İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəfləri uğurla fəth edilir

Qış və Yay məktəbləri BBMM-in həyata keçirdiyi önəmli layihələrdən biri olaraq artıq ənənə halını alıb

Bu gün qloballaşan dünyamızı narahat edən əsas problemlərdən biri də, dinlər və millətlərarası münasibətlərin pozulması nəticəsində yaranan gərginliklərin və qarşıdurmaların artmasıdır. Son illər bu tendensiyanın qarşısının alınması istiqamətində görülən bir çox işlərin səmərəsizliyi də, bir sıra dövlətlərin problemə yanaşmasının düzgün olmamasından irəli gəlir. Qərbin bəzi super gücləri belə hesab edirlər ki, artıq multikulturalizm anlayışı iflasa uğrayıb, dinlər və millətlərarası münasibətlərin tənzimlənməsi üçün yeni yollar tapılmalıdır. Bütün bu qarışıqlıqların fonunda Azərbaycanın dünyaya multikulturalizmin nümunəvi modelini təqdim etməsi, heç şübhəsiz ki, çoxlarının ciddi marağına səbəb olub.

Azərbaycanda dini və milli tolerantlığı, multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldıran Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi elə ilk gündən dövlət başçımızın qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı çox mühüm layihələr həyata keçirir.

Bir müddət əvvəl Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz (ACWAY) beynəlxalq təşkilatı və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə işə başlayan "Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru" IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi də, məhz Azərbaycan multikulturalizminin təbliği və təşviqinə xidmət edir. Qeyd etmək lazımdır ki, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləri BBMM-in həyata keçirdiyi önəmli layihələrdən biri olaraq artıq ənənə halını alıb.

Bu il təşkil olunan Yay məktəbi Bakı şəhəri ilə yanaşı, bölgələrdə də fəaliyyət göstərib və tədbir iştirakçıları yerli əhali, dini icmalar və din xadimləri ilə görüşlər keçirmək, tarixi abidələrlə tanış olmaq imkanı qazanıblar.

Məlumdur ki, Yay və Qış məktəbləri layihəsi BBMM-in "Azərbaycan multikulturalizmi" fənninin xaricdə və ölkə universitetlərində tədris layihəsinin davamı kimi həyata keçirilir. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 39 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan Yay və Qış məktəblərinin məqsədi həmin gənclərin nəzəri biliklərini multikultural və tolerant dəyərlərin qorunub inkişaf etdirildiyi ölkəmizdə öz gözləri ilə görüb tanış olmaq imkanı yaratmaqdır.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, multikulturalizm cəmiyyətdə mövcud olan etnik, dini, irqi, mədəni müxtəlifliklər arasında əlaqələrin tənzimlənməsində mühüm rol oynayır. Bu baxımdan Azərbaycan da multikulturalizmi dövlət siyasətinin tərkib hissəsi elan edən çox az ölkələrdən biri kimi tanınır və son illər bu sahədə böyük uğurlar əldə edib. Ölkəmizdə dini azadlıq tam təmin olunub. Ölkə əhalisinin 90 faizindən çoxu müsəlman olsa da, burada müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar və dövlət bütün dini konfessiyalara eyni dərəcədə diqqət göstərir, yardımlar edir, o cümlədən maliyyə yardımı.

Yay və Qış məktəblərində iştirakçılara Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc-yanaşı yaşaması haqqında ətraflı məlumat verilib və mühazirələr təqdim olunub.

Artıq ənənəyə çevrilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəy-yənləşdirdiyi hədəflər uğurla həyata keçirilir.

Keçən həftə IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi öz işini uğurla başa vurub. Qeyd etmək lazımdır ki, bu il təşkil olunan Yay məktəbi çərçivəsində həm də  Beynəlxalq Gənclər Forumu keçirilib. "Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru" Forumunda "Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası" mövzusunda plenar sessiya, eləcə də "Sülh üçün dialoq", "Dinlərarası münasibətlərin müxtəlif platformalarda tətbiqi" və digər mövzularda bölmə iclasları keçirilib. Forum iştirakçılarına Azərbaycandakı multikultural vəziyyət, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edilib. Yay məktəbi müddətində iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Yay məktəbinin iştirakçıları həm də BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Tural Gəncəliyevlə görüşüblər. Üç gün davam edən Forumdan sonra Yay məktəbinin iştirakçıları Oğuz, Qəbələ və Şəki rayonlarında səfərdə olublar. Yay məktəbinin iştirakçıları Oğuzda Yuxarı və Aşağı məhəllə sinaqoqlarını, Xalxal meşəsini, Şəkidə Karvansarayı, Kiş kəndindəki qədim Alban məbədini, Qəbələdə udilərin yaşadığı Nic qəsəbəsini, Alban-Udi xristian kilsəsini, habelə Şahdağ Qış-Yay Turizm Kompleksini ziyarət ediblər. Burada qarşılaşdıqları tolerant və multikultural mühit, gözəl təbiəti, insanların yüksək qonaqpərvərliyi yay məktəbi iştirakçılarını valeh edib. Onlar Azərbaycanı çox bəyəndiklərini, burada gördüklərini öz ölkələrində də təbliğ edəcəklərini və yenidən bu gözəl diyara gəlmək arzusunda olduqlarını bildiriblər.

Mərakeşdən olan jurnalist -tədqiqatçı Əl Mahcub Dasaa qeyd edib ki, Yay məktəbi onun üçün çox faydalı olub və burada Azərbaycan multikulturalizmini kəşf etməklə yanaşı, həm də dini-mədəni müxtəlifliyi parçalanmaya deyil, birliyə necə çevirməyi öyrənib: "Çox istərdim ki, dini və mədəni müxtəliflik haqqında daha çox öyrənmək üçün yenidən Azərbaycana gəlim".

Ukraynalı Marina Qonçaruk isə artıq neçə ildir ki, Azərbaycan-Ukrayna layihələrinin təşkilində iştirak etdiyini bildirərək qeyd edib ki, o, Azərbaycan multikulturalizmi konspesiyasını Ukraynada xüsusən ziyalılar və tələbələr arasında təbliğ edir: "Bizim tədbirlərdə Azərbaycandan qonaqlar da iştirak edirlər. İndi iştirak etdiyim bu yay məktəbi mənə Azərbaycan multikulturalizmini Ukraynada daha peşəkar formada necə təbliğ edəcəyimi dəqiqləşdirməkdə kömək oldu".

Rumıniyalı tələbə Oprea Stefan Vlad da ölkəmizə gəlişindən əvvəl internet vasitəsilə Azərbaycan barədə az da olsa məlumat əldə etdiyini bildirərək qeyd edib ki, bu səfər ona Azərbaycan barədə daha çox məlumat əldə etmək imkanı verib: "Azərbaycanın mətbəxini, mədəniyyətini və musiqisini çox bəyəndim. Həm də sizin memarlıq üslubunuzdan çox xoşum gəldi. Burada həm qədim, həm də müasir üslubları özündə birləşdirən zəngin memarlıq var. Mən Azərbaycanı çox sevdim".

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərinin mühazirəsindən mühüm məlumatlar əldə etdiyini diqqətə çatdıran amerikalı jurnalist və tədqiqatçı Piter Teys bildirib ki, yay məktəbində Azərbaycan ərazilərinin işğalı mövzusuna daha çox yer ayrılmasını istəyir: «Bir jurnalist kimi qeyd etməliyəm ki, dünya mətbuatında bu mövzu demək olar ki, işıqlandırılmır. Yay məktəbi xarici iştirakçılara Azərbaycan torpaqlarının işğal altında olması haqqında geniş məlumatlarla  təmin etmək baxımından da geniş bir platformadır. Hesab edirəm ki, yay məktəbi çərçivəsində Xocalı soyqırımı, Şuşanın, Ağdamın və digər ərazilərin işğalı barədə mövzular proqrama daxil edilməli və tədris olunmalıdır.  Azərbaycandakı linqvistik zənginliyi təbliğ etmək, Lahıc, malakanlar və Alban-Udi icması kimi icmaların timsalında ayrı-ayrı dillər və ya dialektlər barədə informasiya vermək yaxşı olardı. Habelə, səxsən mən XX əsrin əvvələrini əhatə edən Azərbaycan tarixi, o cümlədən Cümhuriyyət dövrü barədə məlumatları eşitmək istərdim".

Dinlərarası münasibətlər üzrə tədqiqatçı və bu sahədə yüksək nəzəri biliklərə sahib olan hindistanlı tədqiqatçı Sniha Roy: "Azərbaycanda müxtəlif dinlər, mədəniyyətlər və icmalar arasındakı münasibətlərin təcrübədə necə olduğunu öz gözlərimlə gördüm. Mən burada müxtəlif mənsubiyyətlərə malik insanlarla təmasda oldum. Bu baxımdan, Yay məktəbi mənim nəzəri biliklərimi praktik biliklərlə daha da zənginləşdirdi. Çox istərdim ki, vətənimə qayıdan kimi, Azərbaycan multikulturalizmi haqqında məqalələr yazım".

Yay məktəbinin digər bir iştirakçısı Avstraliya Qrifits Universitetində Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin direktoru, professor Brayan Adams bildirib ki, onun rəhbəri olduğu təşkilat insanlar arasında anlayış yolu ilə hörmət yaratmaq istiqamətində fəaliyyət göstərir: "Biz əsas diqqətimizi ona görə qarşılıqlı hörmət üzərində cəmləyirik ki, hörmət insanları birləşdirir. Buna görə də güclü cəmiyyət qurmaq üçün hər kəs bir-birinə hörmət etməlidir".

Daha bir yay məktəbi öz missiyasını uğurla başa vurdu. Hesab edirik ki, multikulturalizmin Azərbaycan modelinin dünyada təbliği və təşviqi istiqamətində fəaliyyət göstərən bu layihə sonunda böyük qələbə ilə yekunlaşacaq.

 

“Paralel”in Araşdırma Qrupu
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap olunub

0.06708288192749