“Arxadan vurulan zərbə” filmi bu vağzalda çəkilib - FOTO

 

 

Xaçmazın yaşayış məntəqəsi, daha sonra rayon kimi formalaşmasında XIX əsrin sonlarında bu ərazidə dəmiryol stansiyasının tikilməsi böyük rol oynayıb.

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, rayonun inzibati mərkəzində yerləşən vağzal tipli dəmiryol stansiyası 1898-ci ildə inşa edilib.

O dövrdə Quba quberniyasından məktubla çara müraciət edilərək dəmiryollarının buradan keçməsi xahiş edilib. XIX əsrin ikinci yarısında kapitalizmin inkişaf etməsi ilə Qafqazdakı təbii sərvətlərin Rusiyaya daşınması üçün əlverişli və sürətli nəqliyyat vasitəsinə yaranan zərurətdən irəli gələrək və relyef tam uyğun olduğundan Xaçmaza dəmiryolu çəkilib. 

Binanın özünəməxsus memarlıq üslubu rejissorların da diqqətindən kənarda qalmayıb. Burada bir sıra məşhur Azərbaycan filmlərinin səhnələri lentə alınıb. Bu bədii filmlər arasında ən məşhuru 1977-ci ildə rejissor Arif Babayev tərəfindən ekranlaşdırılan “Arxadan vurulan zərbə” filmidir.

Stansiya hazırda fəaliyyətdədir. Buradan bir çox ölkələrə yük, eyni zamanda, sərnişin daşınır.

Hazırda rayonda mövcud olan yeddi dəmiryol stansiyasının hamısı tarixi abidə statusu daşıyır.

 

Tehran Orucoğlu

0.064296960830688