İsmayıllıda fəhlə işlədiyi evi soydu - FOTO

 

 

İsmayıllı rayon sakini polisə müraciət edərək, yaşadığı evdən özünün olmadığı müddətdə oğurluq olması barədə məlumat verib. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş müraciətlə əlaqədar hadisə yerinə baxış keçirib.

Zərərçəkmişə məxsus evdən ümumi dəyəri 1400 manat olan iki ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı və az məbləğdə pulun oğurlandığı müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin əvvəllər həmin evdə fəhlə olaraq işləyən İsmayıllı rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 37 yaşlı Elçin Ağayev olduğu müəyyən olunub və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. 

Dindirilmə zamanı E.Ağayev törətdiyi əməli etiraf edərək oğurladığı qızıl-zinət əşyalarını Bərdə və Qəbələ rayonlarında qızıl alqı-satqı məntəqələrinə satdığını bildirib. Oğurlanmış qızılların bəziləri həmin məntəqələrdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, E.Ağayevin digər cinayət əməllərində iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

 

0.1249840259552