Azərbaycan multikultralizmi araşdırma obyektinə çevrilib

Susana Manqana: "Buradakı multikultural, tolerant mühit digər ölkələrə örnəkdir"

Azərbaycan bəlkə də ona görə "Qafqazın incisi" sayılır ki, qonşularından fərqli olaraq çoxmillətli və çoxdinli bir respublikadır. Özü də bu ənənə dünənin, bu günün dəyəri deyil, bu, əsrlərin süzgəcindən keçərək xalqımızın mental dəyərlərinə hopmuş bir ənənədir. Hazırda Azərbaycandakı tolerantlıq - yad mədəniyyətlərə dözümlü münasibət - multikulturalizmin necə yaranması, formalaşması barədə aparılan araşdırmalarda çox müxtəlif arqumentlərlə rastlaşmaq olur. Kimi bunu Azərbaycanın qədim "İpək Yolu"nun üzərində yerləşməsində, kimi milli dəyərlərdə humanizmin hakim mövqe tutmasında, kimi ölkənin təbii sərvətlərinin bolluğunda, kimi də coğrafi mövqelərimizin Avropa ilə Asiya arasında açar rolunu oynamasında axtarır. Düzü, bu və buna bənzər arqumentlər o qədər inandırıcı şəkildə arqumentləşdirilir ki, o amillərin heç birini prosesdən səfnəzər etmək mümkün deyil. Bu o deməkdir ki, xalqın hər hansı bir dəyəri, o cümlədən də tolerantlıq meyilləri yalnız bir amilin təsiri altında formalaşmır, onu doğuran səbəblər kompleks amillərdən ibarət olur. Azərbaycan multikulturalizminin yaranma səbəbləri və keçdiyi tarixi inkişaf yolu bu gün dünyanın sözügedən dəyərə ciddi ehtiyacı olan ölkə və xalqlar üçün çox maraqlıdır. Xalq olaraq bizim üzərimizə düşən vəzifə isə əsrlərin sınağından çıxaraq cilalanmış, müasir dönəmdə dünyanın ciddi marağına səbəb olmuş Azərbaycan multikulturalizmini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir. O üzdən də Azərbaycan dövlətinin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə, yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyən edilib.

Ölkəmizin Əsas Qanunu olan Konstitusiyanın 25-ci maddəsinin III bəndinə görə "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".

Bu gün respublikanın çərçivə qanununda nəzərdə tutulan yuxarıdakı müddəanın Azərbaycanda həyata keçirilməsi o qədər də problem yaratmır. Çünki xalqın mentalitetinə hopmuş tolerantlıq və dözümlülük meyilləri o qədər güclüdür ki, qeyd edilən müddəa hər bir azərbaycanlının devzinə çevrilib. Cəmiyyətin müxtəlif sfera və seqmentində birgə çalışan və yaşayan insanların dini, milli və s. mənsubiyyəti heç kim üçün maraqlı deyil, əsas maraq kəsb edən hər bir insanın fərdi insani keyfiyyətləridir. Azərbaycan xalqı bir çox digər xalqlardan fərqli olaraq dərk edir ki, hər bir kəs insan olaraq doğulur və sonradan həyatda qazandığı keyfiyyətlərə əsasən milli və dini mənsubiyyətini seçir. Yəni bu cəmiyyətdə anlaşılır ki, insan heç də genetik olaraq milli və dini dəyərə malik ola bilməz. Fikrimizcə, tolerantlıq və multikulturalizm çatışmazlığından əziyyət çəkən, milli və dini münaqişələrin tüğyan etdiyi cəmiyyətlərdə məhz belə bir dərketmə defisiti yaşanır. Ona görə də milli və dini münaqişələrdə azğınlaşmış kütlə azyaşlılara belə rəhm etmir.

Bəzi tədqiqatçılar Azərbaycanda formalaşan multikulturalizmi həm də türkçülüklə əlaqələndirməyə çalışırlar. Lakin təcrübə göstərir ki, kifayət sayda türk xalqları var ki, onları asanlıqla milli münaqişələrə cəlb etmək mümkün olub. Hətta, iki türksoylu xalq belə, bir-birinə qarşı qırğın törədib. Məsələn, bir neçə il əvvəl Özbəkistanın Fərqanə şəhərindən başlamış özbəklərlə axska türkləri arasında yaşanan münaqişə kütləvi insan tələfatına və qaçqın axınına səbəb oldu. Qırğızıstanın Oş şəhərində başlanan qırğız-özbək qarşıdurması da buna bariz nümunə ola bilər. Bir çox xarici tədqiqatçılar da haqlı olaraq Azərbaycandakı tolerantlıq mühitində türk soyunun bir faktor kimi nəzərə alınmasını qəbul etmir.

Otən ay Azərbaycanda səfərdə olan Uruqvayın Katolik Universitetinin Humanitar elmlər departamentinin Ərəb və İslam araşdırmaları bölməsinin direktoru, beynəlxalq siyasət proqramı üzrə məsul şəxs Susana Manqana Azərbaycanda multikulturalizm dəyərlərinin formalaşmasını araşdıran mütəxəssislərdən biridir. Onu da Azərbaycan təcrübəsinin milli, mədəni, dini və irqi fərqlərinə görə problemlər yaşayan ölkələrdə  tətdiq edilməsi maraqlandırır. Xanım Manqana Azərbaycanda olarkən ölkəmizdəki multikultural, tolerant mühit barədə danışıb. O, Azərbaycanda artıq üçüncü dəfədir olduğunu, bundan əvvəlki səfəri zamanı Bakı Beynəlxalq Humanitar, Ümumdünya Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı forumlarında iştirak etdiyini söyləyib. Susana Manqana bildirib ki, belə tədbirlərin Azərbaycanda keçirilməsi çox böyük əhəmiyyətə malikdir: "Bu cür tədbirlər mədəniyyətlərarası körpü yarada bilir və həm də bəzilərinin dünyaya səhv tanıtmağa çalışdıqları İslam dini ilə bağlı düşüncələrin dəyişməsində mühüm rola malikdir".

Azərbaycanda gənclərlə mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə dair səmərəli müzakirələr apardığını bildirən uruqvaylı alim Azərbaycanın müxtəlif mədəniyyətləri və dinləri təmsil edən insanların birgəyaşayış təcrübəsinə malik tək məkan olduğuna inandığını vurğulayıb: "Səfər çərçivəsində Azərbaycanın bir neçə bölgəsini ziyarət etdim, dini icmaların rəhbərləri ilə görüşdüm. Bu görüşlər zamanı bir daha anladım ki, Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər. Azərbaycan xalqı çox qonaqpərvər və sülhsevər xalqdır. Bu ölkədəki mükəmməl tolerantlığı dünyaya ixrac etmək lazımdır. Çünki dinlərin, millətlərin və mədəniyyətlərin birgə mövcudluğu hamı üçün faydalıdır. Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə qucaq açır, burada bütün dinlərə hörmətlə yanaşılır və bu, heç də hər ölkədə belə deyil. Buradakı multikultural, tolerant mühit digər ölkələrə örnəkdir".

Susana Manqana Azərbaycana etdiyi hər səfərdən geniş məlumatlarla qayıtdığını, bu məlumatları ölkəsinin ictimaiyyətinə çatdırdığını bildirib.

Bu dəyərləri tədqiq edən və dünyaya yaymaq fikrində olan alimlərin Azərbaycana səfərləri ölkədəki tolerant mühitin müxtəlif çalarlarını diqqət mərkəzinə çevirir. Xanım Manqanının diqqətini çəkən məsələ isə Azərbaycan vətəndaşlarının bir-birinin dini və milli mənsubiyyəti ilə maraqlanmadıqlarıdır. O, bildirir ki, bu cəmiyyətdə yalnız qıcıq doğuran "erməni" ifadəsidir. Alimin diqqət etdiyi bu məqam hər bir azərbaycanlı üçün cavabı bəlli olan sualdır. Bəlkə də buna heç sual da demək mümkün deyil. Bütün millətlərə və din mənsublarına qucaq açan Azərbaycan özü milli aqressiyaya məruz qalıb, on minlərlə vətəndaşını itirib, ərazilərinin iyirimi faizi işğal altına düşüb, yuz milyarddan çox ziyan dəyib. Bununla belə hal-hazırda Azərbaycanda on minlərlə erməni yaşayır, hətta buradan öz təhlükəsizliyinə görə köçmüş ermənilər belə, vaxtaşırı Bakıya ziyarətə gələ bilir. Bunun üçün Azərbaycan dövləti xüsusi qaydalar müəyyən edərək, vətənini ziyarət etmək istəyən erməniyə şərait yaradır. Lakin işğal altında olan ərazilərdə yaxınlarının qəbrini ziyarət edən insanlar Ermənistan tərəfindən əsir götürülür, işgəncələrə məruz qalır, bir çox hallarda işgəncələr nəticəsində həyatını itirir.

Bütün problemlərə baxmayaraq, Azərbaycan dövləti ölkədəki tolerantlıq və multikultural mühiti Azərbaycan xalqının sərvəti hesab edərək, onu qorumağı və inkişaf etdirməyi özünə borc bilir. Bunun üçün ölkədə hökumətin milli və dini siyasətini sürdürən bir neçə dövlət qurumları fəaliyyət göstərir. Hökumətin dini siyasətini Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi həyata keçirir. Sözügedən qurum bütün il boyu xüsusi qrafik əsasında respublikanın bütün bölgələrində maarifləndirmə işi aparır. Bu maarifləndirmə işi ölkənin dini və milli baxımdan daha həssas sayılan bölgələrində daha intensiv şəkildə həyata keçirilir.

Məlum olduğu kimi Azərbaycan islam respublikası olmasa da, İslam dövlətidir - əhalisinin 95 faizindən çoxu özünü müsəlman hesab edir. Bu baxımdan da respublikada Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fəaliyyət göstərir ki, bu qurum müsəlmanları birliyə, humanizmə və dözümlü münasibətə dəvət edir. QMİ bütün islam icmalarının işinə nəzarət edir, onları islam radikalizminə yuvarlanması meyillərindən qoruyur.

Bununla yanaşı, Bakıda dövlət büdcəsindən maliyyələşdirilən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyət göstərir.

BBMM-i əsasən Azərbaycan multikulturalizminin təbligi və dünyaya yayılması ilə məşğuldur. Son beş il ərzində Azərbaycan multikulturalizm modeli dünyanın 20-yə yaxın nüfuzlu univeristetlərində tədris olunmağa başlayıb. Bu işdə BBMM əməkdaşlarının xüsusi əməyini qeyd etmək vacibdir.

Azərbaycan multikulturalizminin qorunması və inkişafında ölkənin vətəndaş cəmiyyəti institutlarının da xüsusi əməyi var. Dini və milli münasibətlər istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və mətbu orqanların təbliğatı xüsusi əhəmiyyətə malikdir. Belə aktual istiqamətlərdə fəallıq göstərən vətəndaş cəmiyyəti institutları dövlət tərəfindən dəstəklənir, onların səmərəli fəaliyyətinin genişləndirilməsi üçün şərait yaradılır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.51532888412476