Mənəviyyat yoxsullarından vətəndaş olmaz

İnsanları fərqləndirən ən vacib əlamət mənəviyyatdır

Allah insanı yaradanda onu bütün varlıqlardan üstün tutdu. İnsana özünə məxsus olan yaradıcılıq qabiliyyəti verdi. Özünə xidmət edən bütün mələklərə insana xidmət etməyi əmr etdi. Şeytandan başqa bütün mələklər Allahın insana xidmət etmək əmrini qəbul etdi. Şeytan Allah dərgahından qovuldu və qiyamətə qədər fani dünyada insanları Allaha ibadətdən yayındırmaqla məşğul olacağını üzərinə götürdü. Xülasə, başınızı çox ağrıtmadan, o nöqtəyə gəlim ki, Allahın Adəm babamızla Həvva anamızın günahı üzündən altı günə yaratdığı fani dünya iki yerə bölündü- Allaha, onun göndərdiyi peyğəmbərlərə, müqəddəs kitablara biət edənlərə, yəni inanclı, mənəviyyatlı insanlara və şeytana qoşulub, Allahı inkar edib, «cənnət də, cəhənnəm də bu dünyadadır» deyib, Allahın buyurmadığı hər cür  murdar əməllərlə məşğul olan inancsız, mənəviyyatsızlara...

Dünya yaradıldığı gündən bu ana kimi  iki yerə bölünmüş insanların sayının yüz milyarddan çox olduğu iddia olunur. Bu insanlar, yuxarıda qeyd etdiyim kimi, iki qismə bölünərək, yer üzündə saysız – hesabsız müharibələrdə iştirak edib, qanlı mübarizələrdə xeyli sayda günahsız insan öz inanclarının, mənəviyyatlarının qorunması yolunda canlarını fəda edib. Yer üzü daim insan qanı ilə suvarılıb. Əgər yer kürəsinin torpaq qatının hər qarışını götürüb analiz etsək, o zaman torpağın hər zərrəciyinin tərkibində insan qanı olduğunu müəyyən etmək çətin olmaz. Başqa sözlə, torpaq həm də ona görə müqəddəsdir ki, onun uğrunda milyonlar şəhid olub və bu gün də şəhid olmaqda davam edir. Torpaq, vətən uğrunda şəhid olanların cənnətməkan olduğunu Allah təalanın özünün göndərdiyi müqəddəs səmavi kitablarda bəyan etməsi hər kəsə məlumdur...

Milyon illər keçməsinə baxmayaraq, hazırkı dünya elə şəkillənib ki, hər şey dəyişsə də, insanların inancları və mənəviyyatları arasında mövcud olan ziddiyyətlər əvvəlki kimi, kəskin olaraq qalır. Əvvəllər ayrı – ayrı xalqlar, dövlətlər arasında münaqişələr, müharibələr baş verirdisə, indi dinlər, təriqətlər, inanclılarla inancsızlar, mənəviyyatlılarla mənəviyyatsızlar, müsəlmanlarla xristianlar, buddistlər, iudaistlər arasında ciddi mübarizələr, hətta müharibələr gedir. Bu, hər şeydən öncə, insanların, sivilizasiyaların mənəviyyatsızlığının təzahürü kimi meydana gəlir. Yəni dünyada hər şey mənəviyyat üzərində deyil, güc üzərində qurulub, güclənib, zəiflər üzərində qələbə çalmaq və onun haqqını mənimsəmək üzərində qurulub. Bu gün də belədir və belə davam edəcəyinə heç kim şübhə etməməlidir.

Mənəviyyatsızlıq yer üzünün ən böyük bəlasıdır, deyən aqillər qətiyyən səhv etməyiblər. Kim olursan ol, əgər mənəviyyatın yerində deyilsə, sən bəşəriyyət üçün, ailə üçün, cəmiyyət və dövlət üçün faydalı insan ola bilməzsən! Mənəviyyatın formalaşması isə, hər bir insanın dünyaya gəldiyi ailədən başlayır. Valideynlərin təsiri ilə formalaşır. İnsan böyüdükdən, cəmiyyətin üzvü olduqdan sonra onun mənəviyyatının formalaşmasının yeni mərhələləri başlayır. Cəmiyyət şəxsiyyətin mənəvi tərbiyəçisinə çevrilir. Yəni İmam Əli əleyhissəlamın(s.s) dediyi kimi, insan zəmanəsinə oxşayır!

Zəmanəmizdə dini dövlətlər və dini ilə seçilən dövlətlər var. Dini dövlətlərdə dini üsul-idarə hakimdir. Azərbaycan dini dövlət deyil, dünyəvi dövlətdir və müsəlman ölkəsidir. Xalqımızın özünün adət-ənənələri, mənəvi dəyərləri var. Müsəlman ölkəsi olmasına baxmayaraq, Azərbaycanda dini ayinləri yerinə yetirənlərin sayı əhalinin sayı ilə müqaisədə azdır. Lakin İmam Hüseynin (s.s.) şəhid edildiyi Məhərrəm ayında heç kim toy və şadlıq mərasimləri keçirmir. Burada dindarlıqdan daha çox Allahdan qorxu xofu rol oynayır. Amma onu qeyd edim ki, müqəddəs aylarda xeyli insan şərab və spirtli içkilər istemal etməkdən çəkinmir. Bu da var. Bu o deməkdir ki, biz hələ hamılıqla islam əxlaqına və mənəviyyatına sahib deyilik. Mənəviyyatın formalaşmasında dinin rolunu inkar edə bilmərik.

Mənəviyyat insanı digər varlıqlardan fərqləndirən ən böyük nemət kimi, insanın ən ali məqama yetişməsində, insanlığa, xalqa, dövlətə, ailəyə dəyər verən vətəndaş kimi formalaşmasına çox güclü təsir göstərir. Azərbaycan xalqının mənəvi dəyərlərinin təmsilçiləri onun tarix boyu yetişdirdiyi qəhrəmanlardır, sənət adamlarıdır, korifeylərdir, xalqının və dövlətinin yolunda canını belə əsirgəməyən Milli Qəhrəmanlarımızdır, Şəhidlərimizdir! Bunların sayı on minlərlədir! Biz millət və xalq olaraq, müstəqil dövlətin vətəndaşları olaraq, Şəhidlərimizə, qəhrəman övladlarımıza hədsiz borcluyuq! Biz bu gün müstəqil dövlətdə azad və təhlukəsiz yaşadığımıza görə, daim öz qəhrəman, unudulmaz övladlarımızı minnətdarlıqla yad etməliyik, onları min bir əziyyətlə, mənəviyyatca zəngin böyüdən kasıb valideynlərə, imkansız insanlara diqqət və qayğını artırmalıyıq!

Yeri gəlmişkən, ölkəmizin müstəqillik qazanmasında heç bir xidməti olmayan bəzi üzdəniraq, hər hərəkətində mənəviyyatsızlıq nümayiş etdirən məmurların şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına qarşı sərgilədikləri ləyaqətsiz halları qətiyyətlə pisləyirəm və bu cür mənəviyyatsız ünsürlərə qarşı ciddi ölçü götürülməsinin vacibliyini zəruri sayıram! Ölkəni və onun sərvətlərini aralarında qarpız kimi, dilim-dilim bölüb mənimsəyənlər, övladları xaricdə qolunda iki milyon dollarlıq saat gəzdirənlər, xarici dövlətlərdə saysız – hesabsız şirkət açanlar və bu xalqa xidmət göstərmək əvəzinə zülm edənlər  unutmasınlar ki, onlar gec – tez Allahın və ölkə Prezidentinin qəzəbinə düçar olacaqlar!

Ölkəmizin daxilində və xaricdə mövcud olan mənfi hallar sübut edir ki, cəmiyyətimizi təşkil edən insanların, dövlətimizi idarə edən məmurların arasında mənəviyyat yoxsulları hələ də az deyil. Xaricə qaçıb düşmənlərin girovuna çevrilmiş, internet tv kanalları açıb Azərbaycan dövlətinə qarşı çirkin əks-təbliğat aparanların mənəviyyatsızlardan başqa adı ola bilməz! Mənəviyyatsız insanlardan isə, normal vətəndaşlıq mövqeyi gözləmək, onlara dövlətin mühüm vəzifələrini etibar etmək qətiyyən olmaz! Mənəviyyatsız insan nəinki dövlət, xalq, cəmiyyət, hətta onu əziyyətlə böyüdən ailə üçün olduqca təhlükəlidir! Baxın, araşdırın, görəcəksiniz ki, ölkədə mövcud olan bütün mənfi halların səbəbkarları cəmiyyətimizin “yedirib bəslədiyi” mənəviyyatsız, imansız, əxlaqsız ünsürlərdir!

0.072483062744141