Azərbaycan və Çin azad ticarət müqaviləsi imzalayacaq? - RƏY

 

 

Azərbaycanla Çin arasında azad ticarət haqqında müqavilə imzalana bilər.

İqtisadçı-ekspert Vüqar Bayramov paralel.az-a açıqlamasında deyib ki, Çin bazarları Azərbaycan üçün strateji olsa da, həm də çətindir:

“Rəqabət aparmaqla məhsulların Çin bazarlarına daxil olması o qədər də asan məsələ deyil. Çünki Çində güclü rəqabət var. Bununla belə, Azərbaycan üçün bazarların diversifikasiyası və fərqli məhsulların ixracı prioritetdir”.

Ekspertin sözlərinə görə, Azərbaycan çalışmalıdır ki, ixracatı şaxələndirsin və fərqli bazarlara məhsullar göndərsin.

İqtisadçı bildirib ki, Çinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 50 faizindən çoxu Azərbaycanın payına düşür:

“Azərbaycan Çinin ən böyük ticarət tərəfdaşı olduğuna görə, iki ölkə arasında azad ticarət haqqında müqavilənin imzalanması imkanları var. Eyni zamanda, nəzərə alaq ki, bu ilin aprel ayında Azərbaycan Prezidenti Çində olarkən iki ölkə arasında ümumi dəyəri 820 milyon dollardan çox olan 10 müqavilə imzalanıb. Bu o deməkdir ki, tərəflər iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bağlı baza müqavilələrini imzalayıblar. Buna görə də gələcəkdə Azərbaycanla Çin arasında azad ticarət haqqında müqavilənin imzalanması mümkündür.

Azərbaycan Çin bazarlarına, əsasən, kənd təsərrüfatı məhsulları ilə daxil olmağa çalışır. Bu müqavilə imzalansa, Azərbaycan məhsullarının Çində rəqabət qabiliyyəti yüksələ bilər”.

Belə bir anlaşmanın əldə olunduğu təqdirdə, Azərbaycanın qazanacağı dividendlərə gəlincə, V.Bayramov vurğulayıb ki, Çinin dünyanın ən böyük ixracatçısı olduğunu nəzərə almaq lazımdır:

“Müqavilə imzalansa, Azərbaycan Çinə meyvə, nar şirələri ilə daxil olmaq imkanları qazanacaq. Eyni zamanda, Azərbaycanın gəlirlərinin artmasına səbəb olacaq. Bu müqavilə ticari olsa da, Çindən Azərbaycana gələn turistlərin də sayına birbaşa təsir edəcək. Bu isə daha çox valyutanın Azərbaycana daxil olması deməkdir. Bu baxımdan belə bir anlaşmanın imzalanması Azərbaycan üçün qeyri-neft sektorunda valyutanı artırmaq imkanları verəcək”.

Xatırladaq ki, 2017-ci ildə Çinlə qonşu Gürcüstan arasında azad ticarət haqqında müqavilə imzalanıb. Razılaşmaya görə, Gürcüstan məhsullarının 94 faizi Çin bazarlarına gömrük rüsumu olmadan ixrac olunur.

Aqşin Kərimov

0.43983578681946