"Dostluq" ordeninə Mehriban xanımdan çox layiq olanı tanımıram

“Hörmətli Mehriban xanım Əliyevanın olduqca rəmzi bir ordenlə təltif edilməsi Azərbaycanın Birinci vitse-prezidenti və Birinci xanımının ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin gücləndirilməsinə böyük töhfəsinə verilən qiymətdir". Bunu Report-a rusiyalı deputat, Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

Rusiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə Azərbaycanın Birinci vitse-prezidentinin töhfələrindən danışan deputat "Dostluq" ordeninə Mehriban Əliyevadan daha çox layiq olan şəxs tanımadığını dilə gətirib.

“Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban xanımın təşəbbüsü ilə bütün dünya boyu həyata keçirilən saysız-hesabsız mədəniyyət, xeyriyyə layihələri, tədbirləri xatırlayaq. Onun birbaşa iştirakı ilə bir çox tarixi, mədəni abidələr bəşəriyyət üçün xilas edilib. İctimai inkişafın artıq əhəmiyyətini itirən Avropa modeli fonunda Azərbaycan multikulturalizminin tanıdılmasına Mehriban xanımın diqqəti isə ən yüksək təqdirəlayiqdir.

Azərbaycan kimi, Rusiya da çoxmillətli ölkə olduğundan Mehriban xanıma təqdim edilən bu orden qarşılıqlı hörmətə, bir-birimizin mədəniyyətinə marağa əsaslanan birgə tarixi keçmişimizi, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin güclənməsini ifadə edir. Odur ki, fürsətdən istifadə edərək Mehriban xanımı "Dostluq" ordeninə layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, Rusiya və Azərbaycanın qardaş xalqlarının rifahı naminə möhtəşəm layihələrin yerinə yetirilməsində bundan sonra da uğurlar diləyirəm”, – D.Savelyev deyib.

Rus politoloq Mehriban Əliyevanın təltif olunmasını şərh edib

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyanın "Dostluq" ordeni ilə təltif olunması, ilk növbədə, onun mədəniyyət və humanitar sahədəki fəaliyyəti, xalqlarımız arasındakı dostluq münasibətlərinə verdiyi böyük töhfə ilə bağlıdır". Bu fikirləri rusiyalı ictimai xadim, “Siyasi Araşdırmalar İnstitutu”nun baş direktoru, politoloq Sergey Markov bildirib.

“Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva bu qurumun fəaliyyətini Rusiya ilə Azərbaycan arasındakı mədəniyyət sahəsində müştərək layihələri dəstək məcrasına yönəldir. Ötən illər həyata keçirilən onlarla, bəlkə də yüzlərlə layihə sırasında Moskvada geniş maraq doğuran Azərbaycan rəssamlarının sərgilərini qeyd etmək olar. Sovet rəssamlıq məktəbi çox yüksək səviyyədə olub. Bakıda da Rusiyanın müasir dizaynerlərin sərgiləri təşkil olunur. Bununla yanaşı, Mehriban Əliyevanın dəstəyi ilə Həştərxan vilayətində çox sayda tədbirlər keçirilir.

Mehriban Əliyevanın "Dostluq" ordeninə layiq görülməsi Birinci vitse-prezidentin ölkələrimiz arasındakı dostluq münasibətlərinə böyük şəxsi töhfəni təsdiq etməklə, eyni zamanda Rusiya ilə Azərbaycan arasında bu gün sürətlə inkişaf edən münasibətlərin yüksək səviyyəsini ifadə edir”, – S.Markov fikrini tamamlayıb.

0.11075210571289