Gərgin büdcə ili

2015-ci il böhranı daha kəsinliklə təkrarlana bilər

Bu ilin birinci yarımilliyində əhalinin maddi gəlirləri az olan təbəqəsinin dircəldilməsi üçün bir sıra addımlar atılıb. Minimum əmək pensiyası və minimum əməkhaqqı artırılaraq, müvafiq olaraq 160 və 200 manata çatdırılıb. Qarşıdakı aylarda - daha dəqiq desək, sentiyabr ayından minimumum əmək haqqı 250, minimum əmək pensiyası isə 200 manata çatdırılacaq. Bütün bunlar həm əhalinin kasıb təbəqəsi, həm də müstəqil iqtisadçılar üçün sevindirici haldır. Bir tərəfdən əhalinin kasıb təbəqəsinin maddi gəlirləri artdı, digər tərəfdən isə ölkəmiz onun üçün üzqarası sayıla bilən bir statistikadan yaxa qurtara bildi. Belə ki, ötən ilin göstəricilərinə əsasən minimum əməkhaqı və minimum əmək pensiyasına görə Azərbaycan bütün qonşularından, o cümlədən də Ermənistandan geri qalırdı. Axır ki, son dəyişikliklər reallaşdıqdan sonra nominal olaraq Gürcüstan və Ermənistanı geridə qoya bildik. Lakin bu irəliləyiş heç də  asan başa gəlməyəcək. Belə ki, sözügedən artımlardan sonra hökumətin maliyyə siyasəti qarşısında iki başlıca vəzifə dayanır. Bu vəzifələrdən birincisi, artırılan nominal gəlirlərin real dəyərinin qorunub saxlanması problemidir. Məlum məsələdir ki, əhalinin maaş və pensiyalarında müşayət edilən artım dövriyyəyə xeyli artıq pul kütləsinin çıxmasına səbəb olacaq. Bu da əhalinin alıcılıq qabiliyyətinin artması ilə nəticələnəcək. Bir müddət əhali daha çox alış-veriş etməyə başlayacaq. Belə bir şəraitdə rəqibsiz inhisarçıların daha çox qazanmaq iştahası qiymətlərin artmasında, yəni xərc inflyasityasının yüksələrək əhalinin artan nominal gəlirin real dəyərdən düşməsinə səbəb ola bilər. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatında ciddi inhisarlaşma, bundan dolayı rəqabət mühiti olmadığındən sahibkarlar üçün qiymətləri artırmaq heç bir problem yaratmır. Başqa sözlə desək, sahibkar qiymət artımı barədə qərar verərkən rəqibə uduza bilmək ehtimalı barədə düşünmür, çünki o mövcud deyil. Digər tərəfdən, ölkədə mal-məhsul - əmtəə bolluğu da yoxdur ki, qiymət artımına mane olan digər iqtisadi alət formalaşsın. Ən yaxşı halda ölkə daxilində yerli tələbatın yalnız əlli faizi istehsal edilə bilir.

İndiki şəraitdə Azərbaycan hökumətinin yeganə çıxış yolu ölkədə qiymətlərin inzibati qaydada tənzimlənməsinə əl atmasıdır. Sözsüz ki, bu metod bazar iqtisadiyyatı modelinə daban-dabana ziddir. Amma iqtisadiyyatda bazar iqtisadiyyatının azad rəqabət prinsipi pozulursa, iqtisadiyyat inhisarlaşırsa, hökumətin yeganə çıxış yolu inhisarlara pərdəarxası qiymət diqtə etməkdir. Hazırkı şəraitə çevik təsirin yeganı yolu budur. Lakin bu uzun müddət davam edə bilməz, davam etsə belə, digər fəsadlara yol aça bilər. Ona görə də hökumət qısamüddətli inzibati qiymət tənzimləməsi ilə yanaşı, inhisarçılığın azaldılması, prespektivdə isə aradan qaldırılması istiqamətində proqram hazırlayaraq həyata keçirməlidir.

Qarşıda duran ikinci problem isə gələn ilin dövlət büdcəsinin icrası ilə bağlıdır. Minimum əmək pensiyasına və əməkhaqqına bu ilki artımların bir hissəsi mart-aprel, digər hissəsi isə sentyabr-oktyabır aylarından başlayacaq, ona görə də bu xərcləri 25 milyardlıq büdcə ilə yola vermək olar. Gələn il isə sözügedən artımlar bütün il boyu ödənilməlidir ki, buna da hazırkı xərcləri də saxlamaqla 28-30 milyard manatlıq büdcə gərəkir. Bu məbləğdə büdcəni isə doldurmaq üçün ölkə iqtisadiyyatında faktiki olaraq yetərli maliyyə mənbəyi mövcud deyil. Ən asan və təcrübəyə əsaslanaraq gözlənilən çıxış yolu devalvasiya ola bilər. Tutaq ki, dolların məzənnəsini 2,5 manata qaldırmaqla bir illik vəziyyətdən çıxmaq olar. Yəni Neft Fondundan dövlət büdcəsinə transfer edilən 6 milyard dollar indiki məzənnə ilə 10 milyard manat edirsə, yeni məzənnə ilə həmin vəsait 15 milyard manata bərabər olacaq və bütün xərclər asanlıqla qarşılanacaq. Amma bu prosesin ardınca ölkənin maliyyə sistemi, xüsusilə də kommersiya bankları yenidən çıxa bilmədikləri böhranın dərinliklərinə çökəcək. Qısası, 2015-ci il böhranı daha kəskin təkrarlanacaq.

Lakin daha az itki ilə də vəziyyətdən çıxmaq olar. Məzənnəni indiki vəziyyətdə saxlamaqla büdcədəki izafi xərcləri, xüsusilə də tikinti xərclərini minimuma endirməklə minimum əməkhaqqı və pensiya xərclərini dövlət büdcəsini artırmadan da qarşılamaq mümkündür. Amma bu addımı atmaq üçün mütləq ortada siyasi iradə olmalıdır. Çünki azaldılması təklif edilən xərc maddəsi dövlət büdcəsində daha çox korrupsiyaya məruz qalan vəsaitlər kateqoriyasına daxil edilə bilər. Başqa sözlə desək, büdcədə bu xərc maddəsinin azaldılması, dolayısı ilə korrupsioner məmur komandası ilə üz-üzə dayanmaq, onlara qarşı müharibəyə başlamağa bərabərdir. Bu səbəbdən də sonuncu çıxış yolu təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan ciddi məna kəsb edən məsələdir. Ona görə də hazırkı komanda gələn ilki dövlət büdcəsinin formalaşmasında kollektiv qərar qəbul etməlidir.

Akif Nəsirli

0.14815497398376