Televiziya tərbiyəedici olmalıdır

Müasir həyatın formalaşmasında televiziyanın rolu danılmazdır. Azərbaycan televiziyası da örnək ola biləcək mənalı yol keçib. Yəni sənətlə istedadın birgə qaynayıb- qarışdığı peşəkarlığın uğurlu xəritəsini çəkib desək, yanılmarıq.  Bu gün sosial şəbəkələr sürətli informasiya vasitəsi kimi, televiziyaları üstələsə də, televiziyaların cəmiyyətin həyatındakı rolunu və əhəmiyyətini azaltmayıb.

Vaxilə hər kəsin qibtə ilə boylandığı bu ecazkar məkan dolanışacaq yerindən daha çox könül mədədi sayılırdı. Bu məkan özünün professional öhdəliklərinə uyğun olaraq çeşidli xəbər daşıyan, maarifləndirən vasitə  olmasının fövqündə həm də, cəmiyyətin altsisteminə çevrilmiş toplumun  mənəvi dəyərlərini bölüşürdü.

Bu gün televiziyanın cəmiyyət qarşısındakı məsuliyyəti öz xəttdindən çıxıb və tamaşaçının dünyagörüşünün, etik-əxlaqi, mənəvi-estetik dəyərlər sisteminin, dünyaya pozitiv baxışların formalaşmasındakı rolu ölçüyəgəlməzdir. İnformasiyanın strateji məhsula çevrildiyi müasir cəmiyyətdə tamaşaçı televiziya ekranında gördüyünün total psixoloji təsirinə düşür və özünü “efir qəhrəmanı” ilə sanki dəyişik salır, öz hərəkət və yaşamını ona  uyğunlaşdırmağa çalışır. Bir sözlə, həyatın ssenarisi ilə, filmin ssenarisini dəyişik salır.

Hazırda Azərbaycanda 20-dən çox televiziya kanalları fəaliyyət göstərir. Bu kanalların təşkil etdiyi verilişlərin keyfiyyəti barədə daim tənqidi fikirlər söylənilib. Tənqidi fikirlərin çoxluq təşkil etməsi isə təsadüfü deyil. Çünki bütün sahələrdə olduğu kimi, ölkə tamaşaçılarının dünyanın ən inkişaf etmiş ölkələrinin telekanallarını seyr etmək imkanı genişdir. Müşahidələr təsdiq edir ki, ölkə telekanallarını seyr edən tamaşaçıların böyük əksəriyyətini verilişlərin forma və məzmunu qane etmir.

Araşdırmalar zamanı məlum olur ki, Azərbaycan televiziya kanallarında ən çox izlənilən xəbər proqramıdır. Digər ölkələrin xəbərlər proqramı ilə müqayisədə bəsitliyi ilə seçilən və  xəbərlərin əsasını təşkil edən süjetlərin ölkəyə aid deyil,  xarici xəbərlərdən ibarət olması tamaşaçı auditoriyasını lazımınca təmin etməsə belə, digər verilişlərin izlənmə kəmiyyətinə görə, xəbərlər proqramı ölkə daxilində daha çox seyrçi cəlb etməsilə fərqlənir.

Ölkə televiziyalarının fəaliyyətinin əsas məqsədi ilk növbədə insanların vətənpərvərlik hissinin təmin edilməsinə, cəmiyyətin mənəvi tərbiyəsinin formalaşmasına xidmət etməli və  yaxşı nə varsa, onları təbliğ etməkdən ibarət olmalıdır. Bu tələbləri dolğun şəkildə əhatə etmək məqsədilə teleaparıcıların seçilməsinə  xüsusi diqqət yetirilməlidir. Aparıcılar seçilərkən, onların şəxsiyyəti, istedadı, xarizması, savadı və diksiyası mütləq önə çəkilməlidir. Lakin gəlin görək, bu qaydalara əməl olunurmu?

Bu baxımdan ölkə televiziyaları arasında Az.TV digər kanallardan müsbət mənada xeyli fərqlənir. Xüsusən "Xəbərlər" proqramının aparıcıları müasir tələbləri ödəyir, tamaşaçının diqqətini cəlb etməyi daha yaxşı bacarırlar. Son zamanlar A. Alışanovun istismarından xilas olan Az.TV xeyli müsbət dəyişikliklərə nail olub. Digər televiziya kanalları ilə müqayisədə verilişlərin keyfiyyəti yüksəlib, forma və məzmunca müassirləşmə artan xətt üzrə inkişaf edir. Lakin qeyd etdiyimiz müsbət keyfiyyətlərlə yanaşı, dövlət televiziyalarında xeyli qüsurların olması tamaşaçıların haqlı tənqidi ilə üzləşir. Xüsusən siyasi diskussiyaların azlığı, yaxud bu diskussiyalara qoşulmaq istəyən bəzi nümayəndələrin, müxtəlif şəxslərin televiziyalara  buraxılmaması, əksinə, öz çıxışları ilə izləyicilərin rəğbətini heç cür qazana bilməyən eyni bəlağətli danışığa, çeynənmiş sözə, fikirə malik şərhçilərin ekranda tez-tez görünmələri həmin televiziyanın reputasiyasına zərbə vurur və bu məkanı baxımsız edir.

İzləyicilər arasında apardığımız sorğu əsasında müəyyən etmişik ki, Mübariz Əhmədoğlu, Elman Nəsirov, Aydın Mirzəzadə və digər şərhləri, rəyləri reallığı əks etdirməyən siyasi şərhçilərin ekranlara tez-tez buraxılması izləyicilərin ekrandan uzaqlaşmasına səbəb olur. Dövlətin əsas təbliğat ruporu sayılan Az.TV-nin belə pis duruma salınması yolverilməzdir.

Bu yazıda Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının hər birinin fəaliyyəti barədə ayrı-ayrılıqda təhlil aparmaq fikirindən uzağam. Lakin yekun olaraq vacib nüans kimi qeyd edim ki, televiziya kanallarımız həm müasir tələbləri təmin etmək, həm də tamaşaçıların zövqünü ödəmək baxımından çox geri qalır.

Bu isə, inkişaf etməkdə olan ölkə üçün çox böyük qüsurdur. Bu qüsurları doğuran səbəblər barədə  mövzular isə başqa silsilə yazıların materialıdır.

Şahnaz Salehqızı

0.12573599815369