Multikulturalizmin Azərbaycan modeli bütün dinlərin bərabər status almasına imkan yaradır

Prezident İlham Əliyevin apardığı siyasətin əsas prioritet istiqamətlərindən biri multikulturalizmdir

XX əsrin sonlarında dünyanın ən güclü siyasi  və cəlbedici sosializm formasiyasının  bərqərar olduğu  SSRİ-nin  süqutu ilə postsovet məkanında, o cümlədən, Qafqaz respublikalarında milli oyanış hərəkatı başlandı və bu dövlətlər öz müstəqilliyinə nail ola bildi. Lakin bu müstəqillik heç də asan başa gəlmədi. Bir sıra hərbi-siyasi və iqtisadi  proseslər nəticəsində Gürcüstanda millətlərarası münasibətlərin mövcud tarazlığının deformasiyası baş verdi. Erməni separatizminin baş qaldırması nəticəsində bu ölkədə yaşayan azərbaycanlıların və digər etnik azlıqların kütləvi deportasiyası, Ermənistanı faktiki olaraq monoetnik dövlətə çevirdi.

Azərbaycanda isə dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı və uzaqgörən siyasəti nəticəsində bütün çətinliklərin, dağılma tendensiyasının qarşısı alındı, eləcə də müxtəlif mədəniyyətləri və dinləri birləşdirən dövlət olaraq özünü qoruya bildi. Ölkədə demokratik, eyni zamanda multikultural bir cəmiyyətin formalaşdırılması prosesinə start verildi.

Burada belə bir sual meydana çıxır, bəs multikulturalizm nədir?

Multikulturalizm ilk növbədə, bir ölkədə müxtəlif mədəniyyətlərin qarşılıqlı münasibətlərinin formalaşdırılmasına yönəlik demokratik dövlət siyasətidir. Multikulturalizm həm də hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc- yanaşı yaşama prinsiplərinin əsasını təşkil edən bir anlayışdır. Ölkəmiz üçün fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük təbii haldır. Çünki müxtəlif xalqlara, millətlərə, dinlərə tolerant münasibət Azərbaycan xalqının mentalitetinə xas əsas xüsusiyyətlərdən biridir.

Bunun nəticəsidir ki, Azərbaycan Respublikası dünyada polietnik dövlət kimi tanınır. Azərbaycan xalqı dövləti təşkil edən etnoslardan - Azərbaycan türklərindən və milli azlıqlardan - udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və s. formalaşıb. Məlumdur ki, bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmayıb və buna görə də Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan millətinin nümayəndələri hesab olunurlar. Onlardan başqa ölkəmizdə həm də ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar məskunlaşıblar. Bu milli azlıqların hər birinin müvafiq olaraq tarixi vətəni var və Azərbaycan ərazisində yaşayan milli azlıqlara aid edilirlər.

 Qeyd etmək lazımdır ki, təkcə Bakıda milli azlıqlara məxsus iyirmidən çox müxtəlif dini və mədəni icma fəaliyyət göstərir. Onların arasında: rusların, ukraynalıların, kürdlərin, lakların, ləzgilərin, slavyan mənşəli xalqların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların cəmiyyətləri daha fəaldır. Məlumdur ki, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda da  belə icmalar fəaliyyət göstərir və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyasını qoruyub saxlayan unikal xüsusiyyətlərin daşıyıcıları hesab olunurlar.  Azərbaycanda dağ yəhudilərinin kompakt şəkildə yaşadıqları- Qırmızı Sloboda (Quba rayonu), molokan kəndi İvanovka (İsmayıllı rayonu), udin kəndi Nic (Qəbələ rayonu), öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi (Quba rayonu) və başqa milli azlıqların yaşadığı belə ərazilər mövcuddur və onların hamısı Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Azərbaycan dövlətinin reallaşdırdığı multikultural siyasət nəticəsində etnik azlıqlara yerli əhali ilə bərabər hüquqlar verilib və onlar həmin hüquqlardan heç bir təhdid və təzyiqlə üzləşmədən tam yararlana bilirlər.

Azərbaycan dövlətinin diqqət və qayğısının nəticəsidir ki, etnik azlıqların kompakt yaşadığı yerlərdə ümumtəhsil məktəblərinin ibtidai siniflərində doğma dil tədris olunur. Müvafiq dillərdə tədris proqramları və dərs vəsaitləri, folklor və şeir məcmuələri, bədii ədəbiyyat nəşr olunur. Qəzet və jurnallar çıxır, dövlət milli teatrları və bədii özfəaliyyət kollektivləri fəaliyyət göstərir.

Ölkəmizdə mövcud olan mədəni birgəyaşayışı və harmoniyanı özündə əks etdirən müxtəlif nümunələr tarixi abidələrdə öz əksini tapıb. Azərbaycan hökuməti həmin nümunələrin və tarixi abidələrin qorunması layihəsi çərçivəsində Astara, Qax, Quba, Zaqatala və digər rayonların tarix-diyarşünaslıq muzeylərində, həmin ərazilərdə yaşayan etnik azlıqların irsini və ənənələrini əks etdirən ekspozisiyalar təşkil edir.

Onu da qeyd etmək vacibdir ki, ölkəmizdə, eləcə də beynəlxalq arenada mədəniyyətlərarası ünsiyyətin tarazlı şəkildə qurulmasında, üç dini dövrdən - zərdüştlük, xristianlıq və islamdan keçən və öz şüuruna bunları həkk etdirən Azərbaycan xalqının tarixi yaddaşının mühüm rolu var. Bunun nəticəsidir ki, ölkəmizdə dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə ola biləcək  xüsusi modeli formalaşıb. Müasir Azərbaycanın multikulturalizm modeli bütün dinlərin qanun qarşısında bərabər status almasına imkan yaradıb. Dövlət ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, respublika ərazisində mövcud olan bütün digər ənənəvi dinlərə də qayğı və diqqət göstərir.

Azərbaycan dövləti öz tarixi ənənələrinə söykənərək vətəndaşların mədəni, o cümlədən dini tələbatlarının təmin edilməsi üçün lazım olan bütün işləri ən yüksək səviyyədə həll etməklə, hər bir vətəndlaşın məmnunluğunu təmin etməyə çalışır. Ölkəmizdə çoxsaylı məscidlər tikilir, təmir olunur. Dövlət eyni zamanda digər dini konfessiyalara məxsus ibadət yerlərinin-kilsə, sinaqoq və s. bərpasına və tikintisinə həm maddi, həm də mənəvi dəstək verir. Məsələn, Bakıda "Müqəddəs qadınlar" kilsəsi açılıb. Qeyd edək ki, bu kilsə XX əsrin əvvəllərində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə tikilib və çox maraqlıdır ki, XXI əsrin əvvəllərində digər azərbaycanlı xeyriyyəçinin maliyyə dəstəyi ilə bərpa olunaraq dindarların istifadəsinə verilib.

Məlumdur ki, pontifik II İohann Pavelin Azərbaycana səfəri zamanı tikintisinə xeyir-dua verdiyi yeni katolik kostyolu da Azərbaycan dövlətinin dəstəyi və yardımı ilə tikilib. Bu kilsə 1930-cu illərdə dağıdılan məbədin ənənələrini davam etdirir.

Bakıda, sovet dövründə qapadılan və başqa məqsədlər üçün istifadə edilən sinaqoq da təmir olunaraq dindarların istifadəsinə verilib.

Ölkəmizdə mövcud olan multikultural və tolerant mühitdən, millətlər və dinlərarası münasibətlərdən danışarkən qeyd etmək  lazımdır ki, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, bütün vətəndaşların bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Ölkəmizin milli siyasət konsepsiyası həmçinin aşağıdakı beynəlxalq sənədlərə əsaslanır:

- BMT-nin "İnsan haqları ümumi deklarasiyası»,

- Avropa Şurasının "Əsas azadlıqların və hüquqların qorunmasına dair»  konvensiyası",

 -BMT-nin "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı,»

-Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə İclasın Yekun Aktı,

-ATƏT-in insan meyarları üzrə Konfransının Kopenhagen sənədi,

-Avropa Şurasının "Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası,»

-Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş "Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi üzrə Konvensiya.

- Azərbaycan Respublikasının milli siyasətinə həsr olunan dövlət sənədi- "Azərbaycan Respublikasında yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dilinin və mədəniyyətinin inkişafına dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

Bu da danılmaz faktdır ki, milli azlıqların hüquq və azadlıqlarının qorunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasətin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini  məsələlər şöbəsinin, eləcə də Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin yaradılması da, bu siyasətin həyata keçirilməsini təmin etmək funksiyasını yerinə yetirir. Belə bir struktur  həm də Milli Məclisdə fəaliyyət göstərir.

Azərbaycan qanunlarının verdiyi bərabər hüquq və imkanlardan istifadə edən müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində məhsuldar işləyərək ölkənin inkişafına layiqli  töhfələr verirlər. Belə ki, onlar Azərbaycan Respublikasının hökumətində və digər dövlət strukturlarında çalışırlar. Azərbaycan parlamentində- Milli Məclisdə də ölkəmizdə məskunlaşan etnik azlıqların nümayəndələri təmsil olunurlar.

Bunu da xüsusi qeyd etmək lazımdır ki, 2010-cu il parlament seçkiləri zamanı ATƏT-in Demokratik Təsisatlar İnstitutları, İnsan Haqları üzrə Bürosu və müşahidə komissiyası Azərbaycanda, ölkədə yaşayan etnik azlıqların seçkilərdə iştirakı məsələsində heç bir problemin olmadığını öz hesabatlarında xüsusi qeyd ediblər.

Bu gün ölkəmizdə müxtəlif etnik qrupların çoxşaxəli fəaliyyətləri üçün bütün imkanlar yaradılıb. Bu da təqdirəlayiq haldır ki, ölkəmizdə mədəni müxtəliflik, etnik azıqların sadəcə, cəmlənməsi kimi başa düşülmür, tam əksinə,  burada bütün insanların bərabərhüquqlu vətəndaş kimi formalaşmasına və fəaliyyətinə xüsusi diqqət yetirilir. Bu da onu deməyə əsas verir ki, etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin ərazisində məskunlaşan hər bir vətəndaş Azərbaycanın sərvətidir və dövlət onun qorunması üçün lazım olan bütün işləri görür.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.059776782989502