"Təmiz hava" aylığı

Biri korlayır, digəri təmizləməyə çalışır

Millət, mən bu gün sizlərə insan sağlamlığından söz açmaq istəyirəm. Amma, əsla belə düşünməyin ki, mənim həkimlikdən hansısa anlayışım var.  Sadəcə eşitmişəm ki,(görməmişəm haaa!) dünyada ən humanist peşə həkimlikdir. Dünyada! Canım Azərbaycanın isə bildiyiniz kimi, sivil dünyaya heç bir qarışacağı yoxdur. Biz özümüzün dünyada analoqu olmayan sosial-iqtisadi siyasətimizi həyata keçiririk və müstəqil dövlət olaraq da, heç kim bizim siyasətimizə MIZ qoya (təsir edə) bilməz.

Həkim olmasam da, dövlət siyasətindən də çox-çox uzaqlarda olsam belə, bir şeyi dəqiq bilirəm ki, insan sağlamlığına təsir göstərən əsas amillərdən biri də, məhz təbiət, bizi əhatə edən mühitdir. Özümü ağıllı göstərmək üçün ekoloji vəziyyət də yaza bilirdim, əlqərəz.

Bu bir aksiomdur ki, təmiz hava, təbii qidalar insanın yaşamına və sağlamığına təsir göstərən əsas elementlərdən biridir.

Bu da məlumdur ki, ölkəmizdə ekologiya ilə məşğul olan xüsusi bir nazirlik (Ekologiya və Təbii Sərvətlər), olduğu kimi, vəzifəsi və funksiyası insan sağlamlığını qorumaq olan (ancaq tam tərsinə, insanların sağlamlığına qəst edən) Səhiyyə Nazirliyi də "fəaliyyət" göstərir. Bu nazirliklərin insan sağlamlığına bazar iqtisadiyyatı prizmasından yanaşmaları səbəbindən, ölkədə həm ekoloji vəziyyət, həm də insan sağlamlığı ciddi təhdid altındadır.

Bildiyiniz kimi, Daxili İşlər Nazirliyinin vəzifəsi ölkə ərazisində ümumi asayişin qorunması və hər hansı bir cinayətin və təhdidin qarşısını almaqdır. Bu gün görünəni odur ki, Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirliklərinin insan sağlamlığı istiqamətindəki  fəaliyyətsizliyindən əndişələnən DİN artıq bir neçə ildir ki, onların da funksiyalarını öz üzərinə götürüb və bu çox təqdirəlayiq haldır.

Belə ki, Dixili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bu nazirliyin tədbirdə funksiyası nədən ibarətdir, açığı bilmirəm) birlikdə "Təmiz hava" aylığı keçirir. Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizi nəqliyyat vasitələrinin havaya buraxdığı zərərli qazlardan az da olsa xilas etməkdir. Çox nəcib təşəbbüsdür və alqışlayıram. Bu ildən isə tədbirin ildə iki dəfə keçirilməsi qərarlaşdırılıb. Birinci tədbir martın 28-dən aprelin 28-nə qədər olan müddəti əhatə edib. İkinci tədbirə isə avqustun 1-də start verilib və ayın sonuna kimi davam edəcək. Bu tədbirlərin intensivləşdirilməsinin əsas səbəbi heç şübhəsiz ki, ölkədə avtomobillərin sayının ildən -ilə artması, atmosferə daha çox zərərli qazların buraxılması ilə insanlar arasında müxtəlif xəstəliklərin yayılma tendensiyasının artmasıdır.

Bununla belə, təəssüflə qeyd etməliyəm ki, DİN-in bu nəcib təşəbbüsü digər dövlət qurumlarının qanunsuz (lap belə deyək ki, qanuni) fəaliyyəti ilə öz gözlənilən səmərəsini verə bilmir.

Məlumdur ki, nəqliyyat vasitələrinin atmosferə atdığı zərərli qazların miqdarı, həmin avtomobillərin istismar müddti ilə sıx bağlıdır. Yəni köhnə avtomobillər atmosferə daha çox zərərli maddələr buraxır. Elə bu səbəbdən, dünyanın bir çox dövlətlərində köhnə, hətta dizel yanacağı ilə işləyən yeni avtomobillərin belə, istismarına qadağalar tətbiq edilir.

Ölkəmizdə fəaliyyət göstərən nəqliyyat üzrə ekspertlər də sübut edir, həyacan təbili çalırlar ki, ölkəmizin avtomobil bazası çox köhnəlib. Yəni Azərbaycanda istifadədə olan avtomobillərin böyük əksəriyyəti, təxminən 70-80 faizi istismar müddətini başa vurmuş avtomobillərdir. Ölkəmizdə avtomobil bazasının yenilənməməsinin əsas səbəbi, insanların maddi durumu  və respublikamıza gətirilən avtomobillərə tətbiq oluna yüksək dövlət rüsumudur.     

Bu günlərdə Gürcüstandan avtomobil alıb gətirən iki tanışımla söhbətimdən belə  anladım ki, dövlət rüsumu heç də avtomobilin dəyəri ilə adekvat deyil. Belə ki Gürcüstandan 7,5 min dollara (12min 750 manat ) alınan avtomabil üçün Dövlət Gömrük Komitəsi  vətəndaşdan 12 min manat dövlət rüsumu tələb edir. Digər vətəndaşdan isə 5 min dollara aldığı avtomobilə görə 10 min manat tələb olunub. Necə deyərlər:"Nə yoğurdum, nə yapdım hazırca kökə tapdım". Belə bir vəziyyətdə Azərbaycanın nəqliyyat bazasının yenilənməsi mümkündürmü? Bu da Azərbaycan reallığıdır ki, vətəndaşlarımızın böyük əksəriyyətinin yeni avtomobil almaq imkanları yoxdur. Belə bir vəziyyətdə ölkəyə gətirilən avtomobillərə öz dəyərində kömrük rüsumunun tətbiqi hansı məntiqə sığır? Əgər biz avtomobil bazasının yenilənməsin istəyirksə, tətbiq olunan rüsumlar, avtomobilin dəyərindən aşağı olmalıdır.

Atmosferin korlanmasına rəvac verən başqa bir səbəb isə yerli icra strukturlarının acgözlüyü üzündən yaşıllıqların kütləvi məhv edilməsidir. Bu geniş araşdırma tələb edən bir mövzudur və qalsın gələn dəfəyə.

Bu gün demək istədiyim odur ki, "Təmiz hava" aylığına bütün dövlət qurumları və təşkilatlar, eləcə də biz sürücülər dəstək verməliyik. Yaddan çıxarmaq olmaz ki, insan sağlamlığı, onu əhatə edən mühitin sağlamlığından asılıdır. Əgər biz təbiətə, ətraf mühitə ögey münasibət göstərsək, sonradan keçirilən ən mükəmməl tədbirlərin belə, heç bir faydası olmayacaq.

 Bütün jurnalist həmkarlarımı da, DİN-in bu təşəbbüsünü dəstəkləməyə, gömrük rüsumunun müəyyənləşdirənləri isə azacıq insafa səsləyirəm!

0.13384890556335