Yayda pomidor niyə bahadır?

Respublikamızda ən yaxşı halda təlabatın yarısı qədər bostan-tərəvəz məhsulları istehsal edilir

Ötən həftə baş nazirin müavini Əli Əhmədovun "Yaşıl bazar"da keçirdiyi monitorinq cəmiyyətdə müxtəlif sualların yaranmasına səbəb oldu. Bu bazar gəzintisinin ölkə televiziyası ilə yayımlanması cəmiyyətin böyük bir hissəsinin ciddi reaksiyasına gətirib çıxardı. Çünki fermerlər də pomidoru məhz, Əli Əhmədovun dilə gətirdiyi qiymətə satmağı arzulayar, amma buna nail ola bilmirlər. Nə üçün?

Qeyd etmək lazımdır ki, Bakının elitar bazarlarındakı qiymətlər heç də bütün bazarlara şamil deyil. Ona görə də cəmiyyətin məhdud bir seqmentinin alver etdiyi bazarla hökumətin təşkil etdiyi yarmarkaların müqayisə edilməsi real yanaşma olmadığından, gəlinən nəticə də həqiqəti əks etdirmir.

Əvvala ordan başlamaq istərdik ki, baş nazirin müavini və ya başqa bir dövlət məmurunun bazara gedərək hər hansı bir məhsulun qiymətinin baha olmasına etiraz etməsi və məhsulun qiymətinin endirilməsi tələbini qoyması düzgün yanaşma deyil. Çünki mövcud hökumət rəsmən elan edib ki, artıq ölkəmizdə bazar iqtisadiyyatı modelinə keçid dövrü bitib, iqtisadiyyatımız bazar iqtisadiyyatı modeli əsasında formalaşıb və çalışır. Elə isə məlumdur ki, iqtisadiyyatı bazar iqtisadiyyatı modeli ilə çalışan ölkədə qiymətlər tələb və təklif əsasında formalaşır, hökumət və onun ayrı-ayrı üzvləri birbaşa bazar qiymətlərinə müdaxilə edə bilməz. Buradan nəticə çıxır ki, Azərbaycanda bazar iqtisadiyyatı hakimdirsə, baş nazirin birinci müavininin qiymətlərə iradı qanunauyğun deyil. Yox, əgər nazir müavininin iradları hökumət tərəfindən məqbul sayılırsa və bunun əsasında inzibati müdaxilə tədbirləri nəzərdə tutulursa, deməli ölkədə bazar iqtisadiyyatı mövcud deyil. Bu da, məsələnin digər tərəfi.

Hökumət bazar iqtisadiyyatının tələbləri çərçivəsində bazarda ucuzluq yaratmaq niyyətindədirsə, bu gün bir çox dünya ölkələrinin maraqlı parlaq təcrübəsi var. Məsələn, hökumət kənd təsərrüfatına əsaslı investisiya qoyuluşu edə bilər, fermerlərə faizsiz kreditlər verə bilər, və s. Konkret olaraq, hökumət fermerin mənfəətini özü ödəməlidir ki, onun yeganə hədəfi daha çox və da keyfiyyətli məhsul istehsal etmək olsun. Başqa sözlə desək, kəndlinin yeganə vəzifəsi və qayğısı ölkəni kənd təsərrüfatı məhsulları ilə təmin etmək olmalıdır. Bu tədbirlərlə ölkədə kənd təsərrüfatı məhsullarının bolluğu yarandıqdan sonra kəndlinin birbaşa bazara çıxışını təmin edilməsi üsulları barədə düşünmək gərəkdir.

O ki qaldı, hökumətin təşkil etdiyi kənd təsərrüfatı yarmarkalarına, onlar hal-hazırda görüntü xarakteri daşıyır. Yəni, o yarmarkalarda fermerlərin birbaşa iştirakı heç on faiz də təmin edilməyib. Bu yarmarkalarda, əsasən Bakının bazarlarından alınaraq gətirilən məhsullar satılır. Ona görə də baş nazirin birinci müavini öz monitorinqinin ssenarisini bu yarmarkalardakı qiymətləri paytaxtın adi bazarlarındakı qiymətlərlə deyil, məhdud sayda olan, şəhərin varlı təbəqəsinin getdiyi bazarlardakı qiymətlərlə müqayisə edir. Məsələn, Bakının "Təzə bazar", "Yaşıl bazar", "Nəsimi bazarı" və "Pasaj bazarı" şəhər elitasının getdiyi bazarlardır və burada qiymətlər adi bazarlardan 2-3 dəfə bahadır. Cənab Əhmədov təşkil etdikləri yarmarkaları səmərəli tədbir kimi cəmiyyətə sırımaq üçün, məhz onları bu cür elitar bazarlardakı qiymətlərlə müqayisə edir. Əslində isə sözügedən yarmarkalardakı qiymiətlər adi bazarlardan heç nə ilə fərqlənmir, keyfiyyət isə daha aşağıdır.

Sonda onu qeyd edək ki, respublikamızda kənd təsərrüfatı mövsümündə qiymətlərin baha olmasının əsas səbəbi tələbin təklifdən azı iki dəfə çox olmasıdır. Bu o deməkdir ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı yerli tələbatın yarısını da ödəmir.

İkincisi, paytaxt və digər böyük şəhərlərin bazarları inhisarlaşdığından fermerlərin birbaşa bazara çıxış imkanları çox məhduddur. Bazara mal gətirən fermerdən malı inhisarçılar elə qiymətə alır ki, o kəndə zərərlə qayıdır. Ona görə də fermerlər məhsulunu bostanda ucuz qiymətə satmaq məcburiyyətində qalır ki, bu da kəndlinin ili zərərlə başa vurmasına gətirib çıxarır.

Hesab edirik ki, hökumət saxta yarmarkalar təşkil etməkdənsə, ölkədə bol məhsul istehsal edilməsini stimullaşdırmalı və böyük şəhərlərin bazarlarını fermerlərin üzünə açmalıdır, bütün maneələr dəf olunmalıdır.

Akif Nəsirli

0.10166692733765