Azərbaycanda multikulturalizmin dinamik inkişaf etdiyi uğurlu cəmiyyət formalaşıb

Çoxmədəniyyətlilik Azərbaycanın dünyanın multikulturalizm mərkəzlərindən birinə çevirilməsinə zəmin yaradıb

Beynəlxalq aləmin multikulturalizm və tolerantlıq mərkəzi kimi tanınan Azərbaycanda yaşayan azsaylı xalqların, etnik qrupların mədəniyyəti, adət və ənənələri, məişəti, eləcə də dini inancları ölkəmizə səfər edən hər bir əcnəbi qonağın diqqətini cəlb edir. Və onlar bu rəngarəngliyə, eləcə də, bu rəngarəngliyi qoruyub saxlayan tolerantlıq mühitinə təəccüb edirlər. Əgər biz ölkəmizin etnik mənzərəsi ilə bağlı ən sadə statistik araşdırma aparsaq görərik ki, on milyon əhalisi olan ölkədə 100-dən çox etnosun nümayəndəsi yaşayır. Ölkəmiz burada yaşayan azsaylı xalqlara, milli azlıqlara və etnik qruplara yaradılan şərait baxımından dünyanın digər ölkələrinə örnəkdir. Bu, ölkəmizdə əsrlər boyu formalaşan tarixi təcrübədən qaynaqlanan, tolerantlıq nümunəsidir. Bu həm də, milli azlıqda olan insanların hüquqlarının təbliğ və təşviqi baxımından bir nümunə sayıla bilər. Çünki çoxmillətlilik, çoxdinlilik, çoxmədəniyyətlilik Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan üçün bir yaşam tərzidir. Bu, ölkəmizi daxilən zənginləşdirdiyi kimi, onun harmonik mədəni palitrasını formalaşdırır və dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır. Bunun sübutu kimi XXI əsrin ilk illərindən Bakının mütəmadi olaraq dinlər, dillər, mədəniyyətlərarası dialoqa həsr edilən beynəlxalq forumlara, konfranslara, ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsini göstərə bilərik.

Qeyd etmək lazımdır ki, Azərbaycan hələ Avropa Şurasına üzv olmazdan əvvəl qurumun "Milli azlıqların qorunması haqqında" Çərçivə Konvensiyasını imzalayıb və Azərbaycan hökuməti bu konvensiyanın monitorinq mexanizmi olan Məşvərətçi Komitə ilə konstruktiv əməkdaşlıq edir. Azərbaycanın Avropa Şurasının hüquqi sənədləri sırasında xüsusi yer tutan bu konvensiyaya belə diqqəti və həssas münasibəti təsadüfi deyil. Məlumdur ki, milli azlıqlarla bağlı hər hansı ölkə daxilində aparılan siyasətin nə dərəcədə uğurlu olması, ilk növbədə, ənənələrlə bağlı məsələdir. Əgər hər hansı bir ölkədə tarixən belə ənənə olmayıbsa və milli psixologiyada bu hiss yerini tutmayıbsa, milli azlıqlarla bağlı nə qədər çox işlər görülsə də, arzulanan müsbət nəticələri əldə etmək çox çətin olur.

Məsələn, Azərbaycanda XIX əsrdən etibarən mövcud olan alman icmasını Birinci Dünya müharibəsi dövründə Orta Asiyaya sürgün etmək haqqında çar hökuməti qərar qəbul edib. O dövrdə Azərbaycanın nüfuzlu şəxsiyyətləri, tanınmış ziyalıları məktub hazırlayaraq, xüsusi nümayəndə heyəti ilə Qafqaz canişinliyinə yollayır və Azərbaycandakı alman əhalisini sürgündən xilas edə bilir. Bu gün də milli azlıqlarla bağlı ölkə daxilində aparılan siyasət, məhz belə doğma münasibət ənənələri və təcrübəsi olduğu təqdirdə yaxşı nəticələr verə bilər. Yəni bu duyğu cəmiyyətin daxilindən, dövlətin iradəsindən və xalqın istəyindən gəlməlidir, yalnız təbliğatla, hökmlə, inzibati üsullarla belə incə və həssas məsələlərdə uğur qazanmaq mümkün deyil.

Qeyd etmək vacibdir ki, müasir şəraitdə milli azlıqların bütün hüquqları ilə birgə, media hüquqlarının qorunması da əsas məsələlərdən biridir. Ölkəmiz bu baxımdan da, çox böyük uğurlara imza atıb. Milli Teleradio şirkətində bir sıra milli azlıqların dilində müxtəlif verilişlər hazırlanır, onların adət-ənənələri, mədəniyyətləri, məişətləri təbliğ və təşviq olunur. Bundan başqa ölkə ərazisində 20-yə yaxın regional kanallar da mövcuddur ki, onlar da ardıcıl olaraq milli azlıqlara yer verir, rus, gürcü, kürd, talış, avar və sair dillərdə verilişlər hazırlayırlar. Milli azlıqların ana dilli mətbuatının inkişafı bir müsbət cəhətdirsə, digər təqdirəlayiq amil onların öz dillərində təhsil almaq imkanlarının mövcudluğu, dərsliklərin və müvafiq vəsaitlərin sistemli nəşridir. Bu sahədə Azərbaycan hökumətinin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını ölkəmizin ərazisində yaşayan bütün azsaylı xalqların və etnik qrupların nümayəndələri eyni dərəcədə hiss edirlər.     

Qeyd etmək lazımdır ki, heç də milli azlıqları çox olan bütün ölkələrdə vəziyyət belə deyil. Burada bir çox mənfi tendensiyalar özünü göstərir və təhlükəli meyillər ortaya çıxır. Bu təhlükəli meyillərin yaranmasının əsas səbəbi, milli azlıqlar məsələsinə kənardan müdaxilə və təsirlər, sosial şəbəkə ilə ötürülən, ölkə xaricindən yayımlanan təxribat səciyyəli müxtəlif verilişlərdir ki, onlara qarşı bütün sivil cəmiyyətlər birgə mübarizə aparmalıdırlar. Məlumdur ki, bu tendensiya ölkəmizdən də yan keçməyib. Azərbaycana qarşı bir sıra qonşu dövlətlərin ərazisində maliyyələşdirilərək hazırlanan, saxta, milli ədavəti qızışdıran, nifrət yayan proqramların yayımlandığı barədə məlumatlar var və Azərbaycan dövləti bu kimi halların qarşısının alınması üçün lazım olan bütün tədbirləri görür. Azərbaycanda  internet sərbəs çıxış imkanı var və həmin qüvvələr bu imkandan yararlanaraq, öz çirkin əməllərini həyata keçirməyə cəhd edirlər. Hesab edirik ki, belə arzuolunmaz fəsadlardan qorunmaq üçün birgə mübarizə aparmaq, belə pozucu fəaliyyətlərin qarşısını ala biləcək təsirli mexanizmləri hərəkətə gətirmək lazımdır.

Belə tədbirlərin sırasında ölkəmizdə məskunlaşan azsaylı xalqların və etnik qrupların adət-ənənələrinin, mədəniyyətlərin öyrənilməsi və təbliği də mühüm yer tutur.

Bu gün biz sizə ölkəmizin ərazisində məskunlaşan udinlər (udilər) barəsində məlumat verməyə çalışacağıq.

Onu da qeyd edək ki, biz udin etnosunun nümunəsində Azərbaycanda milli azlıqların tarixi, mədəni ənənələri və hüquqlarının müdafiəsi ilə bağlı məsələləri diqqətinizə çatdırmaqla, həm də ölkəmizdə mövcud olan multikulturalizmin və tolerantlığın real vəziyyətini göstərməyə çalışırıq.

Qafqaz Albaniyasının tarixi irsi barədə məlumat verən tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva vacib geosiyasi, ticarət yollarının kəsişməsində yerləşən regionda çoxəsrlik tolerantlıq ənənələri barədə danışaraq qeyd edib ki, Albaniya əhalisi polietnik və 26 tayfanın konfederasiyasından ibarət olub və bu konsolidasiya yolu ilə alban dilində danışan və eyni zamanda digər etnosların da dilinin qorunduğu alban etnik birliyi yaranıb:" Alban tayfa konfederasiyasında vacib etnoslardan və alban irsinin yaradıcılarından biri utilər (udinlər) olub. Uti vilayəti Qafqaz Albaniyasına ən böyük vilayət idi. 8-ci əsrdən Albaniyanın düzən ərazilərində çoxetnoslu əhali arasında İslam yayılmağa başlayıb. 12-ci əsrədək alban, türk və farsdilli etnosların konsolidasiyası əsrlər boyunca regionun bütün etnos və subetnoslarına qarşı tolerant olan Azərbaycan xalqını formalaşdırıb".  Alim qeyd edir ki,  yaşayış ərazisinin və etnik mənşənin ümumiliyi və Azərbaycan dilinin etnoslararası ünsiyyət vasitəsi kimi istifadə olunması burada multikulturalizmə zəmin yaradıb. Azərbaycan, türk müsəlman etnik təbəqəsi regionda dominant rolunu oynayıb: "Amma Qarabağda, Şəkidə xristian udinlər qalmaqda davam ediblər. Udinlər 4-cü əsrdən 1836-cı ilədək Alban kilsəsinə sadiq olublar. Qafqaz Albaniyasının tarixi irsinin qorunması, təkcə udin icmasının simasında milli azlıqların çiçəklənməsi üçün deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün çox vacibdir".

Alban-udin xristian icmasının sədri Robert Mobili hesab edir ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoq  mərkəzidir və udinlər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində öz dillərini, dinini, qədim adətlərini, ənənələrini qoruya biliblər: "Kiçik, amma dini baxımdan zəngin udin xristian icması Alban apostol kilsəsinin varisidir. Alban kilsəsi apostol, avtokefal kilsə olub və bu gün udinlər haqlı olaraq Azərbaycan ərazisində apostol kilsəsinin dirçəlməsini təklif edirlər. Azərbaycan alban çarlığının varisidir, udin etnosu isə alban kilsəsinin yeganə daşıyıcılarıdır. Bu, çox vacib tarixi faktlardır".

Azərbaycanda məskunlaşan udinlərin timsalında da, multikulturalizmin inkişaf tendensiyası Azərbaycan reallıqları üçün təbiidir, çünki bu model artıq ölkəmizdə həyat tərzinə çevrilib.

Məlumdur ki, dünyada multikulturalizmin müxləlif modelləri var. Bir sıra Qərb dövlətlərində də multikulturalizmin xalqların inteqrasiyası nəticəsində formalaşmış fərqli modelləri mövcuddur. Azərbaycanda isə multikulturalizmi insanların yanaşı yaşadığı, bir-biri ilə ümumi dil tapdığı və təmasların ən yüksək səviyyədə olduğu mühit təcəssüm etdirir. Bu səbəbdən də təqiblərə məruz qalan milli azlıqlar, məhz Azərbaycan torpaqlarında sığınacaq taparaq, burada məskunlaşıblar. Prinsip etibarilə ölkəmizdə həm mədəni, həm etnik, həm də etnik müxtəliflik mövcuddur. Bu da, Azərbaycan xalqının özünəməxsusluğunun təcəssümüdür.

Bunun nəticəsidir ki, bu gün Azərbaycanda multikulturalizmin dinamik inkişaf etdiyi, yenilənən və gələcəyə yönəlik uğurlu cəmiyyət formalaşıb.

Ölkəmizdə tolerantlıq və multikulturalizm siyasəti dövlət tərəfindən cəmiyyətdə etnik, irqi, dini, mədəni fərqliliklərin nizamlanması formasıdır.

 Azərbaycan müstəqil xarici siyasət yeridən etibarlı beynəlxalq tərəfdaş, həm də milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının hərtərəfli inkişafını təmin edən demokratik dövlətdir. Ölkəmiz dünya səviyyəsində multikulturalizmin və tolerantlığın inkişafına öz töhfələrini verir və bu fəaliyyəti dövlət siyasəti səviyyəsinə qaldıra bilib. Bununla belə, biz daha genişmiqyaslı siyasət aparmalı, daha çox müzakirə etməli və ölkə xaricində daha aktiv fəaliyyət göstərməliyik. Biz bu gün Azərbaycanda yaşayan udinlər barədə qısaca söz açdıq. Bu etnosun üstünlüyü ondadır ki, onlar Azərbaycan cəmiyyətinə daha yaxşı inteqrasiya olunub və ölkəmizdə hörmət edilən ümumi dəyərlərə daha sayğı ilə yanaşırlar.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.093053102493286