Azərbaycan dünyaya tolerantlıq və multikulturalizm nümunəsi göstərir

Azərbaycan dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı əməkdaşlıq məkanına uğurla inteqrasiya edən bir dövlətdir

Son dövürlərdə müasir dünyamızda baş verən qlobal hadisələr, bəşər sivilizasiyasının ciddi təhdidlər qarşısında olduğunu bir daha təsdiq etdi. Bu vəziyyətdən çıxış yolu axtaran bir çox alimlər, siyasət və din xadimləri belə bir qənaətə gəlirlər ki, bəşəriyyətin bu təhdidlərdən qorunmasının əsas yolu qarşılıqlı əməkdaşlıq və dialoqdan keçir.

Buna nail olmaq üçün isə dinlər və millətlər, eləcə də dövlətlər arasında dözümlülüyə və harmoniyaya nail olmaq ən vacib şərtlərdən biridir. Bu baxımdan, müasir, müstəqil  Azərbaycan dövlətinin dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətindəki fəaliyyəti bir çoxları üçün nümunə ola bilər. Tarixən bir çox xalqların və dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma və dözümlülük şəraitində yaşadığı Azərbaycan, məhz bu xüsusiyyətinə görə, bu gün də müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair mühüm tədbirlərin keçirildiyi məkana çevrilib. Bu da ölkəmizin həm coğrafi, həm tarixi, həm də mədəni əlaqələr baxımından əlverişli regionda yerləşməsindən irəli gəlir. Məlumdur ki,  Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri ta qədim zamanlardan bəri bir ailə kimi yaşayırlar. Prezident İlham Əliyev də, bütün mötəbər tədbirlərdə çıxışı zamanı qeyd edir ki, ölkəmizdə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması tarixi faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir: "Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir". Bu fikirlər Prezident İlham Əliyevin multikultural və tolerant dəyərlərə verdiyi ciddi önəmi özündə əks etdirir. Məhz dövlət başçımızın bu mövqeyə görə, çox zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda, mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı əməkdaşlıq məkanına uğurla inteqrasiya edən, eyni zamanda özünün bu sahədəki zəngin təcrübəsini dünya ictimaiyyətinə təqdim edən bir dövlətə çevrilib. 

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin mədəniyyətlərarası münasibətlər sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi böyük dəstək nəticəsində, bu gün ölkəmiz dünyanın ən böyük mədəniyyət mərkəzlərindən biri kimi tanınır. Buna misal olaraq Prezident İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli Sərəncamını göstərmək olar. Bu Sərəncama uyğun olaraq elə həmin ilin dekabr ayının 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilib. Prezident İlham Əliyevin bu konfransdakı çıxışı zamanı irəli sürdüyü təkliflər və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini daha da artırıb. Konfransda həmçinin sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyulub və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrilib. Həmin tədbirdə çıxış edən dövlət başçımız deyib: "Mən çox istərdim ki, bu gün əsası qoyulan "Bakı prosesi" uzunmüddətli olsun. Bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, fəaliyyət planı hazırlansın. Belə tədbirlərin həm Bakıda, həm də digər şəhərlərdə keçirilməsi ənənəyə çevrilsin".

Tədbirdə çıxış edən Avropa Şurasının ovaxtki baş katibi Teri Devis də konfransın keçirilməsinin bütün Avropa üçün əlamətdar hadisə olduğunu qeyd edərək deyib: "Bakı öz coğrafi mövqeyi ilə müxtəlif mədəniyyətlərin qovşağında yerləşir və Şərqlə Qərb, Şimal ilə Cənub arasında təbii körpüdür".

Məlumdur ki, Azərbaycan dövlətinin bu kimi tədbirlərə ev sahibliyi etməsində əsas məqsəd ölkəmizin Avropa Şurasına və İSESKO-ya üzv dövlət olmaq imkanından bəhrələnərək, Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü - vasitəçi rolunu oynamaqla yanaşı, fərqli mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edən "Bakı prosesi"nin əsasını qoymaq və bu fəaliyyətlərin mərkəzində duran ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirməkdir.

Daha sonra- 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin toplantısı keçirildi və çox maraqlıdır ki, bu tədbirə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri də dəvət olundu. Ölkəmizin timsalında dünya şahid oldu ki, bu kiçik müsəlman dövləti, əslində, böyük dövlətlərə multikulturalizm və tolerantlığın bəşəriyyət üçün nə dərəcədə vacib olduğunu sübut etdi və eyni zamanda, dinlərin və millətlərin bir məkanda harmoniyada mövcudluqlarının mümkünlüyü ideyasını təkcə, sözdə deyil, həm də əməli işlə sübut etdi.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin dəstəyi ilə 2011-ci ilin aprelində Bakıda "Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"nun (World Forum for Intercultural Dialogue) keçirilməsi təşəbbüsü irəli sürüldü. Bu Forumun ölkəmizdə keçirilməsinin  İslam və Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğində, ölkəmizin nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artmasında, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasında, həmçinin, ölkəmizin dünya mədəniyyətinə inteqrasiyasında mühüm rolu oldu.

Məlumdur ki, 2013-cü ilin mart ayında "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forumun əsas tərəfdaşları qismində isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış edib.

Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" da insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına çox ciddi töhfələr verdi. Milli Fəaliyyət Planında milli azlıqların mədəni irsinin inkişafı, Azərbaycan hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulurdu.

Sərəncamın imzalanmasından bir neçə ay sonra ölkəmizin Şimal bölgəsinə səfəri zamanı Prezident İlham Əliyev Azərbaycanda bütün xalqların tarixən və indi də bərabərhüquqlu yaşamasının böyük dəyər və dövlətimizin əsas prioritetlərindən olduğunu bir daha bəyan etdi. Prezident vurğuladı ki, heç vaxt, heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək, verilmir və bunun qarantı Azərbaycan prezidentidir: "Bunun qarantı mənəm - Azərbaycan prezidenti. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bizim ən böyük sərvətimizdir..." 

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bu siyasətin ardıcıl aparıldığını təsdiqləyən faktlardan biri də, 2014-cü il 28 fevral tarixində Prezident Sərəncamı ilə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin yaradılmasıdır. Bunu da dövlət başçımızın dinlər, millətlər və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlik tədbirlərin davamı kimi qiymətləndirmək lazımdır.

 2014-cü il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən IV Bakı Beynəlxalq Humanitar Forum da bir daha təsdiqlədi ki, multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi, Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq baxımından da, beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Bütün bunlar onu deməyə əsas verir ki, bir çox Qərb dövlətlərində bəşəri birgəyaşayışa etimadsızlıq mühitinin formalaşdığı bir zamanda Azərbaycan dünyaya tolerantlıq nümunəsi göstərir, multikulturalizmin bir həyat tərzi və dövlət siyasəti olduğunu nümayiş etdirir.

Bu gün müxtəlif din və mədəniyyətlərin daşıyıcıları Azərbaycanda sabit şəraitdə, qarşılıqlı anlaşma və qardaşlıq mühitində bir-birinə hörmət etməklə yaşayırlar. Bu da, müxtəlif mədəniyyətlərin qovuşmasının deyil, toqquşmasının arzusunda olanlara Azərbaycan xalqının ən tutarlı və unikal cavabıdır. Prezident İlham Əliyevin IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi: "Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər, multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir".

2015-ci il mayın 18-19-da "Bakı prosesi" çərçivəsində paytaxtımız yenidən Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Forumda bir daha sübut olundu ki, "Bakı prosesi" ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə, Azərbaycanın multikultural resurslarının, tarixən malik olduğumuz mehriban birgəyaşayış ənənələrinin beynəlxalq səviyyədə model kimi istifadə olunması və ölkəmizin belə məsələlərdə interkultual körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının

Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi

Fondunun maliyyə

dəstəyi ilə çap olunub

0.10652494430542