Faşist Breyvik Ermənistanda qəhrəmana çevrilib: Portreti Yerevanda sərgilənib

Amansız qatil, terrorçu, məhkum olunmuş cinayətkar Anders Breyvik Ermənistanda qəhrəmana çevrilib. O, erməni rəssam Maksim Qikinyan üçün ilham mənbəyidir. Rəssam “Terlemezyan xatirələri” adlı sərgidə Breyvikin portretini Ermənistanın bayrağı fonunda sərgiləyib.

Terlemezyan məktəbini 40 il əvvəl bitirmiş yeddi məzunun işləri orada təqdim olunub. Lakin məhz bu “iş” diqqət mərkəzində olub.

Müasir faşizmin rəmzinə çevrilmiş Anders Breyvik hansı səbəbdən bu cür diqqətə layiq görülüb?

Ermənistan mətbuatının məlumatına görə, norveçli terrorçu “Yaşasın Ermənistan” ifadəsini işlədib. Buna görə də 70 yaşlı M.Qikinyan Breyvikin rəsmini çəkməklə hansısa səhvə yol verdiyini hesab etmir.

“O, (Breyvik – red.) özünün ağır vəziyyətində erməni xalqını unutmayıb. Onu ittiham edirlər, o “günahkar deyiləm” deyir”, - erməni rəssam qeyd edib.

Əlbəttə ki, M.Qikinyan yalan danışır. 2017-ci ildən Fyotolf Hansen adı ilə məşhur olan Anders Berinq Breyvik Norveç milliyyətçisi, protestant fundamentalisti, 2011-ci il iyulun 22-də Oslonun mərkəzində partlayışın və Norveçin hakim Əmək Partiyasının gənclər düşərgəsinə hücumun təşkilatçısı və icraçısıdır.

O, törətdiyi cinayətləri etiraf edib. Sadəcə olaraq, kütləvi qətlin cinayət olduğunu hesab etmir. Bu isə ASALA terrorçularını mədh edən erməni ideologiyası ruhuna tam uyğundur. O, 77 nəfərin qətlində və 151 nəfərin (aralarında xeyli sayda yeniyetmə var) xəsarət almasında təqsiri olduğunu etiraf edib, lakin bunun cinayət olduğunu düşünmür.

Breyvik 2012-ci il avqustun 24-də təqsirkar bilinərək 21 il müddətinə (Norveçdə maksimum həbs müddətidir) azadlıqdan məhrum edilib. İla həbsxanasına yerləşdirilən Breyvikin həbs müddəti qeyri-məhdud müddətə uzadıla bilər.

Ermənistanın Rəssamlar İttifaqı sosial şəbəkələrdə qalxan səs-küyü “təxribat” adlandırıb.

İttifaqın sədri Suren Safaryan qeyd edib ki, qurum sərgini təşkil etməyib, sadəcə olaraq, sərginin keçirilməsi üçün məkan ayırıb (!) və belə olan halda İttifaq rəssama hansısa rəsm əsərini təqdim etməyi qadağan edə bilməz.

Breyvik erməni yeniyetməni öldürsəydi, çətin ki, bu, mümkün ola bilərdi. Amma o, gürcüstanlı qız Tamta Lipartelianini soyuqqanlı şəkildə güllələyib. Lakin bu, erməni tərəfini maraqlandırmır. Əsas odur ki, Breyvik Ermənistanı tərifləyib.

0.122887134552