“Gənclərimizin hərbi- vətənpərvərlik ruhu yüksəkdir”

Ali təhsil müəssisələrində qış və yay imtahan sessiyasının nəticələrinə
görə, uğur əldə etmiş 2200 nəfərdən artıq tələbə təqaüdə layiq görülüb

Sentyabrın 6-da Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin Nabranda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Gənclərin milli vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyəsində tələbə həmkarlar ittifaqı təşkilatlarının vəzifələri, yeni forma və metodları” mövzusunda konfrans keçirilib.

19 ali təhsil müəssisəsinin 100-dən çox tələbəsinin qatıldığı konfransı giriş nitqi ilə sahə Hİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə açıb. O, əvvəlcə tədbir iştirakçılarına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını və ürək sözlərini çatdırıb. Deyib ki, Səttar müəllim sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edir, hər birinizə təhsildə və şəxsi həyatınızda uğurlar arzulayır.

Sonra M.Cəfərzadə Respublika Komitəsinin həyata keçirdiyi gənclər siyasətinin bəzi məqamlarına toxunub. Deyib ki, gənclərimizin milli vətənpərvərlik, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması, gənclərin bədən tərbiyəsi və idmana kütləvi cəlbi, istedadlı gənclərin aşkara çıxarılması, elmə, təhsilə maraqlarının artırılması fəaliyyətimizin əsasını təşkil edir.

Hər il spartakiadalar, müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil edilir, ehtiyacı olan ittifaq üzvlərinə maddi yardımlar verilir. Bundan başqa, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə Respublika Komitəsinin adlı təqaüdü təsis edilmişdir. O vaxtdan indiyə qədər ali təhsil müəssisələrində qış və yay imtahan sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2200 nəfərdən artıq tələbə bu təqaüdə layiq görülmüşdür.

Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqədən olan tələbələr üçün pulsuz nahar yeməyi təşkil edilir. Hər il həmin güzəştdən respublikamızın 16 ali təhsil müəssisəsinin 230 tələbəsi istifadə edir.

M.Cəfərzadə deyib ki, 2004-cü ildən ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bədii yaradıcılıq festivalı keçirilir. Təhsil Nazirliyi ilə birgə keçirilən bu festivalın təkcə final mərhələsində hər il 250 nəfərdən artıq tələbə iştirak edir. Respublika Komitəsi hər il təşkil olunan “Sabahın alimləri” müsabiqəsinin keçirilməsində də yaxından iştirak edir. Müsabiqədə qalib gəlmiş şagirdlərin ABŞ-da keçirilən İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirakı Respublika Komitəsinin vəsaiti hesabına təmin edilir. Həmçinin həmkarlar ittifaqı üzvü olan təhsil işçilərinin övladlarının yay tətilinin səmərəli təşkili məqsədilə respublikanın müxtəlif bölgələrində düşərgələr təşkil olunur.

Gənclərin əmək fəaliyyətinin stimullaşdırılması məqsədilə artıq bir neçə ildir ki, həmkarlar ittifaqı üzvü olan gənclər arasında “İlin peşəkar gənci” müsabiqəsi keçirilir. Bu müsabiqədə də yüzlərlə gənc iştirak edir və qaliblər mükafatlandırılır.

Respublika Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı və Silahlı Qüvvələr Günü ərəfəsində Füzuli, Beyləqan, Qusar bölgələrində yerləşən “N” saylı hərbi hissələrin əsgər və zabitləri ilə gənclərin görüşləri təşkil edilir, onlara bayram sovqatları və geniş konsert proqramı təqdim olunur.

Sadaladığım tədbirlər gənclər sahəsində həyata keçirdiyimiz tədbirlərin bir hissəsini əhatə edir. Bizim bu tədbirləri təşkil etməkdə başlıca məqsədimiz gənclərin asudə vaxtının səmərəli keçirilməsini, onların zərərli vərdişlərdən uzaq olmasını təmin etmək, gənclərdə elmə, təhsilə maraq yaratmaqdır.

Yeni Azərbaycan Partiyası Gənclər Şurasının sədri Seymur Orucov çıxış edərək gənc nəslin layiqli vətəndaş kimi formalaşmasında dövlətimizin həyata keçirdiyi tədbirlərdən danışdı. Dedi ki, gənclər siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra respublikamız həm Qarabağ müharibəsi ilə əlaqədar yaranmış gərgin vəziyyət, eyni zamanda bir çox siyasi, iqtisadi və ictimai çətinliklə üzləşmişdi.

Qarşıda gənclərimizi yaranmış çətin sınaqlardan və keçid dövrünün mənfi təsirlərindən qorumaq, onlarda milli vətənpərvərlik hissini formalaşdırmaq kimi mühüm vəzifələr dururdu. Məhz Ulu Öndərin qətiyyətli mövqeyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan gəncliyi özünün inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin ümumrespublika forumları keçirildi, gənclərlə bağlı dövlət proqramları qəbul edildi. Ümummilli Liderin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq 1996-cı ildə MDB ölkələrində və Şərqi Avropada ilk dəfə olaraq 2 fevral tarixi Azərbaycan Gəncləri Günü kimi təsdiq olundu və qeyd edilməyə başlandı.

Bu gün Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün ardıcıl iş aparılır. Azərbaycanda gənclər siyasəti geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verir, ölkəmizin qüdrətli dövlətə çevrilməsi prosesini stimullaşdırır.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənc-lərin imkanlarını genişləndirir.

Dövlət başçısı gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan səmərəli istifadə edir. Son illərdə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. Təsadüfi deyildir ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edilib. Son illər qəbul olunmuş dövlət proqramlarının əksəriyyətində də gənclərlə bağlı mühüm qərarlar öz əksini tapmışdır.

S.Orucov dövlətimizin qayğısından bəhrələnən gənclərimizin ölkənin iqtisadi, sosial həyatında, eləcə də beynəlxalq miqyasda qazandıqları uğurlar barədə məlumat verib.

İki dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş polkovnik Şair Ramaldanov gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdən danışdı. Bildirdi ki, Azərbaycan gəncinin hərbi-vətənpərvərlik ruhu yüksəkdir. Onlar istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə hazırdırlar.

Tədbirdə ali məktəb tələbələrinin də çıxışları dinlənildi. Sonra AHİK-in şöbə müdiri Namiq Hüseynovun və TİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadənin moderatorluqları ilə debatlar və diskussiyalar aparılıb.

Tədbir əyləncəli proqramla başa çatıb.

Tahir Abbaslı

0.13117909431458