İlham Əhmədov: " Təhsil insan kapitalını formalaşdırır"

"Azərbaycan elminin inkişafı dövlət siyasətinin prioritetidir"

Müasir dövrdə təhsilin iqtisadi həyatda artan rolu Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsini, ölkədə təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını tələb edir. İnkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi ilə nail olmuşlar.
Hansı dövlət öz inkişaf strategiyasını elm və təhsilin əsasları üzərində qurursa, həmin dövlət dünyada özünə layiq mövqe tutur. Çünki dövlətin gücü, qüdrəti onun təbii sərvətləri ilə deyil, insan kapitalı, elmi-intellektual potensialı ilə müəyyən edilir. Elm, təhsil bu gün artıq milli təhlükəsizliyin əsas amilləridir. Yalnız iqtisadi gücə nail olmaq, dərin bilik və bacarıqlara əsaslanan iqtisadi inkişaf modeli formalaşdirmaq, gənclərdə elmə, təhsilə marağı gücləndirməklə güclü dövlətçilik siyasətinə nail olmaq mümkündür.

Bu gün inkişaf etmiş dövlətlər, elm və təhsilin inkişafı ilə yetişən innovativ düşüncəli kadrların, intellekt kapitalının əldə etdiyi uğurlu nailiyyətlərlə tanınır.
Respublikamızda reallaşan dövlət siyasətinin əsas istiqamətlərindən biri də, məhz elm və təhsilin inkişafı yönümündədir. Azərbaycan elminin inkişafı dövlət siyasətinin prioriteti olduğundan, iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində mühüm işlər görülür. Mövzumuz respublikamızda insan kapitalının inkişafı məsələləridir. Müsahibimiz təhsil ekspert, ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru İlham Əhmədovdur.

- İlham müəllim, bizim elm və təhsil sahəsindəki hazırkı durumumuz qane edicidirmi?

Azərbaycanda elmin, təhsilin səviyyəsi ilə bağlı müxtəlif fikirlər, o cümlədən bəzən mənfi fikirlər də eşidilməkdədir. Təbii ki, elm və təhsil sahəsində müəyyən problemlər var və bir müsahibədə bunların hamısını təhlil etmək mümkün deyil. Bu müsahisədə mən əsasən təhsil haqqında danışacağam. Elmlə əlaqəli isə qısa olaraq onu demək istəyirəm ki, bizdə elmin əsas problemi maliyyələşmənin azlığıdır. İsraildə elmə ayrılan büdcə ÜDM-nin təxminən 4,3 %, T.C., RF və bəzi MDB öklələrində bu rəqəm 1% -ə yaxındır. Bizdə isə elmə ayrılan büdcə ÜDM-nin təxminən 0,15 % hissəsidir və artıq 25 ildir ki, elm maliyyə çatışmazlığı şəraitində fəaliyyət göstərir.

Universitetlərdə elmin maliyyələşməsi daha pis vəziyyətdədir. Bun gün universitetlər elmi konfrans təşkil etməyə, xaricə elmi ezamiyyəyə əməkdaş yollamağa, elmi jurnal dərc etməyə çətinlik çəkirlər. Jurnalda məqalənin dərc edilməsinə görə az maaş alan alimdən ödəniş alınır. Bu gün elmə ciddi investisiyalar qoyulmalıdır ki, 5-10 ildən sonra, o, tədricən real nəticələr versin. Bu haqda oxucular İnternetdən müqayisəli təhlillərlə tanış ola bilərlər. Belə maliyyələşmə ilə təbii ki, elm məhsuldar qüvvəyə heç vaxt çevrilə bilməz, innovasiyalar yaranmaz, elm iqtisadi artıma təkan ola bilməz. Amma vaxtı ilə elmi potensialımız pis deyildi. Elmə belə münasibət isə beyin axınına səbəb oldu.

Təhsildən danışarkən qeyd edim ki, müasir təhsil çox mürəkkəb və dinamik bir sistemdir. Təhsil dünyanın indiki intensiv inkişaf tempinə uyğun olaraq dinamik inkişaf etməlidir. Hər hansı ölkədə təhsilin vəziyyəti necədirsə, gələcəkdə həmin ölkənin durumu da elə olacaqdır. Bu səbəbdən təhsil bu gün bütün ölkələr üçün prioritet sahədir və bu sahədə aparılan islahatlarda səhv etmək təhsil sistemini, ardınca isə ölkənin bütün digər sahələrini inkişafdan geri qoya bilər. Bu günün təhsili fasiləsiz xarakter alaraq, Hz. Məhəmməd Peyğəmbərin söylədiyi kimi, “beşikdən qəbr evinə qədər davam etməlidir”. 

Müasir təhsil fasiləsiz olduğu kimi, təhsil islahatları da fasiləsiz olmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “...təhsil sahəsi daim islahat tələb edən sahədir.” Bu gün inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdə təhsil islahatları həyata keçirilir, bütün ölkələr daha mükəmməl təhsil sistemi qurmaq haqqında düşünürlər. Amma keçid dövrünü yaşayan ölkələrdəki təhsil problemləri inkişaf etmiş ölkələrdəki təhsil problemlərindən tam fərqlənir. Bunun bir çox səbəbi var. Əsas səbəb bu ölkələrdəki insan kapitalının zəifliyi və təhsilə qoyulan investisiyaların az olmasıdır. Əslində ən böyük investisiya imkanı məhz təhsil sistemindədir. Bu sektora qoyulan hər bir dollar on qat geri qayıdır.

Təhsildəki problemlərin bir qismi qlobal xarakter daşıyır. Mən burada BMT-nin baş katibi Antoniu Quterreşin 12 avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə yaydığı bəyanata toxunmaq istəyirəm. BMT-nin rəsmi YouTube kanalı vasitəsilə yayımlanan bəyanatında baş katib təhsildə qlobal böhran yaşandığını qeyd edir, dünya ölkələrini bu sahədə islahatlar aparmağa çağırır. A.Quterreş təhsildə islahatların vacibliyindən və müasir təhsilin gənclərin texnoloji inqilablar erasına hazırlanması ehtiyacından bəhs edib. Bəyanatda bildirilir: "Bu gün biz təhsil böhranı ilə üz-üzəyik. Çox vaxt məktəblər texnoloji dəyişikliklərdən düzgün istifadə edə bilmək üçün gəncləri zəruri bacarıqlarla təmin edə bilmir. Tələbələr yalnız öyrənməyi yox, həm də necə öyrənməyi öyrənməlidir. Müasir təhsil özündə bilikləri, həyati bacarıqları və tənqidi düşüncəni ehtiva etməlidir. ...əsas mövzu təhsilin transformasiyası, onun daha da inklüzivliyi, əlçatanlığı və müasir dünya tələblərinə uyğunluğudur”.

Göründüyü kimi dünyanın sürətli dəyişməsi qlobal olaraq təhsil sistemini çətin vəziyyətə salıb. Dünya təhsil sistemi heç cür bu dinamikliyə uyğunlaşa bilmir. Lakin bizim təhsilimizin problemləri tamam başqa müstəvidədir. Biz hələ qlobal xarakterli təhsil problemləri yaşamırıq, çünki bizim təhsilimiz hələ qlobal standartlar səviyyəsinə çatmayıb. İnkişaf etmiş ölkələrdə informasiya cəmiyyəti, innovasiya cəmiyyəti, biliyə əsaslanan iqtisadiyat qurmuşlar və təhsillərini də bu tələblər səviyyəsinə qaldırmaq istəyirlər. Bizim təhsil sistemimiz isə (universitetlərimiz və məktəblərimiz) bir çox istiqamətlərdə hələ sənaye cəmiyyəti təhsili səviyyəsindədir, bu səbəbdən problemlərimiz də fərqlidir. Bizim təhsilin problemlərini konkret qeyd etsək bu problemlər əsasən maliyyələşmə, kadr təminatı və idarəetmə kimi istiqamətlərdə özünü göstərir. Real vəziyyətə nəzər salaq: ötən il orta məktəblərdə 9-cu sinif şagirdlərinin riyaziyyatdan I mərhələ imtahanlarında 100 ballıq sistemlə orta göstəricisi 10 bal olub. 

Bu haqda Dövlət İmtahan Mərkəzinin 2018/2019-cu tədris ilində ali məktəblərə qəbul və buraxılış imtahanları üzrə yekun elmi-statistik təhlilində deyilir. Təhlil bu yaxınlarda dərc olunub. Orada qeyd olunur ki, 9-cuların 50% həmin imtahanlarda «0» bal toplayıb, yəni imtahan vərəqinə heç nə yazmadan geri qaytarıb.  «9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 1-ci sinifdən etibarən bacarıq və vərdişlərin inkişaf etdirilməsi üzərində qurulan kurrikuluma əsasən təhsil almalarına baxmayaraq, bu cür tapşırıqları yerinə yetirməkdə çətinlik çəkdiklərini görürük. Tədris dili fənnindən fərqli olaraq, riyaziyyat fənni üzrə imtahanın birinci mərhələsində təqdim olunan bütün tapşırıqlar açıq tipli olduqları üçün bu hal riyaziyyat fənni üzrə imtahanda özünü daha qabarıq şəkildə göstərir», – DİM-in təhlilində bildirilir. Daha sonra qeyd olunur ki, ümumtəhsil məktəblərində kurrikulumun tətbiqi çox zəifdir və şagirdlərə aşılanan bacarıq və vərdişlər lazımi səviyyədə deyil.
Bu ilin qəbul imtahanlarının nəticələri də problemləri ortalığa qoydu. Kurikulum islahatının nəticələri qaneedici deyil. Bu istiqamətdə işlər ciddi monitorinq edilməlidir. Dərsliklər, məktəb proqramları, müəllimlərin fasiləsiz hazırlığı sistemi kimi məsələlərə çox ciddi yanaşmaq lazımdır.

Təəssüf ki son 15-20 ildə orta ümumtəhsil və ali məktəb müəllimlərinin ixtisasartırma və təkmilləşdirilməsi sistemi dağıdıldı, əvəzində az səmərəli olan indiki model yaradıldı. Bəzi hallarda təhsilə az aidiyyatı olan bəzi qurumlar müəllimlərin təkmilləşdirilməsi ilə məşğul oldular. Artıq 20 ildir ki, inkişaf etmiş və inkişafda olan ölkələrdə müəllimlərin (eləcə də digər peşə sahiblərinin) ixtisasartırma və təkmilləşdirilməsi sistemi onlayn formatda, distant təhsil texnologiyaları ilə reallaşır. Sanki, hansısa sehrli əl bizim təhsil sistemimizin bu mütərəqqi təhsil texnologiyalarından istifadəsinə mane olur. Ali məktəb müəllimlərinin isə ixtisasartırma və təkmilləşdirilməsi sistemi artıq yoxdur. İnformasiyanın, texnologiyalarının indiki sürətli inkişafı dövründə, müəllimlərin ixtisasartırılması fasiləsiz, kütləvi və əlyetərli olmalıdır, bu isə yalnız İnternet üzərindən, distant təhsil texnologiyaları ilə mümkündür. Beynəlxalq təcrübə bunu çoxdan sübut edib. Bu söylədiklərim təhsildə olan problemlərin yalnız cüzi hissəsidir.

Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın elm və təhsilinin qlobal elm-təhsil məkanına inteqrasiyası üçün bir sıra fərmanlar imzalamışdır. Hələ 2003-cü ildə cənab prezident Cenevrədə “İnformasiya cəmiyyəti quruculuğu üzrə ümumdünya sammiti”ndə zamanı qeyd etmişdi ki, “uşaqlarımız bilikli olmalı, dünyada gedən prosesləri izləməli, yeni texnologiyalara sahib çıxmalıdırlar. İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olunmasına və tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik”. Cənab prezident İlham Əliyevin bu məlum çıxışından sonra insan kapitalının inkişafı məsələləri ölkəmizdə gündəmə daxil oldu.

Bu gün Azərbaycan Respublikası qarşısında duran strateji vəzifə sosial-iqtisadi həyatın modernləşdirilməsi, beynəlxalq təcrübə və elmi innovasiyaların sosial-iqtisadi həyata uğurlu tətbiqidir. Bu məsələnin həlli, məhz insan kapitalının inkişafı, onların müasir bilik və bacarıqlara yiyələnməsini tələb edir. Bu səbəbdən son 15 ildə ölkəmizin əsas hədəfi insan kapitalının inkişafıdır. Çünki müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi insan kapitalının səviyyəsi ilə müəyyən edilir. Təsadüfi deyil ki, BMT-nin “Minilliyin inkişaf məqsədləri” proqramında davamlı inkişafın təmin edilməsi üçün müəyyən edilmiş prioritet məqsədlərin əksəriyyəti insan kapitalının inkişafı ilə bağlıdır.

Ölkəmizdə reallaşan bir çox strateji sənədlərdə, həmçinin, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasıda təhsilin inkişafı üzrə Dövlət strategiyası”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Srateji Yol Xəritəsi”, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “Yüksəliş” müsabiqəsinin təsis edilməsi ( müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək, nəticə etibarı ilə insan kapitalının inkişafı və səmərəli istifadəsinə dəstək verməkdir) və digər sənədlərin hər birində insan kapitalının, təhsilin inkişafı prioritetdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, xalqımız istedadlı xalqdır, inanırıq ki, elm-təhsil sahəsində də ölkəmiz inkişaf edərək, mövcud problemləri həll edib inkişaf etməklə, elm və təhsil sahəsində innovasiyalarla qlobal səviyyədə nailiyyətlərə imza atacaqdır. 


SöhbətləşdiŞahnaz Salehqızı

 

0.10953783988953