Azərbaycan sərhədlərində yeni qurğu quraşdıralacaq

 

 

Azərbaycanda doppler radar sisteminin quraşdırılacağı vaxt məlum olub.

paralel.az-ın məlumatına görə, "Baron" şirkətinin nümayəndəsi Sergey Brayl bildirib ki, şirkətin Milli Hidrometeorologiya Departamenti ilə bağladığı müqaviləyə əsasən, sistem ilin sonuna kimi Azərbaycana çatdırılacaq.

"2020-ci ilin birinci rübündə quraşdırma tam başa çatacaq. Radarın radiusu 250 kilometr, yağıntılar zonasının hündürlüyü isə altı kilometri əhatə edəcək. Bütün əraziləri əhatə etmək üçün xüsusi prinsipdən istifadə olunur. Əgər düzənlikdirsə, quraşdırılacaq qüllələrin məsafəsi 400 kilometri əhatə edəcək.

Sistemin bütün ölkəni əhatə etməsi üçün mürəkkəb və çətin hesablamalara ehtiyac var. 250 kilometr deyən zaman biz dənizi də nəzərdə tuturuq. Ona görə bu cihaz sahildə də quraşdırılmalıdır. Hətta qonşu ölkədən hava axınını görmək üçün sərhəddə də quraşdırılmasına ehtiyac var. Bütün bunları etmək üçün vaxt lazımdır", - deyə şirkət nümayəndəsi qeyd edib.

Mütəxəssisin sözlərinə görə, cihaz Azərbaycanda sentyabrda sınaqdan keçiriləcək:

"Daha sonra radar məlumatlarını oxuya bilmələri üçün biz radar mütəxəssisləri və meteoroloqlara təlimlər keçəcəyik. Sistem istismara verildikdən sonra real məlumatları öyrətmək üçün də təlim keçiriləcək".

"Baron" şirkətinin nümayəndəsi Brian Bellev isə deyib ki, doppler radar sistemi meteorologiya sisteminə yararlı olacaq:

"Sistemin əsas funksiyalarından biri təbii hadisələri öncədən bilib ictimaiyyətə məlumat verməkdir. Bu, ən son mövcud olan texnologiyadır ki, bununla da dəqiq və vacib məlumatları vermək mümkün olacaq".

İlhamə Əbülfət

0.065937042236328