Etnik və dini müxtəliflik ölkəmizin milli sərvətidir

Mark Şnayner: "Azərbaycanın dini sahədə gördüyü işlər Amerikada yüksək qiymətləndirilir"

Qloballaşan dün-yamızda baş verən ictimai-siyasi proseslər heç şübhəsiz ki, dinlər və millətlərarası münasibətlərə də ciddi təsir edir. Bu gün yaxın Şərqdə baş verən qarşıdurmalar, Avropada böyük narahatlıqlara səbəb olan miqrasiya və miqrant problemləri də, dinlər və millətlərarası münasibətlərin düzgün tənzim olunmaması səbəbindən meydana gəlir.

Yaxın Şərqdə baş verənlər sırf dini zəmində ortaya çıxırsa, Avropada yaranan problemlərin əsas səbəbi milli dözümsüzlükdən qaynaqlanır. Bir vaxtlar özlərini dünyaya demokratiya carçıları kimi təqdim edən Qərb dövlətləri, bu gün multikulturalizmin iflasa uğradığını iddia edirsə, deməli, burada dini və milli münasibətlərin tənzimlənməsində ciddi problemlər var. Bu problemlərdən çıxış yolu, bütün hallarda yenə də multikulturalizmdən, qarşılıqlı əməkdaşlıqdan və dialoqdan keçir.

Bu gün dünyanın bir çox sivil cəmiyyətlərində birmənalı olaraq qəbul olunur ki, əgər biz bəşəriyyətin mövcudluğunu qorumaq istəyiriksə, multikulturalizmi və tolerantlığı təbliğ və təşviq etməli, onun ən mükəmməl formalarının tapılması üçün çalışmalıyıq.

Məlumdur ki, dünyada multikulturalizmin bir çox modelləri movcuddur. O cümlədən də nisbətən cavan müstəqil dövlət olan Azərbaycanın multikulturalizm modeli artıq bir çoxları tərəfindən nümunə kimi qəbul olunur.

Ölkəmizdə milli, dini və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ta qədim zamanlardan müxtəlif dinlərin və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadıqları bir məkan olaraq Azərbaycan həmişə öz tolerantlığı və başqalarına qarşı dözümlülüyü ilə seçilən bir dövlət olaraq tanınıb. Bu səbəbdən də ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri hər zaman yüksək səviyyədə qorunur və inkişaf etdirilir.

Müstəqillik əldə etdikdən sonra isə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir və onun inkişafına boyük önəm verilir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev də ölkəmizdə mövcud olan etnik və dini müxtəlifliyi ölkəmizin milli sərvəti kimi dəyərləndirib. Heç şübhəsiz ki, burada siyasi iradə böyük önəm daşıyır. Azərbaycanda dövlət-din münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub və hal-hazırda Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyev həm də dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair "Bakı prosesi"nin müəllifidir. Ölkəmizdə yaradılan nümunəvi dövlət-din münasibətlərinin nəticəsidir ki, Azərbaycan artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən, Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib.

Dövlət başçımızın qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Onu da qeyd etmək vacibdir ki, tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təbliğində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın milli və bəşəri dəyərlərə dünya miqyasında ali himayəsi, bütün sivil cəmiyyətlər tərəfindən yüksək dəyərləndirilir.

İslam dininə görə, müxtəlif mədəniyyətlərin bir arada olması Rəbbimizin istəyidir və biz, bu həqiqəti insanlara çatdırmağa çalışmalıyıq. Allah-Təala müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur: "Biz sizi bir kişi və bir qadından yaratdıq, sonra bir-birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Allahın nəzərində ən üstün olanınız Onun buyurduqlarına əməl edənlərdir" (Hucurat, 13) .

Deməli, Rəbbimizin lütfü olan bu müxtəliflik bizim parçalanmağımıza deyil, bir-birimizi daha yaxşı dərk etməyimizə və o bir olan Yaradanımıza həmd-sənamıza xidmət etməlidir.

Multikulturalizmin dövlət səviyyəsində dəstəkləndiyi müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə- məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin mövcud olduğu nümunəvi bir dövlətdir. Ölkəmiz müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də yüksək səviyyədə davam etdirir.

Bu da danılmaz həqiqətdir ki, Allahın yaratdığı ən böyük dəyər insan həyatıdır və onun xilası üçün müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramı ən mühüm şərtlərdən biridir. Bununla belə, çox böyük təəssüflə qeyd etməliyik ki, hazırda dünyamızda humanitar fəlakətlər, insan qırğını, miqrant böhranı kimi hallar günü-gündən artmaqdadır və bu, bütün bəşəriyyəti narahat edir. Belə fəlakətlərdən biri ilə üzləşən, 20 faiz torpağı erməni ekstremistləri tərəfindən işgal olunan, bir milyondan çox soydaşı qaçqın-məcburi köçkün taleyi yaşamağa məcbur olan, Xocalı soyqırımına məruz qalan Azərbaycan xalqı ən ağrılı problemimiz olan Qarabağ münaqişəsinin müharibə yolu ilə deyil, beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır və bunun üçün çalışır.

Hazırda bütün problemlərin fövqündə duran sülhün qorunması məsələsinin həllində, habelə terrorizm, islamofobiya, antisemitizm, ekstremizm və radikalizmin önlənməsində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığı ən vacib şərtlərdən biridir. Yaddan çıxarmaq olmaz ki, konfessiyalararası anlaşma, dinlərarası dialoq, müxtəlif din xadimlərinin əməkdaşlığı - milyonlarla insan üçün ən gözəl örnək ola bilər.

Bu gün ölkəmizdə böyük nüfuza malik olan Qafqaz Müsəlmanları İldarəsi, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məzhəbindən asılı olmayaraq bölgə müsəlmanlarının birliyinə və həmrəyliyinə nail olmaq üçün əməkdaşlığın və dialoqun bütün formalarından istifadə edir və dinlərarası dialoq sahəsində malik olduğu təcrübəni, məhz bu istiqamətdə inkişaf etdirir. Təqdirəlayiq haldır ki, QMİ nəzdində yaradılan Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin fəaliyyəti də, məhz bu məqsədə xidmət edir.

Qafqaz Müsəlmanları İldarəsi, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində də mühüm işlər görür, tədbirlər keçirir. Belə tədbirlərin birinə qatılan Azərbaycan xalqının dostu, Azərbaycan həqiqətlərini, Qarabağ reallıqlarını dünya müstəvisində yayan, təbliğ edən ABŞ-ın Etnik Anlaşma Fondunun rəhbəri Mark Şnayer, həm də QMİ nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin fəal üzvü, Himayədarlar Şurasının tərkibində təmsil olunan mötəbər şəxslərdən biridir.

Onun ölkəmizə səfəri, Azərbaycanda mövcud olan multikultural mühitin, eləcə də Azərbaycan həqiqətlərinin Amerikada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycan Amerikada yəhudi icması tərəfindən ən çox sevilən və hörmət olunan müsəlman ölkəsidir”,- deyən ravvin Mark Şnayner qeyd edir ki, Azərbaycanla bağlı fəaliyyətlərini genişləndirərək bura xristian icmalarını da əlavə etmək istəyirlər: "Yevangelistlərin rəhbərini bu gün "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilən konfransa dəvət etdik ki, Azərbaycanda görülən işləri təkcə yəhudilər deyil, onlar da görsünlər. Azərbaycanın dini sahədə gördüyü işlər Amerikada yüksək qiymətləndirilir. Bu, bizim gördüyümüz işlərin tərkib hissədir. Biz istəyirik ki, Amerikada yaşayan xristianlar da Azərbaycanın tolerantlıq nümunəsi, bu sahədə görülən işlərlə bağlı səslərini ucaltsınlar. Biz bu sahədə işlərimizi davam etdirəcəyik və Azərbaycan həqiqətləri gec-tez öz yerini tapacaq".

Qeyd etmək lazımdır ki, ravvin Mark Şnaynerin rəhbəri olduğu təşkilat ölkəmizdə mövcud olan reallıqların təbliği baxımından çox böyük işlər görür.

Ölkəmizdə multikulturalizm və tolerantlıq mühitinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə də dövlət tərəfindən daim dəstək verilir.

Çünki Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsi ölkəmizin daxili siyasətinin tərkib hissələrindən biridir. Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi baxır və onun qorunmasına tam təminat verir. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsi, həm də ölkə qanunvericiliyində öz əksini tapıb.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasına nümunə kimi, milli etiqad azadlığı ilə yanaşı, bütün din və məzhəblərin qanun qarşısında bərabər olmaları da xüsusi qeyd olunmalıdır. Məlumdur ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Buna baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir. Dövlət-din münasibətlərinə dair daha bir nailiyyət ondan ibarətdir ki, dövlət bütün dini qurumların hər birinə lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Son dövrlərdə Bakıda və regionda çoxsaylı rus pravoslav, gürcü pravoslav, alban-udi kilsə və məbədləri, yəhudi sinaqoqları əsaslı təmir edilib və dindarların istifadəsinə verilib.

Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən bütün dini qurumlara həm mənəvi, həm də maddi yardım göstərir. Bu da çox təqdirəlayiq haldır ki, bütün Cənubi Qafqaz regionunda ilk dəfə olaraq 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü Azərbaycanda qeyd olunub. Dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində görülən işlərin nəticəsidir ki, Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə təmin edilib, bütün dini məzhəblərin qanun qarşısında bərabərliyi təmin olunub, bütün dini qurumlar heç bir fərq qoyulmadan dövlət tərəfindən dəstək alır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.087905883789062