Fransada hüquq sahəsində çalışan ilk azərbaycanlı: Bədənini satan şəxs əxlaqsız deyil - MÜSAHİBƏ

 

 

O, 1980-ci ildə Naxçıvanda (Şərur rayonu) anadan olub. 1997-2001-ci illərdə Bakıda Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsində oxuyub. 2001-ci ildən Fransaya gedib. 

Orada hüquq təhsili almağa başlayan həmyerlimiz 2005-ci ildə "Master 2" diplomunu əldə edib.

2009-cu ildə Fransada hüquq sahəsində doktorantura oxuyan ilk azərbaycanlı olub.

Söhbət Dilbadi Qasımovdan gedir. 

D.Qasımov 2009-cu ildə Azərbaycana qayıdıb və bir il Prezident yanında Strateji Araşdırmalar mərkəzində böyük məsləhətçi kimi çalışıb. 

2010-cu ildə yenidən Fransaya qayıdan Dilbadi Qasımov burada 2 illik vəkillik məktəbinə daxil olur və 2013-cü ildə təhsilini bitirir. 2014-cü ildən Strasburq Vəkillər Kolleqiyasının üzvüdür.

Artıq 10 ilə yaxındır Fransada yaşayan həmvətənlimiz ailəlidir. 2 övladı var. 

Fransada çalışan ilk azərbaycanlı vəkil Dilbadi Qasımovun paralel.az-a müsahibəsi:

- Azərbaycanda boşanmalar zamanı problemlər adətən mal-mülklə bağlı olur. Milli mentalitetə görə hər kəs kişinin evi qadın və uşaqlara verməli olduğunu düşünür.

Halbuki, kişinin də özünün bir gələcəyi olmalıdır, sosial vəziyyəti ev almaq üçün uyğun olmaya bilər. Amma uşaqlarını da çöldə qoya bilməz ki. Azərbaycanda qanunla cütlük boşanırsa, evli olduqları müddətdə alınan bütün mal-mülk ikisi arasında yarıbayarı bölünür. Fransada bu məsələ necə çözülür? Ümumiyyətlə, Fransada boşanan cütlüklərin əsas problemləri hansılar olur?

- Fransada da hər yerdə olduğu kimi, boşanma proseduru uşaqlar və mal-mülk olduğu halda çətin və səs-küylü keçir. Onu da qeyd edim ki, Fransada boşanan ailələrin hər zaman uşağı və mal-mülkü olmur. Onlar ya ümumiyyətlə uşaq olmasını istəməyiblər, ya da uşaqlar böyüyüb yetkinlik yaşına çatıblar. Azərbaycandan fərqli olaraq Fransada cütlüklər gec yaşlarında boşanırlar. Məsələn, 60, 70 yaşlarda boşanan cütlüklər var. Mal-mülkə gəldikdə isə çox ailələr var ki, dəyərli əşya almırlar, kirayədə qalırlar və boşandıqları zaman ikili razılıq əsasında hərə özünə aid əşyaları götürür və ayrılırlar.

Azyaşlı uşaq və ya mal-mülk olduğu halda isə vəziyyət başqa cür olur. Bu halda bəzi cütlüklər uşaqların yaşayış şəraitini və malların bölüşməsini öncədən razılaşdırırlar və boşanma proseduru sakit və asan keçir.

Münaqişə olduğu halda (bu hallar tez-tez baş verir) boşanma proseduru böyük səs-küy, dava-dalaşla keçir. İnsanlar illər boyu yığılan nifrətlərini sanki həmən an qusmağa çalışır. Bir-birlərinə heç nədə güzəştə getmək istəmirlər. Sevginin necə birdən-birə nifrətə çevrilməsi, dünənə qədər bir yerdə yaşayıb, eyni uşaqları böyüdən şəxslərin necə və hansı radikallıqla düşmən olduğunun şahidi olmuşam.

Bu prosedur zamanı vəkilin işi çox çətin olur. Çünki belə olan halda biz, o, iki "müharibə" edən tərəfin arasında qalırıq. Buna görə də bəzən vəkillər də bu qədər dərin münaqişəli, ciddi problem yaşadan tərəflərin boşanma prosesini öz üzərinə götürmək istəmirlər. Bu cür prosedurları çox vaxt qadın vəkillər götürür. Onların bəziləri hətta bu cür qalmaqallı boşanmalardan zövq alırlar.

- Boşanan ailənin azyaşlı övladının kimin himayəsində qalması məsələsi olduqca qarışıqdır. Fransada bu məqamda qanun nəyi tələb edir? 

- Fransada boşanan ailələrin uşaqları adətən ana ilə yaşayır. Ataya isə uşağı yalnız iki həftədən bir görmək imkanı və ya həftənin bir günü (əsasən şənbə və ya bazar) öz evində saxlamaq icazəsi verilir. Uşaq öz fikrini ifadə dəcək yaşdadırsa, o, hakim qarşısında kiminlə yaşamaq istədiyini söyləyə bilər. Amma bu, o demək deyil ki, hakim hökmən uşağın istəyinə uyğun qərar verəcək.

Fransızlar hüquqi boşanma zamanı uşağın maraqlarına uyğun qərar verilməsini tələb edirlər. Yəni, proses zamanı böyüklərin maraqlarından əvvəl uşaqların maraqlarının müdafiəsi gəlir.

Bu prosesdə bir məqam da var. Uşaq bəzən anadan alınıb, atanın himayəsinə verilir. Bu, o zaman baş verir ki, ananın hansısa psixoloji və ya narkotik maddələrə aludəçiliyi və s. problemləri olduğu sübuta yetirilsin. Uşaq ana ilə yaşadığı zaman ata aylıq müəyyən məbləğdə aliment ödəməlidir. Əgər, o, işləmirsə, təyin edilən aylıq alimenti vermək imkanı yoxdursa, hakimin qərara aldığı aliment məbləğini anaya dövlət ödəyir. O zamana qədər ödəniş dövlət tərəfindən aparılır ki, ata bu alimenti ödəyə biləcək sosial durumda olsun.

İkinci bir imkan isə ondan ibarətdir ki, uşaq bir həftə anası ilə, bir həftə isə atası ilə qala bilər.

Bu halda hər iki valideyn eyni coğrafi ərazidə yaşamalıdırlar ki, uşağın məktəbinə yaxın olsun., onun sosial həyatında ciddi dəyişiklik yaranmasın. Bu zaman hər iki valideyn yaşadığı evdə uşaq üçün ən uyğun şəraiti yaratmalıdırlar. Uşağın xüsusi otağı və özünü rahat hiss etməsi üçün hər cür şəraiti olmalıdır. Adətən ata evində sadalanan şəraitin olduğunu və evinin digər valideynin ünvanından uzaq olmadığını sübut etdiyi halda hakim bu cür qərar verə bilər.

- Bəs ev məsələsi necə?

- Ev məsələsinə gəlincə, Fransada məhkəmə qərarı milli mentalitetə görə yox, qanuna uyğun şəkildə verilir. Yəni, cütlüyə aid ev hakimin qərarı ilə satılır və evin satışından əldə edilən pul tərəflər arasında bölünür.

Digər bir variant - tərəflərdən biri evi satmaq istəmir, qarşı tərəf isə öz payına düşən haqqı tələb edirsə, bu halda ev satılmayıbsa, qadın o evdə yaşamağa davam edirsə, o zaman keçmiş həyat yoldaşına kirayə pulu ödəməlidir.

Fransada demək olar, uşağın küçələrdə qalması kimi anlayış yoxdur. Çünki ananın ev kirayə etmək üçün sosial durumu olmadığı halda dövlət özü ana və uşaqları mənzil ilə təmin edir.

Əşyaların bölünməsi məsələsi də ayrı aparılır. Belə ki, əgər cütlük evləndiyi zaman evlilik müqaviləsi bağlayıbsa, o zaman bölünmə proseduru müqavilədə qeyd edilənlərə uyğun şəkildə aparılır. Məsələn, müqavilədə nəzərdə tutula bilər ki, evlilikdən sonra ər və ya arvadın şəxsən aldığı və ya miras olaraq qəbul etdiyi əşya tamamilə ona aiddir və bölüşdürülə bilməz.

Amma müqavilə olmadığı halda cütlük boşanan zaman ümumi əşyalar Fransa qanunlarına uyğun olaraq aparılır. Evlilikdən sonra alınan bütün əşyalar cütlüklər arasında ortaq miqdarda bölünür.

- Əgər ana və ata müxtəlif səbəblərdən uşağa baxa bilmirsə, qanunla azyaşlının aqibəti necə olur? Dövlət himayəsinə verilməsi şərtdirmi?

- Fransada xüsusi uşaq məhkəmələri mövcuddur. Bu cür hallara uşaq məhkəmələri baxır. Uşaqlara  valideynləri baxa bilmədiyi halda xüsusi dövlət qurumları var ki, onlara həvalə edilir.  Valideynlər uşağı həftədə iki dəfə və ya ayda bir dəfə görmək hüququna malik olurlar.

Məhkəmə ildə bir dəfə həmin prosesə yenidən baxır və valideynlərin vəziyyətinin müsbətə doğru dəyişib-dəyişmədiyini yoxlayır. Əgər valideynlərin sosial durumu uyğun gəlirsə, uşağı yenidən ailəsinə təhvil verirlər. Yox əgər, heç bir dəyişiklik yoxdursa, o zaman həmin qurum daha bir il müddətinə həmin uşaqları himayə edir. Bu prosedurda dövlət adından prokuror da iştirak edir və öz mövqeyini bildirir. Çünki, prokuror dövlət rəsmisi olaraq uşağın maraqlarını ortaya qoyur. Uşaq eyni zamanda digər bir ailəyə də həvalə edilə bilər. Bu kimi ailələr xüsusi olaraq seçilir və qeydiyyata alınır. Ən qəliz vəziyyətdə uşaqları həmin ailələrdən birinə həvalə edirlər.

Eyni proqram əcnəbi azyaşlı uşaqlara da şamil olunur. Fransaya gələn azyaşlı uşaq tək olarsa, dövlət onu himayəyə götürməyə və 18 yaşına qədər bütün xərclərini qarşılamağa məcburdur.

Bu sistemin tətbiqində bəzən sui-istifadə hallarına yol verilir. Məsələn, kasıb ölkələrdə yaşayan valideynlər bilə-bilə öz uşaqlarını qeyri-qanuni yollarla Fransaya göndərirlər. Bəzi hallarda 18 yaşı tamam olmuş şəxslər özlərini bilərəkdən azyaşlı kimi qələmə verirlər.  Çünki ilk növbədə onlar dövlət hesabına pulsuz yaşayırlar. Bundan başqa Fransa azyaşlı uşağı ölkə xaricinə məcburən göndərmir. Yəni, sənədsiz olmalarına baxmayaraq Fransada yaşamaq hüquqları olur.

- Fransada vəkillər rüşvət alırmı?

- Bu halda vəkilin rüşvət alması mənasızdır. Çünki, rüşvət alsa belə, Fransada vəkillər hakimlərə təsir edə bilməzlər. Çünki, hakimlər rüşvət almır.  Məsələn, Fransada sizin dediyiniz kimi vəkil və hakimlər arasında səmimi münasibətlər yoxdur. Fransada vəkillərlə hakimlər arasında maksimum məsafə saxlanılmalıdır. Bu proseslərin şəffaflığı üçün şərtdir. Hətta deyərdim ki, vəkil və hakim bir-birinə yalnız salam verə bilər. Bir hakimi hansısa vəkil ilə birlikdə restoranda kofe içərkən görsələr, o hakimin imicinə xələl gələ bilər. Vəkilə isə müraciət edən müştərilərin sayı azalar. Bu etibarı, güvəni sarsıdan məqamdır.

Mənim bir qrup yoldaşım vardı. O bir müddət sonra hakim kimi fəaliyyət göstərməyə başladı. Hamımızla bir dəfə görüşdü və bundan sonra bizimlə birlikdə hər hansı restorana gedib, istirahətini bizimlə keçirə bilməyəcəyini deyib, üzrxahlıq etdi. Çünki insanlar bunu başqa cür başa düşür və qanunvericiliyə olan inam azalır.

Şəxsən mən özüm də indi hakim kimi çalışan tələbə yoldaşlarımı görəndə, yalnız salam verib keçirəm. Baxmayaraq ki, tələbəlik illərində çox gözəl münasibətlərimiz olub. Çalışırıq ki, tanışlığımız kənardan çox gözə batmasın.

Yəni, Fransada vəkillərin rüşvət alması üçün şərait yoxdur və heç buna gərək də qalmır. Nəticə etibarı ilə vəkil və hakimlər tam müstəqildirlər. Bir-birilərindən asılı olduqları məqamlar yoxdur.

- Azərbaycanda hakimlərə və məhkəmələrə güvən yoxdur. Əhali məhkəmələrin və hakimlərin rüşvət alıb, işi istədiyi yöndə apardığını düşünür ki, hazırda aidiyyəti qurumlar bununla mübarizə aparır. Fransada məhkəmələrə və hakimlərə inam nə yerdədir? Rüşvət hallarına rast gəlinirmi?

- Fransada sülhün və sakitliyin ən böyük səbəbi istər yerli, istər əcnəbi vətəndaşların Fransa məhkəməsinə olan böyük inamıdır. Fransada münaqişələr nə yumruq gücünə, nə tanışlıq, nə də vasitəçilik yolu ilə həll olunur. Bütün proseslərə məhkəmə tərəfindən adil qərar verilir. Məhkəmələr sayəsində fransızlar özlərini 100 faiz sığortalanmış hiss edirlər.

Ola bilər ki, bəzən məhkəmənin verdiyi qərar şəxsin ürəyincə olmaz, o zaman apellyasiya məhkəməsinə müraciət edə bilər. Azərbaycandan fərqli olaraq, Fransada ümumiyyətlə, hakimin rüşvət alması qeyri-mümkündür. Hakimin rüşvət aldığı sübut olunarsa, o sərt şəkildə cəzalandırılır. Müasir dövrdə inanmıram ki, belə hallar olsun. Yəni hakim necə rüşvət ala bilər?

O, bununla bütün hörmətini, etibarını itirir. İnanmıram ki, hakimlər öz hörmətinə pulla dəyər biçsin.

Fransada ictimai qınaq təsəvvür etdiyinizdən də güclüdür. Fransızlar belə biabırçılıqla barışmır və o şəxsləri qətiyyən bağışlamır. İctimai qınaq bəzən insanları qanunlardan daha çox qorxudur. Azərbaycan cəmiyyətində hər səhvi asanlıqla bağışlamaq mümkündür. Məsələn, hər hansı bir hadisə olur, cəmiyyət deyir ki, yazıqdır, onun da ailəsi, uşağı, anası var və s. Bu, düzgün yanaşma deyil. Azərbaycandan fərqli olaraq Fransa cəmiyyətində belə yanaşma yoxdur. Onlar heç kimə acımır. Səhv edən hər bir şəxs layiq olduğu cəzanı almalıdır, başqa yolu yoxdur. Hətta o şəxs işini, ailəsini itirsə də, boşansa da, bu heç nəyi dəyişmir.

Mənim bir müştərim belə haldan istifadə etmək istəyirdi. Cinayət məhkəməsi qarşısında hakimə izah etməyə çalışırdı ki, əgər onun barəsində həbs qərarı seçilsə, onun ailəsi dağılacaq, 3 yaşlı körpə qızı onsuz qala bilməyəcək, rəhbəri olduğu şirkət məhv olacaq və s. Xahiş edirdi ki, həbsxanaya göndərilməmək şərti ilə ən ağır pul cəzası versinlər.

Hakim qadın olduğu üçün o, elə bilirdi bu, işə yarıyacaq. Hətta mən belə inandım ki, ona güzəşt olunacaq. Lakin hakim ona qulaq asdıqdan sonra kifayət qədər soyuqqanlı şəkildə "bütün dediklərinizi cinayəti törətməzdən əvvəl düşünərdiniz" dedi. Həmin şəxs  6 ay müddətinə azadlıqdan məhrum edildi. Həbsxanadan çıxandan sonra isə nə ailəsi qalmışdı, nə də şirkəti. Onun bağışlanması isə gələcəkdə başqa şəxslərin də cinayət törədib əfv olunmağı gözləməsinə şərait yarada bilərdi.

- Fransada bir şəxsin vəkillik fəaliyyətinə hansı halda xitam verilə bilər?

- Fransada vəkilin fəaliyyətinə xitam verilməsi uzun prosedurdur. Bunun üçün xüsusi regional şuralar mövcuddur. O şuranın hakimləri bütün şəhərlərdən gələn vəkillərdən təşkil edilib.

Ümumiyyətlə, vəkili peşə fəaliyyətində yol verdiyi nöqsanlara görə, sadəcə vəkillər mühakimə edə bilər.

Vəkili regional məhkəməyə isə yalız üzvü olduğu büronun prezidenti və büro şurasının üzvlərinin birgə qərarı əsasında göndərmək olar. Büro şurası isə bunu o vaxt edə bilər ki, ya özü vəkilin yol verdiyi səhvi görsün, ya da prokurorun şikayəti olsun.

Bir haşiyə çıxım. Əvvəllər prokuror birbaşa vəkilə qarşı peşə fəaliyyəti zamanı yol verdiyi xətaya görə iş aça bilirdi. Təxminən 15 il bundan qabaq bir vəkil məhkəmə qarşısında hakimi tənqid etdiyi üçün prokuror tərəfindən məhkəməyə verilmişdi. Buna bütün Fransa vəkilləri etiraz edərək, vəkilin müstəqilliyinə zərbə olduğunu dediər. Məhz bu etiraz ictimai rəy qanunun dəyişilməsinə səbəb oldu. Artıq bir vəkil haqqında mühakimə yalnız onun bürosu və prokuror kollegiyanın prezidentinə şikayət ərizəsi yazarsa, açıla bilər. Prinsipcə, prokuror şikayət etdiyi zaman vəkillər kollegiyası öz həmkarlarına iş prosesində səhvə yol versə belə iş açmırlar. Bununla da öz müstəqilliklərini göstərməyə çalışırlar.

Bu gün Fransada vəziyyət elədir ki, vəkil hakimi təhqir etməmək şərtilə məhkəmədə istədiyi fikri deyə bilər. Məsələn, azad şəkildə, hakimin verdiyi qərarın axmaq, mənasız, vicdansız olduğunu deyə bilər. Amma hakim axmaqdır deyə bilməz.

- Azərbaycanda belə məqam var. Əxlaqsız həyat tərzi sürən qadınlar adətən hüquqlarını müdafiə etməyə vəkili ya çətinliklə tapır, ya da ümumiyyətlə tapmırlar. Hətta bəzən haqlı olduqları halda iş onların əleyhinə bitir. Fransada belə ayrıseçkilik varmı? Vəkillər kimlərin işini müdafiə etməkdən imtina edir?

- Əvvəla, bədənini satan şəxs əxlaqsız deyil. Yəni, məntiqlə insana ona aid olan bədəni satdığı üçün əxlaqsız demək olmaz. Əxlaqsızlıq başqasına aid olan hər hansı bir şeyi satmaqdır.

Azərbaycanda insanların əxlaqsız kimi baxdığı şəxslərə Fransada çox normal baxılır. Onların müdafiəsində isə heç bir problem olmur. Amma bəzi vəkillər var ki, qanuna görə yox, öz şəxsi prinsiplərinə və əqidələrinə zidd iş görən şəxslərin müdafiəsini öz üzərlərinə götürmürlər.

Məsələn, azyaşlılara və qadınlara qarşı cinsi zorakılıq edənlər, narkotik alverçiləri, istifadəçiləri və s. şəxslər vəkil tapmaqda çətinlik çəkə bilir. Bu da vəkillərin az bir qrupunda müşahidə edilir. Bundan başqa elə ciddi problem yaşayan olmur.

- Kiminsə işini götürməkdən imtina etmisinizmi? Maraqlıdır ki, belə bir iş olubsa, o, nə ilə bağlıdır?

- Bəli, bir dəfə belə bir hal baş verib. Dövlət tərəfindən balaca bir uşağa qarşı cinsi zorakılıq etmiş şəxsi müdafiə etmək üçün təyin edilmişdim. Lakin prosesi bildikdən sonra, imtina etdim. O şəxsin müdafiəsini etməyəcəyimi bildirdim.

- Vəkilin xidmət haqqı (minimum-maksimum) hansı meyarlar əsasında təyin edilməlidir?

- Fransada vəkillər gördükləri işin müqabilində qonorar alırlar. Almaniyadan fərqli olaraq, Fransada vəkil istədiyi qədər qonorar ala bilər və bu, qanunidir. Qonorarın təyin edilməsi isə bir çox meyarlarla aparılır. Məsələn, işin çətinliyi, şəxsin maddi durumu və s. məqamlar qonorarın miqdarına təsir edən məqamlardan biri ola bilir.

- Bəzi cinayət işləri olur ki, onları eşidəndə belə insanın qanı donur: məsələn, azyaşlı uşağı zorlayaraq öldürənlər, onlarla insanı silsilə şəkildə qətlə yetirən cinayətkarlar, terrorçular, münaqişə zəminində hər hansı bir şəxsi vəhşicəsinə öldürüb, başını, bədənini kəsib, hətta ürəyi soyumayıb onun meyitini yandıranlar var. Bu şəxslər saxlanıldıqda və məhkəmə qarşısına çıxarıldıqda onları hər hansısa vəkil müdafiə etməlidirmi? Belə bir təklif gələrsə, qəbul edərsinizmi? Məsələn, azyaşlı uşağı zorlamış bir kişinin ailəsi və yaxud terrorçu sizin həyatınızı xilas edəcək məbləğdə qonorar təklif etsə, onun həbsdə az yatması üçün vəkilliyini edərsinizmi?

- Azyaşlı uşaqlara qarşı cinsi zorakılıq edən şəxslərdən başqa bütün ittiham edilən şəxslərin müdafiəsini qəbul edirəm. Tez-tez vəkilləri ittiham edirlər ki, siz cinayətkarları müdafiə edirsiniz. Vəkil heç vaxt cinayətkarın cinayət törətməsinin yaxşı iş olduğunu demir. O, sadəcə cinayət törətmiş şəsxin işgəncəsiz, əlavə ittihamlar olmadan, qanun çərçivəsində mühakimə olunmasını tələb edir.

Bundan başqa, cinayət edən şəxsləri bu əməli törətməyə vadar edən məqamlar da olur. Onların həyatında baş verən pis hadisələri kənardan baxan şəxslər bilmirlər. Vəkilin rolu məhkəmədə həmin şəxsin bu cinayətə nə üçün əl atdığını izah edib, onun xeyrinə olan məqamları göz önündə saxlamaqdır.

Cinayətkarların müdafiə olunmağa haqları yoxdur, onları öldürmək lazımdır deyən şəxslərin yaxınları hər hansı cinayət törətdikdə isə tərəddüd etmədən vəkilə müraciət edirlər. Bəs kənardan baxıb ittiham etmək asandır? Törətdiyi cinayətdən asılı olmayaraq hər kəsin müdafiə olunmağa haqqı var.

İkinci dünya müharibəsi zamanı yəhudilərin ölüm düşərgəsinə yollayan nasistlərdən bir neçəsinin vəkili yəhudi əsilli fransız olub. Ondan soruşublar ki, sən özün yəhudisən, nə üçün onları müdafiə edirsən? O isə cavab olaraq deyib ki, mən onların gördükləri işlərin haqlı olduğunu demirəm, sadəcə mühakimələrinin qanuna zidd aparılmamasına nəzarət edirəm.

Könül Cəfərli

0.10282206535339