Ölkədə rüşvətxorluğu ləğv etməyə kim mane olur?

Xalq hakimiyyətin bəhanələrinə inanmır

Ləyaqət anlayışından xəbəri olan bütün mədəni xalqların bir xüsusiyyəti var. Onlar arasında hansısa siyasi məsələyə görə mübahisə yaranarsa, həmin məsələylə bağlı bir-birilə lap düşmən olsalar belə, vətən, dövlət üçün ümumi təhlükə yarana biləcəyindən ehtiyat edib, yumruq kimi birləşib, bir-birlərinə  güzəştə gedirlər.  Yəni dünən baş verəni unudub, həmin anın durumuna uyğun hərəkət edirlər. Bu məsələdə dövlət kimi Türkiyə və onun döyüşkən xalqı öndədir.

Bəli, biz də bu gün ətrafımızda baş verənlərə baxıb, sadəcə, seyrçi kimi qala bilmirik. Haqsızlığa qarşı sözümüzlə, fikirlərimizlə və sonda qələmimizlə səsimizi qaldırıb, bəzən daha təsirli, bəzən də istədiklərimizi satirik, yumoristik şəkildə deməyə çalışırıq. Baş verənləri geniş, ətraflı şərh edərək, oxucunu dərin mətləblərdən hali etməyə, onları haqsızlığı törədən, qanunsuzluq edənlərə qarşı qanunların yol verdiyi formada etiraz bildirmələrinin zəruri olduğunu izah etməyə çalışmalıyıq.

Söz, fikir, qələm əhlindən müəyyən prinsiplərə riayət etmələri tələb edilərkən, onlar  demək istədiklərini obrazların dili ilə deyir. Lakin elə hadisələr və məqamlar da olur ki, onları obrazların dili ilə demək mümkün deyil. Belə olan təqdirdə, həmin hadisə iştirakçılarını  birbaşa öz adı ilə çağırmaqdan başqa yol qalmır...

Milli Məclisin komitə sədri, YAP funksioneri, daim kəskin və ziddiyyətli açıqlamaları ilə diqqət çəkən Siyavuş Novruzov bugünlərdə sabiq məmurları hakimiyyəti müxalifətin hücumlarından müdafiə etməməkdə qınayıb. Sabiqlərin hakimiyyətə hücum edənlərə səs çıxarmamalarını, vəzifədən azad olunduqdan sonra sakit bir tərəfə çəkilib, səlahiyyət sahibi olduqları zaman hakimiyyətin hesabına yığdıqları oğurluq sərvəti yeməklə məşğul olub, hakimiyyəti müdafiə etmədiklərini və olaylara biganə qalmalarını xəyanət kimi qiymətləndirib. Milli Məclisin komitə sədrinin bu fikrini, eyni zamanda, hakimiyyətin ölkəni rüşvət və korrupsiya bataqlığında qəsdən boğmasının dolayısı ilə təsdiqi də saymaq olar.

Deməli, ölkəni hazırda idarə  edənlərin timsalında Siyavuş Novruzovun şikayətində əksini tapan məqam, birbaşa olmasa da, bilavasitə ölkədə rüşvət və korrupsiya sisteminin məmurların qazanc əldə etməsi məqsədilə çoxdan tətbiq olunan düşünülmüş metod olduğu öz təsdiqini tapır. Millət vəkilinin gileyində zamanında rüşvət və korrupsiyadan faydalanan məmurların bu gün hakimiyyəti müdafiə etməmələrindən narazılığı da fikrimizi təsdiq edir.

İnsanlarla təmasda olarkən, onların hakimiyyətdən narazılığını çox açıq şəkildə ifadə etməsinin əsasını ölkədə fəlakət həddinə çatan rüşvətxorluq və korrupsiyanın təşkil etdiyini duymaq çətin deyil. İnsanlar  bildirirlər ki, işğal olunmuş torpaqların azad olunmasına mane olan beynəlxalq çətinlikləri müəyyən mənada başa düşürlər, lakin  ölkədə tüğyan edən rüşvətxorluğun və korrupsiyanın qarşısını almaqda hakimiyyətə mane olan məmurların dəhşət saçan əməllərinə nə üçün son qoyulmur?! Onlar haqlı olaraq deyirlər ki, xalqı, dövləti məhv edən bu rəzalətin aradan qaldırılmasına hakimiyyətə məmurlardan başqa, daha hansı qüvvə mane olur?! Əhalinin əksəriyyətinin ölkədə hökm sürən rüşvət və korrupsiya mühitini birbaşa hakimiyyətin özünün maraqlarına xidmət etdiyini açıq dillə ifadə etməsi, yaxın gələcəkdə ölkədəki durumun daha da sərtləşəcəyindən xəbər verir.

Düşünürəm ki, ölkəmizi qarşıda gözləyən mənfi halların təsirindən xilas edib, qarşısını almaq, insanların haqlı narazılığına səbəb olan obyektiv səbəbləri ortadan qaldırmağın vaxtı çoxdan yetişib və buna görə də hakimiyyət ciddi tədbir görməyə məhkumdur.

Əks təqdirdə, daxili və xarici radikalların, onlara dəstək verən xarici düşmənlərin ölkəmizin sabit və sakit atmosferinə zəhər qarışdırmaq üçün ideal şərait yaranacaq.

Düşünürəm ki, hörmətli S. Novruzov sabiq nazirləri səsləyib hakimiyyəti müdafiə etməyə çağırmazdan əvvəl, yaxşı olar ki, hazırda dövlətin vəzifə kreslosundan beşəlli yapışıb bir an da olsun, xalqı, dövləti düşünməklə yox, şəxsi mənafelərini güdərək, qazanclarını artırmaqla məşğul olanlara müraciət etsin.Desin ki, ay zalım uşağı, rüşvət və korrupsiya ilə yığdığınız bəsdir daha, dayanın, xalqın canını boğazına yığmısınız, hakimiyyət əldən gedəcək, hesab verməli olacaqsınız, durun!

Şahnaz Salehqızı

0.10322690010071