Multikulturalizm əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur

Azərbaycan özünün xarici siyasət təşəbbüslərini dəyişən dünyaya uyğunlaşdıraraq həyata keçirir

Azərbaycanda və eləcə də dünyada multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsinə böyük önəm verən Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı qeyd edib ki, multikulturalizmin Azərbaycan nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur və bu yol Azərbaycanın dövlət siyasətində mühüm yer tutur.

Məlumdur ki, Qlobal Bakı Forumu gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biri kimi, artıq dünyada böyük nüfuz qazanıb.

Qlobal Bakı Forumunda qeyd olunub ki, bundan əvvəlki Forumdan keçən müddət ərzində dünyada bir çox müzakirəsi mühüm hadisələr, xüsusilə də ölkələrarası münasibətlərdə, dünyada təhlükəsizliyin təmin olunması və proqnozlaşdırılması ilə bağlı mühüm dəyişikliklər baş verib.

Bu Forumda 55 ölkədən 500-dən çox nümayəndənin iştirak etməsi onu deməyə əsas verir ki, bütün sivil cəmiyyətlərin dünyada baş verən qlobal hadisələrə və heç şübhəsiz,  Forumun fəaliyyətinə də marağı artıb. Forumun işində 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər və gənc liderlər iştirak edirlər. Forumun işində fəallıq göstərən bu intellektual potensial dünyada baş verən bütün prosesləri müzakirə etmək və doğru qərar çıxarmağa qadirdir və Forumun əhəmiyyətini özündə əks etdirir.

Forumun gündəliyində çox sayda beynəlxalq tədbirlərin, konfrans və seminarların keçirilməsi öz əksini tapıb. Lakin keyfiyyət iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə ölçülür. Bu baxımdan, Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var və burada müzakirə olunan məsələlərin beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcəyinə də, heç bir şübhə yoxdur.

Onu da qeyd etmək yerinə düşər ki, son illərdə Azərbaycanın xarici siyasətində elə də ciddi dəyişikliklər baş verməyib. Bununla belə, Azərbaycan regionda və dünyada baş verən dəyişiklikləri izləyir və özünün xarici siyasət təşəbbüslərini dəyişən dünyaya uyğunlaşdıraraq həyata keçirir. Bu da ölkəmizə əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasət yeritməyə imkan verir. Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti milli maraqlara əsaslanır. Qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Buna görə də Azərbaycan sonuncu Forumdan bəri xarici siyasət istiqamətləri ilə bağlı təşəbbüslərini davam etdirib, ənənəvi tərəfdaşlarla əlaqələri gücləndirib, yeni dostlar qazanmağı, yeni münasibətlər qurmağı bacarıb. Heç şübhəsiz ki, istənilən ölkə, o cümlədən Azərbaycan üçün qonşularla qarşılıqlı anlaşma və münasibətlərin qurulması əsas şərtdir. Bu baxımdan, sonuncu Forumdan bəri ölkəmizin bir çox dövlətlərlə əlaqələri möhkəmlənib, eyni zamanda  qonşularla qarşılıqlı maraqlara, hörmətə əsaslanan çox məhsuldar işçi münasibətlər yaranıb. Bu, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox özünü göstərir və qonşu ölkələrlə ənənəvi əlaqələrin güclənməsi regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Bununla belə Fonumda çıxış edən dövlətimizin başçısı, Prezident İlham Əliyev deyib: "Regional təhlükəsizlikdən söhbət açarkən, biz, əlbəttə ki, Ermənistanla Azərbaycan arasındakı münaqişədən danışmalıyıq. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərən ATƏT-in hesabatında öz əksini tapıb. Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn, əsas beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib və onlar Ermənistan tərəfindən yerinə yetirilmir. BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamə və qərarlar qəbul ediblər. Onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır və münaqişənin sülh yolu ilə həlli üçün hüquqi baza yaradır. Status-kvo qəbuledilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır".

Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük: "Bu, tamamilə qəbuledilməz və qeyri-effektivdir. Biz bunu danışıqlar prosesini əngəlləmək cəhdi hesab edirik. Bu cür düşünən tək biz deyilik. Şadıq ki, beynəlxalq təşkilatlar bu fikri paylaşır. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına tam dəstək ifadə olunur. Ona görə də, Ermənistanla münaqişəyə gəlincə bir daha deməliyəm ki, bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin həllini bu prinsiplər əsasında görür. Münaqişənin həllinin yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır".

Məlumdur ki, multikulturalizmi və tolerantlığı özünün daxili və xarici siyasətinin əsas prioritet istiqaməti sayan Azərbaycan hökuməti Ermənistan Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələn bütün işləri görür. Azərbaycan müxtəlif ölkələrlə yaxın əməkdaşlıq imkanından istifadə edərək, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı prosesinə start verib.

Keçən il bu qlobal çağırışın 10-cu ildönümü ölkəmizdə böyük təntənə ilə qeyd olunub. Bu proses İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin birgə toplantılarda iştirak etməsiylə diqqət çəkib. Bu proses 100-dən çox ölkəni əhatə edən iki böyük beynəlxalq təşkilat arasında qarşılıqlı əlaqə və müzakirələrin yeganə formatıdır və  BMT tərəfindən dəstəklənir.

Bu gün artıq bütün dünyaya məlumdur ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir və ölkəmiz dünyada multikulturalizm mərkəzlərindən biri kimi qəbul olunur. Bunun da çox qədim və dərin kökləri var. Avropa və Asiyanın qovuşağında yerləşən Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı bir məkan olaraq tanınıb. Təqdir olanmalı haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da, bu meyillər səngiməyib, əksinə, daha da güclənib. Bu gün Azərbaycan bu ideyaları qlobal arenada təbliğ etməyə çalışır. Buna görə də ölkəmiz çoxsaylı tədbirlərə, beynəlxalq konfranslara, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlərə ev sahibliyi edərək,əsas diqqəti multikulturalizmin və tolerantlığın inkişafına yönəltməyə çalışır. Azərbaycanın bu nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur. Azərbaycan nisbətən gənc müstəqil ölkədir. Lakin, özünün düzgün daxili və xarici siyasəti, multikulturalizm və tolerantlıq sahəsində nümayiş etdirdiyi mövqeyi ilə beynəlxalq ictimaiyyətdən güclü dəstək qazana bilib. Bunun sübutu olaraq, qeyd edə bilirik ki, Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, onu göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və etimad göstərir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi təhlükəsizlik və mədəniyyətlərarası dialoqla əlaqədar əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayır.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır və 2017-ci ildə Gürcüstandan keçməklə Azərbaycan və Türkiyə arasında dəmir yolu xəttinin açılışını etməklə, Avropa dəmir yolu ilə Asiya dəmir yolunu birləşdirməyə nail olub.

Bu da məlum həqiqətdir ki, Azərbaycan ta qədim zamanlardan Asiya ilə Avropa arasında həm mədəni, həm də siyasi və iqtisadi körpü rolunu oynayıb.

Bu gün yenidən qurulan və sıx qarşılıqlı əməkdaşlıq şəraitində formalaşan əlaqələr həm ölkəmizin, həm də regionun təhlükəsizliyini təmin etməklə, burada multikultural və tolerant mühitin daha da güclənməsinə xidmət edir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.12601900100708