Nitq qüsurlu gənc: Yalnız “ana” deyə bilir, gözəllik müsabiqəsinə hazırlaşır - REPORTAJ

 

 

Pərviz Cəlilzadə 1998-ci ildə Bakıda dünyaya gəlib. Yeddi aylıq doğulduğu üçün nitq qüsuru var. Bacısının dediyinə görə, qardaşı doğulanda həkimlər onun öləcəyini deyib. Lakin uzun müddət davam edən müalicələrdən sonra Pərvizi həyata qaytarmaq mümkün olub.

Pərviz heç kimə yük olmaq istəmir. Ailəsinin dəstəyi ilə halal ruzisini qazanır.

paralel.az bacısının Pərviz Cəlilzadə haqqında maraqlı söhbətini təqdim edir.

Bu gün Pərvizi həmyaşıdlarından fərqləndirən yeganə cəhət onun dərin səssizliyidir. Bacısı Gülər deyir ki, qardaşı ilə ünsiyyət qurmaq ona çətin deyil. Söhbət boyu Pərviz hər sualdan sonra bizə baxıb sanki bacısının dediklərini təsdiqləyirdi.

Pərviz anadangəlmə eşitmə və nitq qüsurludur. Heç bir söz deyə bilməsə də, maraqlıdır ki, yalnız “ana” sözünü rahat şəkildə tələffüz edə bilir. Anası Şəlalə xanım isə hər dəfə övladının dilindən “ana” sözünü eşidəndə gözləri dolur.

Bacısı deyir ki, qardaşının nitq qüsurlu olduğunu 3-4 yaşından sonra biliblər:

“Qardaşım vaxtından əvvəl doğulduğu üçün nitq qüsurlu olub. Biz elə düşünürdük ki, bu qüsur zamanla düzələcək. Lakin düşündüyümüz kimi olmadı. Pərviz uşaq vaxtı çox aktiv idi, bir dəqiqə sakit dayanmazdı. Amma 3-4 yaşından sonra onda qəribə hallar müşahidə etməyə başladıq. Anam onu çağıranda reaksiya vermirdi, evdə nə qədər səs-küy olsa da, yuxudan oyanmırdı, bizimlə danışmırdı. Tədricən başa düşdük ki, problem biz zənn etdiyimizdən də ciddidir. Anam o vaxt Pərvizi nitq qüsurlu uşaqlar üçün xüsusi təhsil müəssisəsinə qoymadı. Qardaşım da mənim kimi bağçaya, yəni əksər uşaqların oxuduğu təhsil müəssisələrinə gedib. Ona görə də işarət dilini bilmir. Bizim aramızda bir yaş fərq var. Hərdən düşünürəm ki, bir neçə yaş böyük olsaydım, bəlkə də onun işarət dili öyrənməsinə dəstək olardım”.

Gülər bildirir ki, Pərvizi adi məktəbə qoymaqlarına səbəb həkim məsləhəti olub:

“Həkim bizə demişdi ki, Pərvizin zamanla az da olsa danışa bilmə ehtimalı var, əgər onu nitq qüsurlu uşaqlar üçün xüsusi məktəbə qoysanız, o, tamamilə passivləşəcək. Bu səbəbdən də onu mənimlə birlikdə orta məktəbə qoydular”.

Pərviz ya nəsə düşünürdü, ya da danışdıqlarımızı anlamaq üçün diqqətini bizə yönəldirdi.

“Hərdən əllərini göyə açaraq, Allahdan səsini geri istədiyini görürəm”

Bəzən qarşılıqlı səssizlik söhbətdən daha mənalı olur. Bacısı deyir ki, onu baxışlarından anlayır:

“Bütün günü evdə olur. Hiss edirəm ki, sıxılır, həvəsdən düşür. Öz vəziyyətini qəbul edə bilmir. Amma üsyan da etmir. Tez-tez otaqda əllərini göyə açıb kövrəldiyini görürəm. Allahdan səsini, nitqini geri qaytarmasını istəyir. Nitq və eşitmə qüsurlu olsa da, filmlərə baxmağı, musiqi dinləməyi çox sevir. Necə edir, bilmirəm, amma ritmik musiqilər altında çox gözəl rəqs edir. Filmlərə baxanda aktyorların dodaqlarına diqqət edir. Ən çox sevdiyi film “Kurtlar vadisi”, ən çox bəyəndiyi aktyor isə Necati Şaşmazdır. Ən böyük arzusu Necati Şaşmazla görüşməkdir.

Bəzən başa düşür. Başa düşməyəndə isə mən ona izah edirəm. Həyatdan küsməsin deyə, əlimizdən gələni edirik”.

Pərviz həm modellik edir, həm də həvəskar olaraq rəqslə məşğul olur. O, hətta “Miss & Mister Azerbaijan 2018” gözəllik yarışmasında iştirak edib:

“Yarışmada yarımfinala qədər gəlsə də, qalib ola bilmədi. Amma bu onu məyus etməmişdi. Öz üzərində çalışır. Növbəti yarışmalarda da iştirak etmək üçün namizədliyini irəli sürəcək”.

“Danışa bilsəydi, polis olardı”

Bacısı Pərviz haqqında danışarkən ara-sıra kövrəlirdi. Pərviz isə onun kövrəldiyini görüb sanki bizdən küsürdü. Bacısı deyir ki, qardaşının sıxıldığını hiss etmək ona əzab verir:

“Qorxduğumuz üçün ona tək həyətə, uzaq yerlərə getməyə icazə vermirik. Deyirik, birdən maşın yolunu keçəndə diqqət etməz, bir hadisə olar. Hərdən mən işə gedəndə baxır, pis olur. Bir dəfə dəftərdə bir qeydini gördüm. Yazmışdı ki, “danışa bilsəydim, polis olardım”. Bunu oxuyanda çox pis olmuşdum. Ümumiyyətlə, Pərvizin gündəliyi yoxdur. Heç nə yazmır. Hərdən elə bilirəm ki, mən o qeydini oxumasaydım, bəlkə də ürəyindən keçənləri yazardı. Onun əşyalarına kiminsə toxunmağından xoşu gəlmir”.

Həkimlər deyir ki, Pərvizin bu yaşdan sonra eşitməsi və danışması çətindir. Həyatına belə davam etmək üçün vəziyyətə öyrəşməlidir. Pərvizin özünün də həkimlərə getməkdən xoşu gəlmir.

“Ana sözündən başqa heç nə deyə bilmir”

Bacısı deyir ki, Pərviz çox xırıltılı səslə nəsə deməyə çalışır, amma əksər insanlar onu başa düşə bilmir:

“Anamdan da çox mən onu başa düşürəm. Həyatda o mənim, mən də onun sirdaşıyam. Çox maraqlıdır ki, Pərviz uşaq vaxtından ancaq “ana” sözünü rahat şəkildə deyə bilir. Başqa heç bir söz, cümlə qura bilmir”.

Qısa söhbət ərzində Pərvizin əzminə, işinə olan sevgisinə heyran olduq. Pərviz evlərinin yaxınlığında ailəsinin evin düz yaxınlığında onun üçün açdığı internet klubda çalışır və xərclərini özü qarşılayır. Artıq vəziyyəti ilə barışan bu gənc həyat eşqi ilə yüzlərlə gəncə də örnəkdir. Deməli, həyatda heç nə əngəl ola bilməz, qüsurlar xoşbəxt olmağa maneə olmamalıdır.

Könül Cəfərli
F
OTO: Ramil Zeynalov

0.096035003662109