Ekspert: İvanişvili komandasını parlament seçkilərində çətin mübarizə gözləyir - MÜSAHİBƏ

 

 

Siyasi məsləhətçi Gela Vasadzenin paralel.az-a müsahibəsi:

- Gürcüstanda ölkənin Baş nazirinin dəyişməsi gözlənilir. Bunu doğuran səbəblər nədir?

- Bu, gözlənilən və hətta elan olunmuş hadisə idi. Bu barədə söhbətlər çoxdan gedir. Cəmi bir məsələ sual altındadır: Mamuka Baxtadzeni hökumət başçısı vəzifəsində kim əvəz edəcək?! Gürcüstanın Daxili İşlər naziri Georgi Qaxariya və Regional İnkişaf və İnfrastruktur naziri Maya Skitişvili ən çox ehtimal olunan namizədlərdən idi. Hazırda isə Qaxariyanın üzərində dayanıldığı məlumdur.

Bu, siyasi prosesdir, çünki bir il öncə Bidzina İvanişvili böyük siyasətə qayıtdıqdan sonra Gürcüstan hökumətinə Mamuka Baxtadze başçılıq etməyə başlayıb. O, sözəbaxan, lakin çox zəif Baş nazir olub. Parlament seçkiləri yaxınlaşdıqca məlum olur ki, belə hökumət başçısı ilə İvanişvilinin hakimiyyətdə qalma şansı çox azdır. Lakin o, siyasətlə məşğul olmaq fikrində qətidir. İvanişvili cəmiyyət və müxalifətə hakimiyyətdə qalmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

- Yeri gəlmişkən, Gürcüstanda keçiriləcək 2020-ci il parlament seçkiləri ilə bağlı proqnozlarınız nədən ibarətdir?

- Çox sərt mübarizə olacaq. Gürcüstanın ən böyük banklarından biri olan "TBC Bank"ın sahibi Mamuka Xazaradzenin elan etdiyi yeni siyasi qüvvənin yaranmasından çox şey asılıdır. O yaranarsa, İvanişvilini və onun komandasını çox çətin mübarizə gözləyir. Məhz bu mübarizəyə hazır olmaq üçün Baş nazir dəyişilir.

- Bir neçə ay öncə Tbilisidə mitinq keçirilib. Həmin mitinqdə Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun iştirak etdiyi deyilir. Bu, eks-prezidentin parlament seçkilərində iştirak edəcəyinə dair siqnal ola bilərmi?

- Bu gün Mixail Saakaşvili Gürcüstan vətəndaşı olmadığı üçün parlament seçkilərində iştirak edə bilməz. Onun başçılıq etdiyi "Vahid Milli Hərəkat" isə başqa məsələdir. Bu, imkan baxımından Gürcüstanın ikinci müxalifət qüvvəsidir və parlamentdə yer uğrunda mübarizəyə qoşulacaq.

- Bu günlərdə Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı və kompüter dəstəyi ilə "Eternity-2019" komanda-qərargah təlimləri keçirilir. Məlum olduğu kimi, bu, ilk üçtərəfli hərbi təlimlər deyil.

- Bu, plan təlimləridir. Düzgün qeyd etdiniz ki, üç ölkə arasında ilk dəfə keçirilmir. Bu təlimlər regional layihələrin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Belə layihələr isə az deyil.

Ümumiyyətlə, üçtərəfli münasibətlər formatı həm iqtisadi əməkdaşlığı, həm də təhlükəsizliyin təmin olunması üçün hərbi əməkdaşlığı nəzərdə tutur. Bu, yalnız ölkələrimiz üçün deyil, eləcə də Avropa İttifaqı, həmçinin Çin və Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətlidir.

- Azərbaycan və Gürcüstan birləşərək, irihəcmli regional layihələr reallaşdırır. Xəzər və Qara dəniz sahillərində yerləşən ölkələrimiz Avropa və Asiya ölkələrinə ticari-iqtisadi əməkdaşlıq və yükdaşıma sahəsinin inkişafı üçün imkan yaradır.

- Bunun üçün artıq münasib infrastruktur mövcuddur. Lakin bu məsələdə çox şey Mərkəzi Asiya ölkələrinin siyasi iradəsindən asılıdır. Bu ölkələr artıq indidən logistik yollardan istifadəyə, həmçinin Trans-Xəzər qaz kəmərinə maraq göstərirlər. Amma məlum olduğu kimi, İran və Rusiya kəmərin tikintisinə qarşı çıxıblar.

Burada da həll olunmalı işlər var. Məsələn, Cənub Qaz Dəhlizi layihəsinin ötürmə qabiliyyəti ilə bağlı məsələlər. Əslində, Azərbaycan və Gürcüstan Çin və Avropa, həmçinin Mərkəzi Asiya və Avropa arasında effektiv körpü olmaq üçün hər bir şəraitə malikdir.

Rasim Babayev

0.10794305801392