Millətlərarası münasibətlərin və multikulturalizmin Ukrayna təcrübəsi

Ukraynanın dövlət siyasətində milli azlıqların hüquqi təminatından daha cox sosiomədəni siyasi vəziyyətə böyük rol ayrılır

Biz dəfələrlə yazılarımızda qeyd etmişik ki, müasir dünyamızda multikulturalizmin, tolerantlığın və qarşılıqlı dözüm-lülüyün müxtəlif forma və modelləri var. Bu modellərin fərqli cəhətləri ölkə hakimiyyətinin multikultural dəyərlərə münasibətindən formalaşır.  Bu baxımdan ölkəmizdə multikuturalizmin xalqımızın həyat tərzinə çevrilməsi, həm tarixi təcrübəyə, həm də dövlətimizin başçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətə söykənir.

Bu gün biz multikulturalizmin Ukrayna təcrübəsi barədə məlumat verməyə çalışacağıq. Çünki Ukrayna formulu multikulturalizmin digər model və formalarından tamamilə fərqlənir.

Məlumdur ki, müstəqil dövlət quruculuğu kontekstində millətlərarası münasibətlərin  formalaşdırılmasında hər bir dövlətin öz yolu və metodları var.

Öncə Ukraynanın multikulturalizm sahəsində təcrübəsini və millətlərarası münasibətlər siyasətini qeyd edərək, onun xüsusiyyətləri və özünəməxsusluqları  haqqında qısa məlumatı diqqətinizə çatdıraq.

Məlumdur ki, Ukrayna zahirən monomilli dövlət kimi tanınır. 2001-ci ilin siyahıya alınma məlumatına görə, ölkə əhalisinin 78%-ni etnik ukraynalılar təşkil edir. Bununla belə, Ukraynanın etnik icması öz-özlüyündə monomilli sayıla bilməz. Çünki ölkədə etnik ukraynalıların bir hissəsi öz doğma dilində danışsa belə, digər bir qismi rusdillidir. Onlar həm rus, həm də sovet mədəni və siyasi ənənələrinin güclü təsiri altında formalaşıblar və bu mövqelərində qalırlar. Bu gün ölkə əhalisinin 17%-ni təşkil edən etnik ruslar, müstəqil Ukrayna dövlətinin yaranması dövründə əhalinin 22%-ni təşkil ediblər. Onu da qeyd etmək lazımdır ki, Ukraynada ümumiyyətlə rusdilli, yəni rus dilini doğma dil hesab edən insanların sayı əhalinin 30%-ni  təşkil edir. Bu da o deməkdir ki, faktiki olaraq ölkədə ikidillilik mövcuddur. Hazırda ölkədə etnik ruslarla yanaşı, həm də digər milli azlıqların nümayəndələri də yaşayırlar ki, onların da sayı ölkə əhalisinin sayının 5%-ni təşkil edir. Bu azlıqların böyük əksəriyyəti ölkənin ayrı-ayrı bölgələrində kompakt şəkildə məskunlaşıblar. Qeyd etmək vacibdir ki, Krım muxtariyyatının əsas əhalisi etnik ruslardan ibarətdir və bu, ukraynalıların çox az sayda yaşadıqları regiondan biridir. Burada həm də öz məxsusi problemləri ilə yaşayan krım-tatar icması fəaliyyət göstərir. Karpat bölgəsində kompakt şəkildə macar milli azlığı, Çernovits əyalətində isə rumın və moldav milli azlıqları məskunlaşıblar.

Ukrayna icmasının özünəməxsus xüsusiyyətlərindən biri də, konfessional plüralizmdir. Ölkədə bir-biri ilə rəqabət aparan üç pravoslav kilsələrinin hər biri özünəməxsus regional təsir əhatəsinə sahibdir. Məsələn, Yunan katolik kilsəsi Qərbi Ukraynada kifayət qədər güclü təsirə malikdir. Protestant dini icması da, əvvəllər olduğu kimi, indi də öz fəallığı ilə seçilir. Krım və Donbasda isə müsəlman icmaları daha fəaldır. Ukraynanın millətlərarası münasibətlərinin əsas problemlərinə diqqət etsək görərik ki,  burada ölkənin fərqli regionları arasında mühüm rol oynayan etnokulturoloji, etnik, dil və dini amillər mühüm rol oynayır. Bu amillərin yaratdığı rəngarənglik, o cümlədən mürəkkəb siyasi rəngarənglik ölkənin ictimai-siyasi həyatına da ciddi təsir göstərmək imkanına malikdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan kimi keçmiş postsovet məkanından çıxan bütün dövlətlərə xas olan ziddiyyətli problemlər Ukraynadan da yan keçməyib. Yəni bu ziddiyyətlərin yaranması milli inteqrasiya və milli azlıqlar arasında mədəni, dil haqları zəminində yaranır. Yəni burada multikulturalizmin və tolerantlığın zəif inkişafı bu ziddiyyətləri dərinləşdirən amil kimi ortaya çıxır. Buna misal kimi, 90-cı illərin əvvəllərində Ukraynada yaranan özünəməxsus problemlərdən biri olaraq ölkənin rusdilli əhalisi arasında separatçı əhval-ruhiyyənin yaranmasını göstərmək olar. Digər tərəfdən, elə həmin dövrdə öz ana vətənləri olan Ukraynaya fəal surətdə qayıdan krım-tatar icması arasında milli-ərazi muxtariyyəti ideyası çox populyar idi və bu "populyarlıq" bu gün də qalmaqdadır. Rus və krım-tatar icmalarının milli-ərazi muxtariyyəti cəhdlərinin qarşılıqlı anlaşma və dözümlülüyə apara biləcək yeganə yol tolerantlıqdan və multikulturalizmin inkişaf etdirilməsindən keçir. Lakin  təəssüflər olsun ki, Azərbaycandan fərqli olaraq, bu ölkədə multikulturalizm demək olar ki, mövcud deyil və sadəcə olaraq görüntü xarakteri daşıyır.

Digər tərəfdən, Ukraynanın bütün müstəqilliyi dövründə yaranan ən mühüm problemlərdən biri, ölkədə rus dilinə münasibətdə uyğun statusun qəbul olunması ilə bağlı fikir ayrılığıdır. Buna görə də, ölkə ictimaiyyətinin polimilliyini nəzərə alaraq ilk növbədə, vahid Ukrayna "siyasi milləti"nin formalaşdırılması həyata keçirilməlidir ki, burada yaşayan müxtəlif millətlərin nümayəndələrinin hüquqları tam təmin edilsin və ölkə ictimaiyyətində millətlərarası anlaşmaya nail olunsun. Bunun üçün isə, Ukrayna dilinin ictimai həyatın bütün sahələrində dövlət dili səviyyəsində qəbul olunması və eyni zamanda mədəni tələbatın yaranması və reallaşması üçün münbit  şəraitin yaradılması, inkişafı və təbii ki, krım-tatarlarının geri qayıtması problemləri öz həllini tapmalıdır. Burada krım icmasının cəmiyyətə inteqrasiyası, milliyyətçilik faktoru ilə sürgün olunmuş şəxslərin ictimaiyyətə uyğunlaşdırılması, ümumiyyətlə, etnik ayrı-seçkiliyin qarşısının alınması əsas faktorlardan biridir. Qeyd etmək lazımdır ki, Ukraynanın beynəlxalq münasibətlərinin müəyyən dərəcədə "yumşaq", münaqişəsiz vəziyyətini müəyyən edən, müstəqilliyin ilk dövrlərində yaranmış harmonik beynəlxalq münasibətlərin hüquqi əsaslarının təmin edilməsidir. Məlumdur ki, 1991-ci ildə "sıfır varianti" adlandırılan vətəndaşlıq haqqında qanunun qəbul olunması nəticəsində Ukraynada yaşayan hər bir şəxs, milli mənsubiyyətindən asılı olmayaraq vətəndaşlıq əldə etdi. Müstəqilliyin əldə edilməsindən öncə, 1989-cu ildə milli azlıqların dil hüquqlarının  təmin olunması haqqında qanun imzalanıb. 1992-ci ildə isə Ukraynanın milli azlıqlar haqqında ümumi qanunu təsdiq  olunub. 90-cı illərin ortalarında Ukrayna Avropanın alman dili xəritəsini ratifikasiya edib, lakin bundan öncə Ukraynanın unitar xüsusiyyətini müəyyən edən və 1996-cı ildə konstitusiya vasitəsi ilə təsdiqlənən qanun qəbul edilib. Bununla belə, Ukraynanın dövlət siyasətində milli azlıqların hüquqi təminatından daha cox yüngül sosiomədəni siyasi vəziyyətə böyük rol ayrılır. Bu da səbəbsiz deyil, çünki burada ukrayna və rus dillərinin yaxınlığı mühüm rol oynayır və  ölkədə əhalinin əksər hissəsinin hər iki dilin daşıyıcısı olması səbəbindən dillərarası kommunikasiya ziddiyyətləri yaranmır. Milli azlıqlar üçün siyasi elitanın optimallığı isə  öncədən təmin olunub. Ölkə əhalisinin rusdilli qismi ölkənin yeni siyasi elitasının formalaşmasında aktiv rol oynayıb, etnik xüsusiyyətlərində hec bir differensiasiya hiss olunmayıb. Siyasi gərginliyi aradan qaldırmağı bacaran Ukraynanın siyasi sisteminin demokratik xüsusiyyəti də, bu məsələlərin təhlükəli həddə çatmaması üçün mühüm işlər görüb. Bütün bu işlər nəticəsində ölkədə müəyyən qədər dözümlülüyə və tolerantlığa nail olunub.

Bu da danılmaz faktdır ki, Ukraynanın Avropaya inteqrasiya siyasəti milli azlıqların hüquqlarının möhkəmlənməsinə və inkişafına xidmət edib. Bu sahədə ən mühüm rolu milli-mədəni icmalar tərəfindən milli azlıqların maraqlarının dəstəklənməsi, həmçinin dövlət dəstəyi və milli azlıqların doğma dillərindəki KİV-lər, milli-mədəni cəmiyyətlərin ayrı-ayrı mədəni-tədris layihələri oynayır. Ukrayna siyasətinin bir vacib xüsusiyyəti də odur ki, bu, ölkədə radikal və milli siyasi hərəkatlar populyar deyil. Məlumdur ki, hazırda istər Avropada, istərsə də bir sıra keçmiş sovet respublikalarında sağyönlü radikal hərəkatların fəallığı gözə çarpır. Bu kimi hallar Ukraynada da müşahidə olunur, lakin cüzi miqyasda. Buna səbəb isə ukraynalıların coxunun həm sağ, həm də sol təmayüllü radikal siyasi hərəkatları inkar etməsidir. Ukraynanın bu özünəməxsus xüsusiyyəti və həyata keçirdiyi mülayim etnomilli siyasət öz müsbət nəticələrini verib.

Azərbaycandan fərqli olaraq müstəqilliyin ilk illərində Ukrayna keçmiş sovet ittifaqının böyük miqyasda və kəskin millətlərarası münaqişəsi olmayan ölkələrindən biri sayılırdı. O zaman bu ölkədə ciddi separatçı problem yox idi və ərazilərində müharibə olmayıb. Əgər 90-cı illərin əvvəlində- Moldova, Qafqaz kimi qonşu ölkələrdə baş verən münaqişələr səbəbindən Ukrayna əhalisinin yarısı millətlərarası münaqişələrdən çəkinirdisə, hazırda belə təhlükələrdən çəkinənlərin sayı ölkə əhalisinin yalnız 12%-ni təşkil edir. Bu da heç şübhəsiz ki, çox təhlükəli tendensiyadır. Belə görüntü yaranır ki, ölkədə milli zəmində diskriminasiya mövcud deyil, yalnız 3% əhali bu məsələ ilə bağlı bu və ya digər faktları qeyd edir.

Onu da qeyd etmək lazımdır ki, bəzi siyasətçilər milli etnik problemlərdən, həmçinin miillətlərarası ziddiyyətlərdən siyasi partiyaların fəaliyyətində istifadə etməyə çalışırlar. Təqdirəlayiq haldır ki, ölkəmizdə bu cür sui-istifadə hallarına rast gəlinmir. Bununla belə, Ukrayna millətlərarası siyasət təcrübəsinin pozitivliyi ondan ibarətdir ki, bəzən milli münasibətlər sahəsində ziddiyyət təşkil edən məsələlərin mülayimliyi və uyuşqanlığı ölkədə millətlərarası münasibətlərin harmonik həllinə imkan verir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının

Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.09243106842041