Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mühiti yaradılıb

Müasir dünya üçün ən ciddi təhdidlərdən biri terror və ekstremizmdir

Qloballaşan dünyamızda baş verənlər bütünlüklə bəşəriyyəti ciddi narahat edir. Baş verən münaqişələrdə, terror və separatizm hallarında daha çox din amilinin ortaya atılması, ələlxüsus da bütün bu olaylarda islam dininin əsas rol oynadığını dünya ictimaiyyətinə təlqin olunması, narahatlığı daha da artırır. Məlumdur ki, nə terrorçunun, nə də terrorun vətəni olmur. Müəyyən qüvvələrin əlində alətə çevrilən terrora meyilli separatçı qruplar öz əməllərini din pərdəsi altında gizlədərək, bu və ya digər ölkədə sabitliyi pozmağa cəhd edirlər və bəzi hallarda buna nail ola bilirlər ki, buna misal olaraq Yaxın Şərq ölkələrini göstərə bilərik.   

Neft və digər təbii sərvətlərlə zəngin olan bu ölkələr, daim Qərbin işğalçı xislətinə malik dövlətlərin diqqətində olublar və bu sərvətlərə sahib olmaq üçün bütün üsul və formalardan istifadə olunub. Bunların arasında dini dözümsüzlük şüarı altında yaradılan qarşıdurmalar ön sırada yer alıb.

 Bu kimi hallar müstəqilliyimizin ilk illərində ölkəmizdə də geniş vüsət almışdı. Öz maraqlarını müstəqil ölkəmizdə həyata keçirmək istəyən bəzi qüvvələrin himayəsi ilə buraya gələn bir çox missioner təşkilatların nümayəndələri, burada  təbliğat işi aparır, əsasən gəncləri öz ideyalarının daşıyıcılarına çevirməyə çalışırdılar. Əsasən də, dini təmayüllü qruplaşmaların fəaliyyəti daha çox gözə dəyirdi.

1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyət gələn xalqımızın böyük oğlu, dünya miqyasında tanınmış siyasətçi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu vəziyyətə son qoyuldu və ölkəmizdə sabitliyin bərqərar olmasına başlanıldı. Əsasən də, dini və milli məsələlərə önəm verən Ulu Öndərin göstərişi və tapşırığı ilə bu sahəya daha çox diqqət ayrıldı və ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi prosesi başlandı.

Bu prosesin uğurlu nəticəsidir ki, bu gün Azərbaycanda dövlət-din münasibətlərinin mövcud səviyyəsi dünyada ən yaxşı model kimi qiymətləndirilir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətləri özünün ən yüksək səviyyəsinə yüksəlib. Dövlət dini qurumlar və dini icmalar arasında münasibətlərin sağlam əməkdaşlıq və tolerantlıq əsasında qurulması işinə yaxından yardım edir və bu istiqamətdə olan bütün təklifləri dəstəkləyir. Bu dəstək nəticəsində Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mühiti yaradılıb və müxtəlif dinlərin, millətlərin nümayəndələri burada heç bir fərq qoyulmadan azad və sərbəst şəraitdə yaşaya bilirlər.

Azərbaycanda dövlət -din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdə Prezident İlham Əliyevlə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, rayon icra hakimiyyətləri, hüquq-mühafizə orqanları, dini icma rəhbərləri, din xadimləri, ilahiyyatçılar və ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatlarının(QHT) nümayəndələri də yaxından iştarik edirlər. Onlar ölkəmizdə dini sahəyə, milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğının nəticələri, dini sabitliyin qorunub saxlanılması sahəsində görülməsi vacib olan məsələlərin həllinə dair geniş müzakirələr aparır, görülən işlər barədə ictimaiyyətə geniş məlumat verirlər. Adlarını qeyd etdiyimiz dövlət və qeyri-dövlət qurumları bu məqsədlə müxtəlif konfranslar keçirir, seminarlar, görüşlər təşkil edirlər.

Bu tip tədbirlərdə qeyd olunur ki, ölkəmizdə dini icmalarla normal münasibətlərin formalaşması nəticəsində dini durumun sabitliyinə, eyni zamanda dini etiqad azadlığının təmin olunmasına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına və inkişaf etdirilməsinə nail olunub.

Bununla belə, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərin təşviqi, dini maarifçilik işinin aparılması, dini radikalizmlə mübarizə sahəsində görülən işlər davam etdirilir. Çünki bu dinamik iinkişaf edən bir prosesdir və müasir dünyanın özünəməxsus çağırışları var, həmin çağırışlarla bağlı BMT dünyanın 20-dək problemini müəyyən edib ki, onların arasında demoqrafiya, ekologiya, nüvə müharibəsi təhlükəsi, iqlim dəyişkənliyi ilə bağlı və digər problemlər ilk sıralarda yer alır.

Bu da danılmaz faktdır ki, müasir dünya üçün ən ciddi təhdidlərdən biri terror və ekstremizmdir. Terror və ekstremizm bu gün dünyanın bir çox ölkələrində din amilindən istifadə edərək vətəndaş müharibələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxarır. Bu da danılmaz faktdır ki, hazırda dinlər və sivilizasiyalar arasında baş verən toqquşmalar XX əsrdə soyuq müharibə illərindəki ideoloji toqquşmanı əvəz edib.

Bütün bunlara baxmayaraq, qeyd edilməlidir ki, heç bir din radikallığa çağırış edə bilməz və etmir. İstər İslamın, istər xristianlığın və yəhudiliyin müqəddəs kitablarında insanlar yalnız birliyə, sülhə, əmin-amanlığa çağırılır. Bununla belə, bu gün dünyada din adı altında terror aktları törədilir, qarşıdurmalar yaradılır. İnsanların din pərdəsi altında bir-birini qırması, terror törətməsi cəhalətin nəticəsidir və buna qarşı birgə mübarizə aparılmalıdır.

Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və Azərbaycan dövlətinin din siyasətinin əsas məqsədi dini etiqad azadlığının təmin edilməsi, dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması və dini təəssübkeşliyin dini təkəbbürə, fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasıdır. İnsanları birliyə, vəhdətə çağıran dinlərin mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, ekstremist, xurafat, antimilli formaya çevrilməsi yolverilməzdir və bu kimi xoşagəlməz halların qarşısının alınması istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir. Çünki belə tədbirlər gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunmasına xidmət edir.

Bu sahədə beynəlxalq əlaqələrin qurulması, onların təcrübəsinin öyrənilməsi, eləcə də Azərbaycan multikulturalizminin təbliği də mühüm əhəmiyyət daşıyır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədəki fəaliyyəti, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi ilə yanaşı, həm də Azənbaycan dövlətinin multikulturalizm siyasətinin dünyada təbliğinə xidmət edir. Bu baxımdan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının keçirdiyi müxtəlif səviyyəli görüşlər də, multikulturalizmin Azərbaycan modelinin, eləcə də ölkəmizdə mövcud olan multikultural və tolerant mühitin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Bir müddət əvvəl Küveytin ölkəmizdəki səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüşən Komitə sədri Azərbaycan və Küveyt arasında dostluq, qardaşlıq əlaqələrinin tarixindən, diplomatik münasibətlərin hazırkı durumundan söz açaraq bildirib ki, bu gün İslam dünyası beynəlxalq aləmdə özünəməxsus yer tutur, İslam ölkələri İslam Əməkdaşlıq Təşkilatında birləşirlər və beynəlxalq təşkilatlarda bir-birlərinə dəstək verirlər. Azərbaycanla Küveyt arasında uğurla inkişaf edən münasibətlərdən söz açan Mübariz Qurbanlı qeyd edib ki, ölkələrimiz üzvü olduqları İƏT çərçivəsində və ikitərəfli münasibətlərdə yüksək səviyyədə əməkdaşlıq edirlər.

M.Qurbanlı  bildirib ki, Küveyt dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasətinə qarşı hər zaman ədalətli çağırışlar edib və Azərbaycanın haqq səsini beynəlxalq aləmdə yüksək səviyyədə müdafiə edir.

Küveyt  səfiri də qeyd edib ki, ötən illər ərzində ölkələrimiz arasında müxtəlif səviyyələrdə ikitərəfli əlaqələr daha da möhkəmləndirilib.

Azərbaycan dövləti multikulturalizmin Azərbaycan modelinin bir çox ölkələrdə təbliğ və təşviq olunmasına böyük diqqət ayırır. Bunun nəticəsidir ki, artıq bir sıra ölkələrdə  multikulturalizmin Azərbaycan modeli bir fənn olaraq tədris olunur. Bu səbəbdən də multikulturalizmin Azərbaycan modelinə dünyanın hər yerində maraq artıb.

Məlumdur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ölkəmizdəki multikultural və tolerant mühitin təbliği istiqamətindəki fəaliyyəti, təkcə ölkəmizdə keçirilən tədbirlərlə məhdudlaşmır, eyni zamanda xarci ölkələrdə də davam etdirilir.

Belə ki, iyulun 16-18-də ABŞ tərəfinin dəvəti ilə Vaşinqtonda keçirilən Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırlması baxımından böyük işlər görüb. 100-dən artıq dövlətin və 10-dan çox beynəlxalq təşkilatın rəsmiləri, habelə dini liderlər və vətəndaş cəmiyyəti qruplarının nümayəndələrinin qatıldığı bu konfransda çox mühüm problemlər müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Mübariz Qurbanlı çıxışında ölkəmizin dünyəvi dövlət olduğunu, respublikamızdakı mövcud dövlət-din modelini, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşadığını, cəmiyyətimizin tolerantlıq və multikulturalizm ənənələrinin bir nümunə olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, cari ilin noyabrında Azərbaycanda dünya dini liderlərinin II Bakı sammiti keçiriləcək.

Dünyada baş verən bəzi münaqişələrə sonradan dini don geyindirilməsinin yolverilməz olduğunu deyən Komitə sədri belə addımların qarşısının alınmasının vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, dinlərin barışa və sülhə töhfə verməli olduğunu, bu xüsusda xristian və müsəlman dini liderlərin Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən münaqişənin həllinə və bir milyonadək soydaşımızın öz doğma yurd-yuvasına qayıtmasına yardım etməyə çağırıb.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti ABŞ rəsmiləri, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının müvəkkilləri, Macarıstan Xarici İşlər və Ticarət naziri, habelə Qazaxıstan, Özbəkistan rəsmiləri, müxtəlif dini liderlər və tanınmış ictimai xadimlərlə görüşüblər.

“Paralel”in Araşdırma Qrupu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

0.49626183509827