Multikulturalizmin Azərbaycan modeli dünyanı daha çox özünə cəlb edir

Hər bir dövlətin əsas çağırışı gənc nəsli tolerantlıq və bərabərlik ruhunda tərbiyə etməkdən ibarət olmalıdır

Dünyada qloballaşma prosesləri gücləndikcə, mədəni müxtəlifliklər və çoxmədəniyyətlilik problemləri də daha qabarıq şəkildə özünü göstərir. Məlumdur ki, mədəniyyətlər millətlərin bir-birinə təsir göstərməsinə yönəlik bir dialoq və əməkdaşlıq formasıdır. Mədəniyyət millətlər arasında qarşıdurmanı önləyir, eyni zamanda millətlər və insanlar arasındakı fərqi ortaya qoyur.

Mədəniyyət həm də bütün mədəni imkanların mübadiləsinə və insanlar arasında fikir birliyinin yaranmasına zəmin yaradır, müharibələrin və münaqişələrin səbəb və əsaslarını aradan qaldırmağa xidmət edir. Mədəni əməkdaşlıq dünyada mövcud olan və baş verə biləcək münaqişələrin həllinə nəzarət baxımından da mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, bu heç də asan iş deyil. Bunun üçün çox ciddi hazırlıq, səy və səbr tələb olunur. Müsbət nəticələrin əldə olunması üçün bütün mədəni mübadilələrin faydaları və üstünlüklərindən xəbərdar olmaq lazımdır.

Onu da qeyd edək ki, bir cox millətlərdə mədəniyyəti qələbə üçün bir vasitə kimi qəbul etmək tendensiyası var, əlbəttə, bu, səhv yanaşmadır, amma faktdır. Bu cağırışlara qalib gəlmək və mədəni üstünlüklərdən düzgün istifadə etmək üçün bir çox şərtləri nəzərə almaq ehtiyacı yaranır.                                           

Bu da məlumdur ki, ingilis dilindən hərfi tərcümədə multikulturalizm "çoxlu mədəniyyətlər" anlayışını özündə ehtiva edir. Belə olan halda maraqlı bir sual ortaya çıxır- bir cəmiyyətdə çoxlu mədəniyyətlər ola bilərmi? Əgər belədirsə, o cəmiyyət ölümə məhkumdur, çünki Fransada, Almaniyada, Hollandiyada, Belçikada və Avropanın başqa dövlətlərində baş verdiyi kimi, o, öz eyniyyətini itirir. Əgər bizə belə bir Qərb anlamında "multikulturalizm" və ya "çoxlu mədəniyyətlilik" lazımdırsa, onda o, bizim xalqların illərlə yığdığı nəhəng dəyərlər sisteminin itirilməsinə, fəlakət və tənəzzülə səbəb ola bilər.

Məhz bu səbəbdən də, Qərbdən fərqli olaraq multikulturalizmin Azərbaycan modeli dünyanı daha çox özünə cəlb edir.

Qərbdə isə multikulturalizm artıq bumeranq effektini verir - multikulturalizm böyük Qərb mədəniyyətini yavaş-yavaş məhv olma həddinə çatdırıb. Bu da ondan irəli gəlir ki,

Qərb intellektualları özləri də, hələ multikulturalizm anlayışını axıra qədər müəyyənləşdirməyiblər. Məhz bu səbəbdən də, vaxtı ilə multikulturalizmin qlobal siyasətini aparan Qərb dövlətlərinin liderləri, indi öz söz və məsləklərindən imtina edirlər. Bu proses 2010-cu ilin sentyabrında baş verdi. Belə ki, Fransanın prezidenti Nikola Sarkozi, Almaniyanın kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri Ceyms Kameron multikulturalizmin iflasa uğradığını etiraf edərək, bir vaxtlar dəbdə olan multikulturalizm siyasətindən açıqcasına imtina etdilər.

Bundan sonra dünya ictimaiyyətində belə bir fikir formalaşdı ki, "multikulturalizm" termini "beynəlmiləl sovet mədəniyyəti" fenomeninə cavab olaraq uydurulub. Qərbdə 70 il ərzində onlarla peşəkar sovetşünaslar bu fenomenin nadirliyini, bəzən ona ağlabatan izah tapmayaraq öyrənirdilər.

Sovet Rusiyasının dünyaya ibrət dərsi verməyinin, qərb nöqteyi-nəzərindən tamamilə rassional olmayan yanaşmasını iki misalda göstərmək olar.

Birincisi, 1919-cu ildə Rusiyada hər tərəfdə aclıq, soyuq, yoxsulluq və vətəndaş müharibəsi tüğyan etdiyi, əhalinin böyük əksəriyyətinin kütləvi savadsız olduğu bir zamanda, düşünmək olardı ki, bütün ölkə, ən əsası da mədəniyyət itirilib. Elə bu vaxt Maksim Qorkinin təşəbbüsü ilə Dünya Ədəbiyyatı kitabxanası nəşr olunmağa başlandı.

İkincisi, 1941-ci ilin oktyabrın 19-da mühasirədə olan Leninqradda nə çörək, nə işıq, nə də istilik var idi, alman ordusu şəhərin mərkəzini bombalayır. Elə həmin vaxt, Leninqrad şərqşünaslıq məktəbinin nümayəndələri Ermitajın binasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin təntənəli yubileyini qeyd edərək, Şestakoviçin məşhur 7-ci simfoniyasını səsləndirirlər və Leninqrad cəbhəsinin siyasi idarəetməsi şərqşünas-məruzəçilərə əsas cəbhə xəttindən (Kolpino və Vnukova ətrafından) bir günlüyə uzaqlaşmağa icazə verir.

Məhz intellektual və mədəni elitanın bu fədakarlığı və mücahidliyi əsas amil olaraq ölkəyə iki güclü dövlətdən biri olmağa, ikinci dünya müharibəsində qalib gəlməyə, kosmosa birinci adam göndərməyə, idarə olunmayan iki kosmik aparatın Ayda və Marsda yerləşdirilməsinə, atom elektrik stansiyasını tikməyə, lazer texnologiyaları yaratmağa imkan verdi.

Bütün bunlar onu deməyə əsas verir ki, multikulturalizm təkcə musiqi və ədəbiyyat sahələrini əhatə etmir, o həm də cəmiyyətin bütün təbəqələrinə təsir edən siyasətə, iqtisadiyyata, dövlət idarəetmə sisteminə, ictimai həyata, elmə və s. ciddi təsir edən ictimai fenomendir. Bu baxımdan, Rusiya və Azərbaycanın tarixi və mədəniyyəti, hələ multikulturalizm termininin yaranmasından min il qabaq baş verən mədəniyyətlərin qarşılıqlı zənginləşməsi və dərindən çuğlaşmasının bariz nümunələridir.

Azərbaycan xalqı hər zaman öz muğamlarından, misiqisindən, memarlığından və mədəniyyətindən fəxrlə danışa bilər, çünki Azərbaycan bir region olaraq min illər boyu  İran, ərəb və rus mədəniyyətlərinin mədəni təsiri ilə formalaşıb və inkişaf edib. Bu da maraqlıdır ki, Rusiya Federasiyası dünyada öz ərazisində Azərbaycan dilinə dövlət dili statusunu (Dağıstan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qeyd olunub) verən yeganə ölkədir.

Biz beynəlmiləl sovet mədəniyyətini qəbul etməsək belə, etiraf etmək zorundayıq ki, totalitar sistemin ağırlığı altında devrilən bu model işləyirdi və kifayət qədər effektiv idi. Nəhayət, bu beynəlmiləl mədəniyyət sovet fenomeni kimi Qərb analitikləri üçün gözəl və gələcəyi olan alternativ multikulturalizmə stimul ola bilərdi. Bu da öz növbəsində, indi Qərbdə yer alan mədəni disbalansın qarşısını almaq imkanı verərdi.

Görünür, qloballaşma dövrün-də heç bir ölkə multikulturalizmin təsirindən yan keçə bilmir. Lakin inkişaf etmiş cəmiyyət öz mədəni, milli və mənəvi dəyərlərini mümkün olan dərin deformasiyalardan qoruyaraq böyük dəyişikliklər dövrünün çağırışına adekvat cavab verməlidir.

Bu gün biz tolerantlıq prinsipləri və mədəni müxtəlifliyə hörmətə əsaslanan yeni sivilizasiyalar və mədəniyyətlərə başqa bir alternativi qəbul etməyən bir cəmiyyətdə yaşayırıq. Bu, müasir dünyamızda baş verən proseslərin və modelləşmənin nəticələrinin tam şəkildə anlaşılması üçün mühüm şərtdir. Hesab edirik ki, dünya xalqları arasında sülh və barışıq ideyalarının irəliləyişində və mədəni müxtəlifliyin inkişafında əsas rolu məhz YUNESKO, İSSESKO, Türksoy kimi nüfuzlu təşkilatlar oynamalıdır. Bu təşkilatlar irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün xalqlar üçün ümumi hörmət və ədalətin təmin olunması məqsədilə xalqlararası əməkdaşlığın genişlənməsi və sosial birliyə yardım ücün vacib olan bütün ehtiyatlara və vasitələrə malikdir. Belə fəaliyyət bütün dünyada sülhün qorunmasına ən yaxşı təminatdır. Bununla yanaşı, multikultural və tolerant bir dünyanın qurulması və dünya birliyini təşkil edən xalqların əməkdaşlığının inkişafı üçün hər bir insanın dünyadakı unikal məsuliyyətini də anlamaq lazımdır. Hər bir dövlətin əsas çağırışı bu vacib məsələni vətəndaşların şüuruna yerləşdirə bilmək, gənc nəsli tolerantlıq və bərabərlik ruhunda tərbiyə etməkdən ibarətdir. Bizim hər birimiz dərk etməliyik ki, millətlərarası sülh və razılıq göydən enəcək bir nəsnə deyil, dövlətin gündəlik siyasət və təcrübəsi, bizim hamımızın əldə etdiyimiz nəticələrdir.

Müstəqillik illərində ölkədə etnik və dini bərabərliyin effektiv, hüquqi bazası yaradılıb. Bu bazanın əsasını ölkəmizdə yaşayan xalqların dini etiqad və dil azadlığı haqqındakı qanunları təşkil edir.

YUNESKO tərəfindən keçirilən foruma, dünya xalqlarının qarşılıqlı anlayış çağırışlarına yeni baxış bucağından baxmaq lazımdır. Sirr deyil ki, bir çox dünya xalqları bu problemlərlə tez-tez üzləşir və manələri dəf etmək üçün yollar axtarılır. Son dərəcə aktual olan bu məsələ YUNESKO-ya  üzv ölkələrdə böyük əks-səda doğurub və geniş müzakirə olunur. Təşkilat son illər bütün dünya üzrə mədəniyyətlərin beynəlxalq yaxınlaşmasına yönəlik minə qədər tədbir keçirib. Lakin görünən odur ki, milli və dini dözümsüzlük zəminində münaqişələrlə çirklənən müasir dünyanın oxşar layihələrə hələ çox ehtiyacı var.

Hesab edirik ki, bu layihələr dünya əhalisinin sonrakı qlobal fəaliyyətinə də öz müsbət təsirini göstərəcək. Bu təşəbbüslərin həyata keçirilməsi sülhün qorunması prosesində qlobal dialoqlara yardımçı olmaq, həmçinin də dünya ictimaiyyətinin göstərdiyi səylərin, eləcə də YUNESKO-nun XXI əsrdə yeni humanizm strategiyasının davamı ola bilər.

Təəssüflər olsun ki, yeni dövrün real çağırışları multikulturalizmin gələcəyinə inamla baxmağa imkan vermir. Bu gün dünyanın bir çox regionları etnoslararası və dinlərarası münasibətlərlə əlaqədar təhlükələrdən zərər çəkməkdədir. Dünyada dini-etnik dözümsüzlük müşahidə olunur. Bu, qarşılıqlı olaraq müqəddəs yerlərin, ibadətgah və qəbirlərin təhqir olunmasında, müqəddəs kitabların yandırılmasında, hansı dinin daha düzgün olub-olmaması haqqında mubahisələrdə müşahidə olunur. Ayrı-ayrı ölkələrdə daha cox milli identikliyi qorumaq kimi radikal metodlardan istifadə olunur. Hətta inkişaf etmiş ölkələrdə belə, qloballaşma bir cox etnik immiqrantların və milli azlıqların marağına toxunur. Qarşılıqlı incikliklər, etnik məsafələr və insanların bir-birinə qarşı inamsızlığı artır.

Bu gün Avropanın bir çox ölkələrində mədəniyyətlərarası siyasətin tənəzzülü göz qabağındadır. Bunun nəticəsində çoxmillətlilikdən və müxtəlif mədəniyyətlilikdən imtina təmayülləri ortaya çıxır. Bununla belə, qeyd etmək lazımdır ki, beynəlxalq birliklərin və dünya ictimaiyyətinin multikulturalizm böhranının qarşısını almaq üçün kifayət qədər imkanları var.

Onu da yaddan çıxarmaq olmaz ki, multikulturalizm dünyanın eybəcərliyi yox, tam əksinə, onun sərvətidir. Qloballaşan dünyamızda xalqların dinc- yanaşı yaşaması ümumi dəyərlərə və səylərə söykənən daimi və konstruktiv mədəniyyətlərarası dialoq deməkdir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.13516807556152