Qərb sivilizasiyası multikulturalizmdən imtina etməklə özünü çıxılmaz vəziyyətə salıb

Multikulturalizmin iflası təkcə milli və dini deyil, ictimai  və siyasi məsələlərə də ciddi təsir edə bilər

Dünyanın bir çox ölkələrində multikulturalizmin iflasa uğraması iddiası bu günün reallığına çevrilməkdədir. Bununla belə, həmin ölkələrin heç biri bəşəri birgəyaşayışın multikulturalizmin  alternativi ola biləcək yeni bir formasını cəmiyyətə təqdim etmək iqtidarında deyil. Bu onu deməyə əsas verir ki, bütün dünyaya demokratiya, insan haqları və sair adlarla öz hegemonluğunu qəbul etdirməyə çalışan Qərb sivilizasiyası, multikulturalizmdən imtina etməklə özünü çıxılmaz vəziyyətə salıb.

Bu gün sosial-humanitar elmlər sahəsində çalışan tədqiqatçı-alimlərin mübahisələrinə səbəb olan elmi debatlar arasında sivilizasiyaların insan şüurunun, cəmiyyətlərin, eləcə də dövlətlərin inkişafında rolunun mühüm əhəmiyyət kəsb etməsi mövzusu daha qabarıq şəkildə özünü göstərir. Amerikalı alim Samuil Hantinqtonun "Sivilizasiyaların toqquşması" adlı məşhur məqaləsindən sonra bu nəzəriyyə təkcə alimlərin deyil, bir çox nüfuzlu siyasətçilərin də diqqətini cəlb edib və geniş auditoriyalarda müzakirə olunan prioritet mövzulardan birinə çevrilb. Bu da səbəbsiz deyil, çünki biz son zamanlar dünya ölkələrinin böyük bir qismində İslamofobiya zəminində dini simvollara qarşı hücumlarla qarşılaşırıq və bu tendensiya Qərb dövlətlərində daha açıq şəkildə özünü göstərir. Bu da öz növbəsində başqa bir neqativ təzahür olan, ən başlıcası isə, müsəlman ölkələrinin milli maraqlarına cavab verməyən Vesternfobiya hallarının da artmasına səbəb olur.

Bizə belə gəlir ki, müasir dünyamızda bu kimi təzahürlərin qarşısını ala biləcək əsas qüvvə gənclər ola bilər. Diqqətinizə çatdıraq ki, belə bir təşəbbüs hələ 2007-ci ildə irəli sürülmüşdü. 

Belə ki, Gənclər Sivilizasiyaların İttifaqı uğrunda layihəsi 2007-ci ildə İslam Əməkdaşlıq Təşkilatı yanında üzv qurum statusuna malik olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən BMT-nin eyniadlı proqramında gənclərin iştirakını təmin etmək məqsədilə təklif olunmuşdu. Layihə çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ev sahibliyi ilə elə həmin ilin payızında Bakıda "Gənclərin Sivilizasiyası Düşərgəsi" və "Nəsillərarası Beynəlxalq Konfrans" keçirilib. Beş il sonra- 2012-ci ilin aprel ayında keçirilən tədbirdə Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatı (SİuQGH) yaradılıb və layihə institusional xarakter alıb.

Bu layihənin əsas məqsədi qərar qəbul etməyə səlahiyyəti olan nüfuzlu siyasətçilər üçün işlək platforma yaratmaq, bu platforma vasitəsilə dini və mədəni qarşılıqlı anlaşma sahəsindəki mövcud stereotipləri aradan qaldırmaq və bunun gələcək perspektivdə institutlaşmasına, xüsusən də bu prosesdə gənclərin fəallığına nail olmaqdan ibarətdir.

Bu hərəkatın əsas komponentlərindən biri olan Gənc Çevik Qrupu müxtəlif ölkələri, mədəniyyətləri və dinləri təmsil edən gənc liderlərdən ibarət olmaqla, dini və mədəni fobiya zəminində yaranan böhranların həll edilməsi işinə töhfə vermək məqsədi daşıyır. Gələcəkdə isə yaxşı təlim keçmiş qruplar dünyanın müxtəlif yerlərində yarana biləcək böhranlı vəziyyətlərin həll edilməsi üçün müvafiq bölgələrə də göndərilə bilər və onlar öz məqsədlərinə çatmaq üçün ciddi fəaliyyət göstərəcəklər.

Onu da xüsusi qeyd etməyi vacib bilirik ki, SİuQGH heç də bu sahədə yarana biləcək bütün problemlərin aradan qaldırılmasında hegemon rolunu oynamaq iddiasında deyil. Bununla belə, qloballaşma proseslərinin sürətlə getdiyi bir zamanda gənclərin ideoloji dəyişikliklərə həssas olduğunu nəzərə alsaq, yeni təsis olunan hərəkat heç şübhəsiz ki, bu istiqamətdə çox böyük işlər görə bilər. Bu işlərin arasında ekstremizm və dini ayrı-seçkiliyin aradan qaldırılması üzrə müxtəlif sivilizasiyalar arasında birliyin yaranmasını təmin edə biləcək dialoqun təsis olunması  SİuQGH -nin qarşısında duran əsas məqsədlərindən biridir.

Bu baxımdan "SİuQGH" təşəbbüsünü multikulturalizm prosesinin bir mexanizmi kimi də qəbul etmək olar. Məlumdur ki, "miltikulturalizm" anlayışı nisbətən yeni bir termindir. Biz bu termin haqqında danışmaq istəyiriksə, ilk əvvəl onu da qeyd etməliyik ki, bu terminin yaranmasından uzun əsrlər əvvəl də sivilizasiyalararası münasibətlərin tənzimilənməsində belə bir yanaşma forması mövcud olub. Biz bunun təsdiqinə qədim alim və filosofların, xüsusən də, yunan filosofu Platonun əsərlərində rast gəlirik. Onlar varlığı və dünya anlayışını idealistcəsinə izah edirdilər. Platonun da yer üzündə bütün canlıları birləşdirə biləcək vahid bütöv yanaşması var idi.

Bu yanaşma müasir elmi nöqteyi-nəzərdən kifayət qədər mübahisəli və müəyyən mənada arxaik hesab olunsa da, qlobal yanaşma idi. Ancaq Platon artıq təsdiqləyib ki, bu anlayış yaranışından insan təbiətinə xasdır. Bu da onu deməyə əsas verir ki, bəşəriyyətin inkişafının bütün mərhələlərində multikulturalizm bir termin və hadisə olaraq daim mövcud olub və  belə demək mümkünsə, dünya heç bir vaxt bu ictimai münasibətdən təcrid olunmayıb.

Əgər belə olmasaydı, onda heç vaxt nə çoxmillətli, nə də böyük bəşəri mədəniyyətlər olmazdı. Çünki özü üçün hər hansı sərhədlər müəyyənləşdirən və yalnız öz hüdudlarında fəaliyyət göstərən hər bir mədəniyyət özünü tənəzzülə məhkum edərdi.

Göründüyü kimi, bütün kataklizmlərə, sosial, məişət, siyasi xarakterli problemlərə baxmayaraq bəşəriyyət, dünya inkişaf edir. Biz razılaşmalıyıq ki, bütövlükdə intellekt, idrak, şüur və mədəniyyət daim irəli gedir. Buna görə də, multikulturalizmin  bəşər varlığının ümumi inkişafının əsaslarından biri olduğunu qeyd etməliyik.

Multikulturalizmin insan sivilizasiyasına təsirinə dair çox misallar gətirmək olar. Məsələn, 6-cı Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edən Azərbaycanın görkəmil elm xadimi, professor Nərgiz Paşayeva qeyd edib ki, əgər insanın şüurunda və intellektində mücərrəd təfəkkür, yaradıcı fikrində multikulturalizm ideyası olmasaydı, onda Nizami hələ o vaxt, XII əsrdə yeddi mədəniyyəti təsvir etdiyi "Yeddi gözəl" əsərini yazmazdı. Höte, deyək ki, "Şərq divanı"nı yazmazdı. Yalnız ədəbiyyat və poeziya sahəsində deyil, eyni zamanda memarlıq sahəsində də dünyaya öz incilərini - şah əsərlərini bəxş edən ərəb-ispan mədəniyyəti yaranmazdı. Orta əsrlərdə islam və xristianlığın belə sintezini mədəniyyətlərin dialoqu, yəni multikulturalizmin çiçəklənməsi  kimi qəbul etmək olar və proses bu gün də davam edir: "Yəni miltikulturalizm hadisəsi yeni deyil və biz çağırışlarımızla insanların yaddaşlarında, kütlənin şüurunda həmişə olanları bərpa etmək istəyirik. Bunsuz bəşəri inkişaf mümkün deyil".

Bununla belə, müasir dünyada bu terminlə bağlı yeni problemlər ortaya çıxır və ona başqa məna verməyə çalışırlar. Məsələn, multikulturalizm Amerika kimi ölkələrə, "qaynar qazan"  ideyasına, yəni bir ölkədə bir çox millətlərin və mədəniyyətlərin birgə mövcud olduğu və dəqiq millət anlayışı olmayan dövlətlər modelinə daha yaxındır. Bunu həmçinin sovet dövründə, fərqli mədəniyyətlərə, fərqli dünyagörüşlərinə, fərqli mentalitetlərə aid insanların bir dövlətdə birləşdiyi beynəlmiləl sovet dövlətinə də aid etmək olar.

Son zamanlar isə Avropa multikulturalizmin iflasa uğradığını qəbul və bəyan edir, bəzən bunu hətta dövlət xadimlərinin dilindən də eşitmək olur.

Qeyd etmək lazımdır ki, multikulturalizmin iflası təkcə milli və dini məsələlərə deyil, eləcə də ictimai  və siyasi məsələlərə ciddi təsir edə bilər. Belə ki, bəzi inkişaf etmiş millətlərin  öz üstunlüyünü vurğuladığı və beləliklə də ən yaxşı halda multikulturalizmin daha az inkişaf etmiş komponentlərində özünü təcrid olunmuş vəziyyətdə hiss edir, ən pis halda isə müəyyən natamamlıq kompleksləri ortaya çıxır ki, bu da müəyyən münaqişələrin yaranmasına səbəb olur. Onlar da daha çox ictimai və siyasi xarakter daşıyır.

Bu məsələyə münasibətini açıqlayan professor Nərgiz Paşayeva deyir: "Bunlar multikulturalizmi müəyyən edən yeganə və ən vacib aspektlər olmadığından  mən diqqəti digər, ümumbəşəri humanitar aspektə yönəltmək istəyirəm. Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku Forumda çox gözəl bir fikir söylədi: "Dünya - Allahın adıdır". Həqiqətən, multikulturalizm çətin məqsəd və çətin ideyadır. Bəşəriyyət hər zaman qarşısına məqsəd və hədəflər qoyur. Hal-hazırda ortaya qoyulan qlobal məqsəd çoxmədəniyyətli cəmiyyət, çoxmədəniyyətli məkan yaratmaqdır. Belə ki, dünya daha çox inkişaf etdikcə, hər bir fərd də özünü daha çox müstəqil şəxsiyyət kimi dərk edir. Və hər bir fərdin maraqları ilə ümumi maraqlar arasında qarşıdurma yaranır. O cümlədən, ayrı-ayrı dövlətlər və ya bütövlükdə dünya maraqları arasında münaqişələr baş verir".

Professor daha sonra qeyd edir ki, bu münaqişələr həmişə olub və olacaq. Əgər bu münaqişələr olmasaydı, cəmiyyətin dialektik inkişafı olmazdı: "Düşünürəm ki, biz alimlərin, ədəbiyyatşünasların hədəfi cəmiyyətin əbədi mənalara, əbədi ideyalara,  "Dünya Allahın adıdır" fikrinə meyllənməsi üçün çalışmaq olmalıdır. Xristian dininin daşıdığı mərhəmət ideyası çoxlarını birləşdirdi. Ədalət ideyasını daşıyan İslam dini də çoxlarını öz ətrafına toplaya bildi. Mənə elə gəlir ki, müasir dövrdə bu humanitar aspekt, humanitar anlayışlar müəyyən münaqişələrdən xilas olmağa kömək edə bilər".

Qeyd etmək lazımdır ki, müasir dövrün mürəkkəbliyi, əsasən unudulmuş haqq-ədalət ideyaları ilə daha sıx bağlıdır. Onlar haqq-ədalətin özündən yox, onun şərhindən asılı olmağa başlayıblar. Əgər bu şərhlər ümumbəşəri dəyərlərdən yox, maddi rifahdan və ya başqa dəyərlərin rəyindən asılı olacaqsa, təəssüf ki, münaqişələr də yaranmaqda davam edəcək. Burada yalnız Avropa və Şərq mədəniyyətinin yox, hər bir mədəniyyətin əsasını təşkil edən baza anlayışları bəşəriyyəti xilas edə bilər. Yalnız onlar insanların bir dövlətdə, bir məkanda birgə yaşamalarına imkan yarada bilər. Bu, müasir dünyada alimlərin, siyasətçilərin, ayrı-ayrı insanların, ictimai təşkilatların can atmalı olduğu həmin məna, həmin ideyadır ki, bu gün Azərbaycan dövləti bu ideyanı gerçəkləşdirməyə çalışır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.054782867431641