Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi üçün çalışır

Prezident İlham Əliyev:"Tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur"

Azərbaycanın dün-ya miqqasında tanınan siyasətçisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanda tolerantlıq mühitinin formalaşmasında digər dinlərin və xalqların xidmətlərini də heç zaman nəzərdən qaçırmayıb və bunu həmişə yüksək dəyərləndirib.

Ulu Öndər xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün geniş hüquqi bazanın yaradılmasını da daim dqqətdə saxlayıb. Məhz bunun nəticəsidir ki, vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, daha geniş formada isə "Dini etiqad azadlığı haqqında" Qanunda öz əksini tapıb. Konstitusiyamızın 48-ci maddəsində qeyd olunur ki, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bunlardan əlavə, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb.

Ümummilli Lider Heydər Əliyev 2001-ci ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalayıb. Bununla yanaşı, ölkəmiz həm də regionda 16 noyabr tarixini Beynəlxalq tolerantlıq günü kimi qeyd edən yeganə dövlətdir.

Hazırda ölkəmizdə təkcə məscid, kilsə və sinaqoqlar deyil, eyni zamanda, bir çox xristian, yəhudi dini tədris müəssisələri də sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi maddi və mənəvi dəstək verilir. Bu dəstəyin nəticəsidir ki, bütün dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənir və proses bu gün də davam edir. Bu prosesin müsbət cəhətlərindən biri də odur ki,  Azərbaycanda müxtəlif dini konfessiyalar ibadət evlərinin tikintisinə və bərpasına, eləcə də fərqli dini icmaların fəaliyyətinin inkişaf etdirilməsinə maddi və mənəvi dəstək verir, ianələr toplayır ki, bu da tarixi keçmişimizdən qalan mütərəqqi ənənələrdən biridir.

Multikulturalizmin və tolerantlığın Azərbaycan xalqının milli xüsusiyyətlərindən və genetikasından irəli gələn keyfiyyət olduğu, artıq bütün dünyanın qəbul etdiyi və məmnunluq duyduğu bir reallıqdır.

Məlumdur ki, Azərbaycan hökumətinin dövlət-din siyasətinin prioritet istiqamətlərindən biri də, məhz tolerantlığın və multikulturalizmin qorunub inkişaf etdirilməsidır. Xalqımızın genetik yaddaşında minilliklər boyu formalaşan tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətin tolerantlıq prinsiplərinə

yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm də bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, eləcə də milli qanunvericiliyin mahiyyətində açıq görmək olar.

Bu da bəlli həqiqətdir ki, Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edir. Ölkəmizdə yaşayan müsəlmanların təxminən 60- 65 faizi şiə, 35-40 faizi isə sünni məzhəbinə aiddir. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunub. Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır. Ölkənin xristian əhalisi əsasən Bakı, Sumqayıt, Gəncə şəhərlərində məskunlaşıb. Qax rayonunda (gürcü pravoslavlar), İsmayıllı, Gədəbəy, Qobustanda (molokanlar), Qəbələdə (Nic qəsəbəsində ) və Oğuz şəhərində (alban-udilər) yaşayırlar. Katoliklər və lüteranlar isə daha çox Bakı şəhərini özlərinə məskən seçiblər.

Bir vaxtlar ölkəmizi Şəmkir və Göygöl rayonlarında kompakt halda yaşayan alman-lüteranlar isə II Dünya müharibəsi dövründə Sovet hökumətinin xüsusi qərarı ilə  Orta Asiyaya deportasiya olunublar. Digər protestant təriqətlərə mənsub şəxslərin sayı isə cəmi bir neçə min nəfərdir. Bunlar əsasən adventistlər, baptistlər, əllincilər, Yehovanın şahidləri və digərləridir. Onlar da əsasən Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə yaşayırlar.

Azərbaycan dövlətinin din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulub. Bu siyasət həm də beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar arasında çox qədim zamanlardan formalaşmış tolerant münasibət mövcuddur. Bu münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və zərurət yarandıqda bir-birinə dəstək prinsiplərini özündə birləşdirir.

Bu da məlum həqiqətdir ki, Azərbaycanda təkcə səmavi dinlər yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst ibadət etmək, əqidələrini yaymaq imkanı yaradılıb.

Bu gün Azərbaycan dövləti "tolerant ölkədən tolerant dünyaya doğru" şüarının reallaşdırılmasını özünün əsas hədəfi kimi müəyyən edib. Buna tarixi-mənəvi haqqı olması, həm beynəlxalq nüfuzu, həm də gələcəyə yönəlik planları nöqteyi-nəzərindən Azərbaycanın qarşısına belə bir məqsəd qoyması təbii və zəruri prosesdir.

Bu prosesin uğurla həyata keçirilməsi məqsədi ilə Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi üçün çalışır və bu istiqamətdə bir çox sanballı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar həyata keçirib ki, onların da müsbət nəticələri göz qabağındadır. Bu gün fəxrlə deyə bilərik ki, beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə daha tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi.

Azərbaycan dövləti tolerantlıq və multikulturalizm sahəsində əldə etdiyi təcrübəni yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə bir çox nüfuzlu təşkilatlarla, o cümlədən BMT, UNESCO, İSESCO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir.

Bu əməkdaşlığın müsbət nəticələrindən biri də odur ki, həmin təşkilatlar ölkəmizdə mövcud olan multikultural və tolerant mühitin təbliğində ölkəmizə dəstək olurlar. Din sahəsində aparılan dövlət siyasətinin, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin beynəlxalq aləmdə təbliğ edilməsi, eləcə də ölkəmizin tolerantlıq təcrübəsinin yayılması baxımından əhəmiyyətli tədbirlərdən biri də 2010-cu ildə keçirilən Dünya Dini Liderlərinin Bakı Sammitidir.

 Burada onu da qeyd etmək vacibdir ki, Dünya Dini Liderlərinin 2-ci Sammiti də, bu ilin noyabr ayında  ölkəmizin paytaxtı Bakıda keçiriləcək.

Bu da təqdir olunacaq haldır ki, Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin təşəbbüsü ilə həyata keçirilən Sammitin maliyyələşdirilməsini Azərbaycan hökuməti öz üzərinə götürüb. Sammitdə dünyanın nüfuzlu dini mərkəzlərinin nümayəndələri, o cümlədən Rus Pravoslav, Gürcü Pravoslav, Erməni Qriqorian kilsələrinin rəhbərləri, Vatikanın, Konstantinopol Patriaxlığının, İslam dünyasının nüfuzlu din xadimləri iştirak ediblər.

Azərbaycanın təşkilatçı kimi ev sahibliyi etdiyi mötəbər tədbirlərdən biri də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Beynəlxalq aləmdə Bakı prosesi kimi təqdim və qəbul edilən bu Forum dünyada mütəmadi keçirilən mötəbər tədbirlərdən biridir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata vəsiqə alıb.

 Dunyada multikulturalizmin və tolerantlığın təbliği istiqamətində geniş fəaliyyət planı həyata keçirən Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlər, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Bu baxımdan, 2017-ci il dekabrın 21-22-də Bakıda "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda keçirilən beynəlxalq konfrans mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin sərəncamı ilə elan olunan "İslam Həmrəyliyi İli"nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. Konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib:"Hazırda Qərbdə tolerantlıq ənənələrinin təbliğini və yayılmasını əhəmiyyətsiz hesab edənlər də var. Lakin tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Bu gün Azərbaycanı və azərbaycanlıları fərqləndirən xüsusiyyət də, məhz budur".

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.080682039260864