Salamat qalmaq baxımından...

İnsanların istehlak etdiyi əsas ərzaq məhsullarının yararlılıq müddətinin dəyişdirildiyi, əsasən də, vaxtı keçmiş məhsulların yeni tarixlə satışa qaytarılması barədə məlumatlar vaxtaşırı gündəmə gəlir. Bu mənada, istehlakçılar da köhnəlmiş və keyfiyyətsiz məhsulların zərərini göz altına alaraq, çıxış yolunu ehtiyatlı olmaqda görürlər. Yəni bir məhsulu almazdan öncə, onun tərkibinə, yararlılıq müddətinin keçib-keçmədiyinə, hətta köhnə tarixin dəyişdirilib-dəyişdirilmədiyinə diqqət edirlər. Bununla da bir növ sağlamlıqlarını, təhlükəsizliklərini sığortalayırlar.

Təhlükəsizlik tədbirləri indiyə qədər belə davam edib və insanlar da bu cür metodla işlərini ehtiyatlı tutaraq, başqasını günahkar bilməkdən yorularaq, onlara etibar etməkdən bir növ, əl götürüblər .

Lakin hazırda bəhs edəcəyimiz məsələ özəlliyi ilə diqqətçəkəndir. Belə ki, bu dəfə gündəmə gələn xəbər köhnə, vaxtı keçmiş məhsulun yenilənmiş tarixlə satışa, dövriyyəyə qaytarılması deyil, istehsal tarixinin zamanı qabaqlaması barədədir. Xəbərdə qeyd edildiyi kimi, iyulun 28-də paytaxtdakı ehsan süfrəsinə qoyulan dovğanın istehsal tarixi bir gün sonrakı günə aid, 29.07.2019 kimi göstərilib. Məhsulun üzərində istehsalçı şirkət olaraq fiziki şəxs kimi Məmmədov A.Ə. ünvan isə, B.Bünyadov, 25, məhəllə 78 qeydi var. Eyni zamanda, dovğanın adı da marağa səbəb olub – “Gənzə dovğa”. Güman ki, istehsalçı şirkət Gəncənin adını səhv yazıb, lakin istehsal tarixindəki qeyddə bu qədər kobud təhrifə yol verilməsinin ciddi bir açıqlamaya ehtiyacı var...

Açıqlamanı da əlaqədar qurumlar istehsalçı şirkətdən tələb etməli, məhsulun istehsal tarixinin əslində hansı tarixə aid olduğunu yəqin etməlidir. Yoxsa, köhnə və yararsız məhsulların satışda at oynatmasından narahat olan istehlakçılar onsuz da sağlamlıqlarına yönəlik təhlükələrdən sığortalanmayıblar. Belə məlumatların gündəmə gəlməsi də onların əlavə narahatlığına səbəb olur. Məlumat yəqin ki, əlaqədar qurumların diqqətinə çataraq hansısa tədbirlər görüləcək. Bu, artıq onların məsuliyyət məsələsidir. Bizə gəlincə, sözügedən məhsulları istehsal edən şirkətə xırda bir məsləhətimiz var. O da məhsulun qablaşdırmasının üzərindəki müvafiq xəbərdarlıqla bağlıdır.

Zənnimizcə, istehsalçılar qabın üzərində “İçməzdən əvvəl çalxalayın” yazmaqdansa, onun içərisindəki göyərtinin, suyun və ayranın bir-birinə qarışaraq adına uyğun məhsul alınmasının narahatçılığını çəkməkdənsə, insanların sağlamlığının qayğısına qalmalıydı.

İnsanlar onsuz da bilir ki, satışda olan məhsulun görünüşü evdə hazırlanan keyfiyyətdə deyil. İnsanlar fəqət bilmir ki, həmin məhsulun tarixi hansı – keçmiş, indiki, yoxsa gələcək zamana aiddir. Hansı ki o tarixin insan üçün bütün zamanlarda böyük əhəmiyyəti var. Ən azı, vaxtsız-vədəsiz ölməmək, salamat qalmaq baxımından...

0.064244985580444