Ekspert: Bakı olmadan regionda heç bir geoiqtisadi layihəni reallaşdırmaq mümkün deyil - MÜSAHİBƏ

İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutun paralel.az-a müsahibəsi:

- Avqustun 12-də Türkmənistanda Birinci Xəzər İqtisadi Forumu keçiriləcək. Xəzəryanı dövlətlərin başçıları tədbirdə hansı məsələləri müzakirə edəcəklər?

- Bir il əvvəl Aktauda tarixi hadisə baş verdi: Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan və İran rəhbərləri Xəzərin hüquqi statusu haqqında Konvensiya imzaladılar.

Konvensiyanın hazırlanması və razılaşdırılması üçün 22 il iş aparılıb. Sənəd gəmiçilik, balıqçılıq, elmi tədqiqatlar, boru kəmərlərinin salınması sahələrində region dövlətləri arasında əməkdaşlığı tənzimləyir, üçüncü qüvvələrin və dövlətlərin Xəzər dənizində hərbi mövcudluğunu qadağan edir.

Xəzərin heyrətamiz ekologiyası məsələlərinə xüsusi diqqət ayrılıb. Bazar ertəsi Türkmənistanda Konvensiyanın imzalandığı gündən bəri keçən dövr ərzində sənədin müddəalarının reallaşdırılmasına yekun vurulacaq.

Forumun region üçün kifayət qədər qeyri-sakit dövrdə keçirildiyini qeyd etmək lazımdır. Bu, İranın ABŞ, İsrail və Fars körfəzi ölkələri ilə olan qarşıdurması ilə bağlıdır. Şübhəsiz ki, Xəzəryanı dövlətlərin başçıları kövrək sülhün qorunmasının vacibliyini dərk edirlər və buna görə də, fikrimcə, forumda iqtisadi mövzu ilə yanaşı, beynəlxalq və regional təhlükəsizliyin təmin edilməsi, terrorçuluqla mübarizə, Cənubi Qafqazda mövcud dondurulmuş münaqişələrin, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələlərinə böyük diqqət ayrılacaq.

- Hazırda Xəzəryanı ölkələr arasında əməkdaşlıq necə inkişaf edir? Bakının regional rolunu necə qiymətləndirirsiniz?

- Bakı regiondakı olduqca mürəkkəb vəziyyətdən asılı olmayaraq, həmişə dialoqun, qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərin inkişafını dəstəkləyir. Azərbaycan regional lider kimi özünü tam təsdiq edib. Bu dövlət olmadan Cənubi Qafqazda və Xəzər dənizi hövzəsində heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək mümkün deyil.  

Bakı Xəzər dənizinin enerji resurslarının etibarlı tədarükçüsüdür. Məsələn, İsraildə istehlak olunan neftin ümumi həcminin 65 faizi Azərbaycandan idxal edilir. Bakı Avropa üçün enerji şaxələndirilməsinin və təhlükəsizliyinin etibarlı qolu qismində də çıxış edir. Azərbaycan təkcə regionda iri enerji mərkəzi deyil, həm də əsas neft və təbii qaz istehsalçısıdır.

Xəzər nefti və qazı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri vasitəsilə Gürcüstan ərazisi üzərindən Türkiyəyə çatır. Bakı və onun Qərb tərəfdaşları hazırda “Cənubi Qaz Dəhlizi”nə (CQD) daxil olan boru kəmərləri şəbəkəsinin tikintisini başa çatdırır.

Azərbaycanın böyük qaz ehtiyatları CQD vasitəsilə Avropaya tədarük ediləcək. CQD bu gün azı üç boru kəmərini – Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) – birləşdirir. Sadalanan boru kəmərləri Xəzər şelfində təsdiq edilmiş ehtiyatları 1,2 trilyon kubmetr olan “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq Azərbaycan qazının Avropa bazarlarına nəqlini nəzərdə tutur.

Avropanın Azərbaycan qazını CQD vasitəsilə 2020-ci ilin əvvəlindən almağa başlayacağı gözlənilir, tədarüklərin illik həcmi 10 milyard kubmetr təşkil edəcək.

Bu xarici siyasi strategiyada Azərbaycan Prezidenti İlham Əliyevin böyük və əvəzsiz rolu var. Prezident İlham Əliyev beynəlxalq strategiyanın və geosiyasi məsələlərin incəliklərini çox gözəl bilir, eləcə də öz ölkəsinin milli maraqlarını əla qoruyur. Məhz buna görə də görürük ki, İlham Əliyevin başçılığı ilə Azərbaycan praktiki olaraq birləşməsi mümkün olmayanları birləşdirir.

Bakının etnik baxımdan yaxın Türkiyə ilə gözəl strateji münasibətləri var, İranla kifayət qədər yaxşı əlaqələr saxlayır. Azərbaycan və İsrail arasında çox yüksək səviyyəli siyasi-strateji tərəfdaşlıq mövcuddur. Bütün bunlar birlikdə Azərbaycanın tarazlaşdırılmış çoxvektorlu xarici siyasət kursunun uğur qazanmasına təminat verir.

- Birinci Xəzər İqtisadi Forumundan bir gün sonra Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə sayca üçüncü üçtərəfli sammit keçiriləcək. Hazırda prezidentlər arasında müzakirələrin aparılması üçün hansı mövzuları daha aktual hesab edirsiniz?

- Qarşıdakı danışıqların mövzusu açıqlanmasa da, onun hər şeydən əvvəl yeni nəqliyyat dəhlizlərinin mənimsənilməsinə, ümumi enerji kəmərinin yaradılmasına, “Şimal-cənub” layihəsi vasitəsilə “İpək Yolu”nun cənub dəhlizinə çıxmağa həsr olunacağı şübhə doğurmur. Eyni zamanda, aydındır ki, belə layihələrin reallaşdırılması üçün regionda sabit siyasi vəziyyət olmalıdır.

Bəzi erməni ekspertləri iddia edirlər ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitinin gündəliyinə Ermənistanın maraqlarına zidd olan layihələr salınacaq: Azərbaycanın infrastrukturu vasitəsilə İran və Rusiyanın enerji sistemlərini sinxronlaşdırmağı nəzərdə tutan Şimal-Cənub enerji dəhlizinin tikintisi, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat-logistika dəhlizində Azərbaycan hissəsinə razılaşdırılmış statusun verilməsi. Azərbaycanın 20 faiz torpağını işğal etmiş ölkənin Şimal-Cənub layihəsində iştiraka heç cür ümid edə bilməyəcəyi tam aydındır.

Ermənistanın bütün bəlaları onun rəhbərliyinin apardığı işğalçı siyasətdən irəli gəlir. Buna görə də o, regionun ən kasıb ölkəsidir, irimiqyaslı regional layihələrdə iştirakdan təcrid olunub. Cənubi Qafqaz ölkələri arasında ən asılı ölkənin Ermənistan olduğu şübhəsizdir.

Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri kimi geosiyasi arxitekturanın yenidən qurulmasında açar rol oynayır. Yoxsul Ermənistan isə ən azından bu proseslərin iştirakçısı olmağa çalışır.

Enerji marşrutları haqqında “Paşinyanın yeni strategiyası” ilə bağlı pərişan söhbətlər məhz buna işarə edir. Lakin regionda hamı gözəl başa düşür ki, Yerevanın təcridi yalnız bir şərtlə başa çatacaq: Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir.

“Şimal-Cənub” onun bütün iştirakçılarına xeyli dividendlər qazandıracaq, gələcəkdə isə İndoneziya, Malayziya və Cənubi-Şərqi Asiyanın digər ölkələri bu layihəyə qoşula bilər. Bu dəhliz Çinin “Böyük İpək Yolu” layihəsinə əlavə olacaq. O, Rusiya, Azərbaycan və İran üçün təkcə birbaşa iqtisadi uduş deyil, həm də əlavə rəqabət qabiliyyətli üstünlüklər vəd edir.

Rusiya-Azərbaycan-İran iqtisadi əməkdaşlıq strategiyasının qurulması onun gələcəkdə siyasi müstəvidə də əks olunması imkanını açır. Hər halda bu tərəfdaşlıq bir neçə il əvvəl Azərbaycan və İran arasında mövcud olmuş gərginliyin dərəcəsini artıq xeyli azaldıb.

Hər iki ölkə ilə sıx strateji əməkdaşlıqla bağlı olan Rusiya bu siyasi xəttin gələcəkdə dərinləşməsində açar rolunu oynaya bilər. Bakı üçün isə bu format xarici əlaqələrin şaxələndirilməsinə xidmət edir.

Qeyd etmək lazımdır ki, İran rəhbərliyi son vaxtlar Azərbaycanla münasibətlərdə kəskin məsələlərdən yan keçməyə çalışır, bunun əvəzində isə iki ölkə arasında sayı az olmayan qarşılıqlı maraqlara diqqət ayırır. Hazırda Bakı və Tehran arasında münasibətlər qarşılıqlı anlaşma səviyyəsinə yüksəlib, bu da çox vacibdir.

Digər tərəfdən, Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Onun əsasında çoxdankı dostluq və mehriban qonşuluq ənənələri, bir-birinin maraqlarına hörmət, ümumi tarix və mədəniyyət dayanır.

İki ölkənin dövlət başçıları, hökumətləri və parlamentləri arasında etibarlı təmaslar məhz bu cür möhkəm təməl əsasında inkişaf edir. Lakin ölkələr arasında əlaqələrin güclü dayağı və bazisi, heç şübhəsiz, İlham Əliyev və Vladimir Putin arasındakı möhkəm dostluq və çox yaxşı şəxsi münasibətlərdir.

Bununla yanaşı, liderlər Azərbaycan-Rusiya-İran sammitində rəsmi Vaşinqtonun İran əleyhinə kəskinləşən ritorikasını, regional gərginliyin eskalasiyası məsələlərini müzakirə edəcəklər. Bu baxımdan Moskva və Bakı arasında əlaqələrin möhkəmlənməsi Tehran üçün xüsusi önəm kəsb edir.

Ümumilikdə isə prezidentlər qarşılıqlı mənfəət doğuran əməkdaşlığın inkişafının geniş spektrini müzakirə edəcəklər. Hazırda Bakı, Moskva və Tehran arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsinin yaxşı perspektivləri mövcuddur.

Rasim Babayev

0.15338182449341