qərarı yenidən müzakirə etmək istədiyini bildirib. Digər tərəfdən, Rusiya Müdafiə naziri Sergey Şoyqunun vasitəsilə bəyanat yayaraq, rəsmi Moskvanın orta və qısamənzilli raketlərini ABŞ və digər NATO ölkələrinin Rusiya ərazisinin təhlükəsizliyinə qarşı hər hansı təhdidi olacağı halda yerləşdirəcəyini söyləyib". 

Onu da qeyd etmək lazımdır ki, İNF müqaviləsinin rəsmi ləğv tarixi 2019-cu il 2 avqust tarixində idi və NATO bu barədə xəbərdarlığını əvvəldən etmişdi. Belə ki, NATO-nun Baş katibi Yens Stoltenberq 18 iyul Aspen təhlükəsizlik forumunda açıqlama verərkən bildirib ki, Rusiya avqustun 2-dək İNF müqaviləsinə əməl etməyəcəyi təqdirdə ona lazımi cavab veriləcək", - Perenciyev söyləyib.

O, Kremlin bu kimi xəbərdarlıqlardan qorxmadığını vurğulayıb:

"Üstəlik, ABŞ-dan fərqli olaraq, söhbət həmin raketlərin bizim ərazimizdə yerləşdirilməsindən gedir. Onlar isə raketləri Avropa və Asiya ərazisində yerləşdirəcəklərini bildirirlər. Təəssüf ki, NATO-nun hazırkı xəbərdarlığı rəsmi Vaşinqtonun orta və qısamənzilli raketlərlə bağlı yeni müqavilə bağlanması məqsədilə danışıqlar aparılmasını istəmədiyinin göstəricisidir.

Vəziyyətin belə gərginləşməsindən isə faydalanacaq bir tərəf var - ABŞ-ın hərbi-sənaye kompleksində fəaliyyət göstərən maliyyə və sənaye qrupları. Onun əsas lobbiçilərindən biri Donald Trampdır. Eyni zamanda, NATO-nun yüksək hərbi-siyasi və hərbi rəhbərliyi, "silah yarışı"ndan yüksək məbləğdə vəsait əldə edəcək". 

"Rusiya ilə ultimatum dilində danışmaq, xüsusən nəyisə razılaşdırmaq mümkün deyil", - deyə politoloq Pavel Klaçkov Oxu.Az-a açıqlama verib. 

O əlavə edib ki, Qərb artıq Rusiya siyasətini davamlı olaraq inkar etməyə adət edib. 

"Biz bu gün NATO-nun Rusiya sərhədinə mümkün qədər yaxınlaşmaq istədiyini görürük. Qərb dövlətlərinin hərbi-sənaye kompleksləri "ruslar gəlir" motivi altında əlavə gəlir əldə etmək niyyətindədir. Bütün bunlar artıq olub. Bu gün Qərb "soyuq müharibə"nin yeni mərhələsini başladır, Moskvaya qarşı tələblərini irəli sürür", - deyə ekspert qeyd edib. 

Onun sözlərinə görə, Rusiya öz raketləri ilə bağlı hansı addımı atacağına dair müstəqil qərar verə biləcək suveren respublikadır: 

"Rusiya rəhbərliyi, Prezident Putin, Qərblə münasibətləri nizamlamağa, gərginliyi azaltmağa çalışır. Biz hərbi qarşıdurmanın tərəfdarı deyilik. Artıq Moskvaya qarşı xəbərdarlıqların, ultimatumların və aqressiv təhdidlərin ritorikasından imtina etməyin vaxtıdır.

Qarşılıqlı danışıqlara getmək və təmkinlə davranmaq vaxtıdır. Ancaq bu halda da Qərb dominantlıq edə biləcəyinə inanmamalıdır. Rusiya ilə hörmət və tərəfdaşlıq çərçivəsində danışmaq lazımdır. O halda razılığa gəlmək mümkündür".

Rasim Babayev

0.094077825546265