Azərbaycan milli və dini mədəniyyətlərin bir-birindən bəhrələnərək çiçəkləndiyi ölkə olaraq tanınır

Ölkəmizin ərazisində məskunlaşan ingiloyların bir qismi xristian dininə sitayiş edir

Avropa və Asiya qitələrinin kəsişdiyi mühüm coğrafi məkanda yerləşən müasir Azərbaycan dövləti ta qədim zamanlardan müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin də burada təşəkkül tapmasında xüsusi rol oynayıb. Məhz buna görə də, istər keçmişdə, istərsə də müasir dövrdə Azərbaycan öz yüksək tolerantlığı ilə seçilən bir dövlət olaraq tarixə düşüb.

Maraqlıdır ki, Azərbaycan həm də Zərdüştlük dininin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi olaraq, tarixin bütün dönəmlərində rəngarəng milli və dini mədəniyyətlərin bir-birindən bəhrələnərək çiçəkləndiyi ölkə olaraq tanınır. Tarixi mənbələr Azərbaycanın etnik tərkibinin daim genişləndiyini göstərir və bu gün də ölkəmiz özünün etnoqrafik rəngarəngliyi ilə digərlərindən daha çox fərqlənir. Burada Azərbaycan türkləri ilə yanaşı, yəhudilər,  tatlar, talışlar, kürdlər, malokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlar, qrızlar, ümumiyyətlə, bu kimi 30-dan çox etnik azlıqların nümayəndələri yaşayırlar. Bu qrupların nümayəndələri özlərini azərbaycanlı hesab etsələr də, hər bir qrup özünəməxsus fərqli mədəniyyətini qoruyub saxlayır və inkişaf etdirməyə çalışır. Etnik azlıqların və azsaylı xalqların özünəxas mədəniyyətləri onların məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə özünü göstərir.

Bu gün ölkəmizin etnik tablosunda mühüm yer tutan ingiloyların da mədəniyyəti, tarixi, etnoqrafik baxımdan hərtərəfli nəzərdən keçirilir və təhlil olunur. Çünki Azərbaycanın ərazisində yaşayan hər bir xalqın mədəniyyəti, tarixi həm də ümumazərbaycan  mədəniyyətinin və tarixinin bir parçasıdır. Bu baxımdan, ingiloyların mənşəyi və etnik tarixi ilə bağlı maddi mədəniyyət ünsürlərini araşdırarkən bir məsələ diqqəti xüsusi cəlb edir. Bu da Azərbaycan tarixşünaslığında hələ kifayət qədər tədqiq olunmayan bir məsələyə - Alazan vadisində tarixən qarışıq, yaxud sıx qonşuluq şəraitində məskunlaşan müxtəlifdilli etnosların birgə səyləri nəticəsində yaranan mədəniyyət örnəyinin müştərək səciyyə daşımasıdır. Qeyd etmək lazımdır ki, bu ortaq mədəniyyətin yaranmasında ümumi  və oxşar cəhətlərlə yanaşı, hər bir etnosun, o cümlədən ingiloyların da özünəməxsus payı olub. Buna görə də əsas diqqət, məhz etnosun kökləri ilə bağlı xüsusiyyətlərin araşdırılmasına yönəldilməlidir. Məlumdur ki, ingiloylar əsasən, Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində məskunlaşıblar və  I Şah Abbasın dövründə islamı qəbul ediblər. Bu qrupun nümayəndələri əsasən, Azərbaycan, çox az bir hissəsi isə gürcü dilinin cənub dialektində danışır. Böyük Qafqaz dağlarının dağətəyi bölgəsində yaşayan ingiloyların əsas məşğuliyyəti tütünçülük, taxılçılıq, üzümçülük, qərzəkli meyvəçilik və heyvandarlıqdır.

Etnik, psixoloji, mədəniyyət və s. cəhətlərinə görə azərbaycanlılarla qohumluq əlaqələrinə malik olan ingiloylar yaşadıqları cəmiyyətə sıx inteqrasiya olunmaları ilə də başqalarından fərqlənirlər.

Ona görə də ingiloyların əc-dadları olan qellerin orta əsrlərdə dilləri gürcüləşən Albaniya tayfaları olduğu ehtimal edilir.

19-cu əsrdən başlayaraq belə bir fikir irəli sürülürdü ki, guya ingiloylar etnik mənsubiyyətə görə 18-ci əsrdə İslam dinini qəbul edən gürcülər olublar. Guya, ingiloy sözü də "yeni" və "yol" (özlərinə yeni yol seçənlər) sözlərinin birləşməsindən meydana gəlib. Lakin bu ehtimal "yeni yol" ifadəsindən başqa heç bir şeylə əsaslandırılmır və təsdiq olunmur. Digər tarixi məlumatlara görə, azərbaycanlılar ingiloyları qellər adlandırırlar. Məsələn, Qax rayonunun İlisu kəndindəki ingiloyları azərbaycanlılar qellər, avarlar tərəfindən qeloylar, saxurlar tərəfindən isə qelovlar adlandırılması onu deməyə əsas verir ki, ingiloy etnonimi azərbaycanca "yeni qellər" sözlərinin birləşməsindən yaranıb. Tarixçi-Coğrafiyaşünas Strabonun məlumatına görə qellər amazonkalıların arasında yaranıblar. Bu faktı Yunan tarixçi-bioqraf və filosof Plutarx da (ikinci əsr) təsdiq edib. Qədim gürcü mənbələrində Dağıstan xalqları leki adlanır. Onuncu əsrdə yaşayan gürcü yazıçısı Yefemiyev Sertoqoriya isə leklərin alban olduqlarını bildirərək qeyd edib ki, onlar Qafqaz dağlarında və əsasən də Şimali Qafqazda yaşayıblar. Digər bir qrup tədqiqatçıların fikrinə görə, qellər Dağıstanın cənubunda yaşayıblar. Bəziləri isə Strabonun və Plutarxın amazonkalılar adlandırdığı xalqın - alazanların Alazan çayı sahillərində yaşadıqlarını öz tədqiqatlarında qeyd ediblər. Bu da onu deməyə əsas verir ki, müasir ingiloylar (qədim qellər) iki min ildir ki, eyni bir yerdə - Alazan çayı ərazisində yaşayırlar.

İngiloyların əcdadları olan qellər isə orta əsrlərdə dinin inkişafı nəticəsində dilləri gürcüləşən İrandilli Albaniya tayfaları olublar. İngiloyların əcdadları əsasən Albaniya vilayətinin ərazisi olan Eritedə yaşayıblar. Müxtəlif dövrlərdə Gürcüstanın tərkibinə daxil olan qellər gürcü-provaslav dininin təsirindən gürcü dilini qəbul ediblər və gürcü dilinin ingiloy dialekti yaranıb.

Tarixçi alim N.Y.Maar qeyd edib ki, qədim Eretiya vilayəti həqiqətən gürcüləşmiş Albaniya olub, sonralar Kaxetiyanın sərhədlərinə daxil edilib.

Orta əsrlərdə ermənilərin Qafqazda məskunlaşmaları tarixini tədqiq edən erməni tarixçisi və xəritəşünas S.T.Yeremyan da qeyd edir ki, Ereti Albaniyanın gürcüləşmiş hissəsidir.

Bir maraqlı faktı da xüsusi olaraq diqqətinizə çatdıraq ki, ingiloyların yaşadıqları kənd adlarından heç birinin gürcü dili ilə əlaqəsi yoxdur. Onların Qax rayonunda yaşadıqları Qasımallı, Zəyəm, Korağan, Əlibəyli, Kötüklü , Zaqatalada yaşadıqları Əliabad, Mosul və  Balakən rayonunun İtitala kəndləri sırf azərbaycandilli adlardır. Qədim toponimlərdə də qel etnoniminə rast gəlinir. Yunan filosofu Ptolomeyə görə, Alban şəhəri Qelda, Qevanda, Qelavu adlanıb.

Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayan ingiloyların həm də çox maraqlı adət-ənənələri var. Onlar ildə iki dəfə ölüləri ziyarətetmə mərasimi keçirirlər. Yuxarıda da qeyd etdik ki, ölkəmizin ərazisində məskunlaşan ingiloyların bir qismi xristian dininə sitayiş edir. Onların dini düşüncəsinə görə, insanlar öləndən sonra o biri dünyaya köçürlər və orada bu dünyadakı həyatlarını davam etdirirlər. Bu səbəbdən də, onlar qəbirüstə çıxma mərasimində, evdə hazırlanan yeməkləri, şirniyyatları, meyvə-tərəvəzi, müxtəlif şirələri, alkoqollu içkiləri özləri ilə aparıb doğmalarının qəbirlərinin üstünə düzürlər.

Burada diqqətçəkən məqam odur ki, qəbir üstünə ölünün ən çox xoşladığı yeməyi aparırlar. Bu da adətən plov, içliyi şordan hazırlanan gürzə (xəmir xörəyi- red.) və çaxır olur. Onlar düşünürlər ki, ölü gəlib həmin süfrədəki nemətlərin dadına baxır və sahibindən razı gedir.

Qax rayon Kötüklü kənd sakini Tina Babucaşvili həmin mərasimlə bağlı məlumat verərkən deyib: "Bu adət-ənənə bizə babalarımızdan qalıb. Biz bacardığımız qədər öz milli və dini adət-ənənələrimizi qorumağa çalışırıq. Bu mərasim valideynlərimizdən bizə, bizdən də övladlarımıza ötürəcəyimiz ən dəyərli sərvət hesab olunur. Həmin gün bütün qohum-əqrəba bir yerə yığışır, görüşür və ölülərimizi yad edirik. Ölülərimizin ruhunu, onların xoşladıqları kimi süfrə açıb adlarına duz tökərək şad etdiyimizi düşünürük".

Görünür, ingiloylar hələ neçə nəsil bu adətlərini qoruyub saxlamaq əzmindədirlər.

Kəndin başqa bir sakini O. Kulaşvili isə deytr ki; "Azərbaycanlılarla çox qədim zamandan mehriban yaşamışıq, qız alıb, qız vermişik, xeyrimiz, şərimiz bir olub. Bizim də, azərbaycanlıların da milli və dini münasibətlərdə heç bir problemimiz yoxdur".

Yaxşı  yumor hissinə malik O.Kulaşvili əlavə edir ki, "problemi pul yaradır, nə bizdə, nə də burada yaşayan azərbaycanlılarda pul yoxdur, buna görə də heç bir problemsiz yaşaya bilirik".

Onu da qeyd etmək lazımdır ki, Qax rayonu əhalisinin 12 faizini, yəni 7500 nəfərini gürcülər təşkil edir. Onlar əsasən, Qax şəhərində, Qax-İngiloy, Əlibəyli, İngiloy-Kötüklü, Alatəmir, Meşəbaş, Qaxbaş  və Qarameşə kəndlərində məskunlaşıblar. Azərbaycan dilini bilsələr də, gürcü dilində təhsil alır və öz aralarında gürcü dilində danışırlar.

Qax rayonu ərazisində təlim gürcü dilində olan 6 məktəb, 1 bölmə, 6 məktəbəqədər tərbiyə müəssisəsi, həmçinin 6 səhiyyə müəssisəsi, 14 mədəniyyət müəssisəsi, 6 kilsə, Qax-İngiloy kəndində Gürcü-Mədəniyyət Mərkəzi, şəhərdə Mose Canaşvilinin ev muzeyi, Əlibəyli kəndində Dövlət Dram Teatrı, İosif Stalinin 2 heykəli, gürcü yazıçısı İlya Çavçavadzenin büstü və 1990-cı ildə Gürcüstanda baş vermiş 9 aprel faciəsinə qoyulan abidə var.

Qaxda yaşayan gürcülərin bir çoxunun həm də Gürcüstanla əlaqəsi var. Övladları orada ali təhsil alır. Ümumiyyətlə, Azərbaycanda yaşayan gürcüləri Gürcüstana bağlayan əsas tellər orada təhsil alan övladlarıdır.

Kənd sakini Quram Dukaşvili işsizlikdən şikayətlənsə də, həyat yoldaşı Nanuli Dukaşvili deyir ki, işləmək, pul qazanmaq istəyən üçün iş var: "Düzdür, diplomum evdə yatır. Amma, bu o demək deyil ki, mən pul qazana bilmirəm. Bu böyüklükdə həyət mənə baxır. Oğlum Bakıda hərbi xidmətdədir, qızım isə Tiflisdə oxuyur."

Respublikamızın bir çox kənd yerlərində olduğu kimi, Qax rayonunun kəndlərində də icra nü-mayəndəlikləri, bələdiyyələr və digər qurumlardakı dövlət işlərini çıxmaq şərtilə işləmək üçün fabrik-zavod yoxdur. Buna baxmayaraq, pul qazanmaq istəyənlər üçün imkan var. Gürcülər maldarlıqla, donuzçuluqla məşğul olurlar.

Həmçinin, meyvə-tərəvəz, arpa, qarğıdalı yetişdirib bazarlara çıxarır, ev quşları saxlayırlar. Bundan başqa, üzümdən şərab çəkir, həm özləri istifadə edir, həm də satırlar.

Ölkəmizin ərazisində yaşayan bütün digər azsaylı qruplar kimi ingiloylar da ölkəmizdə mövcud olan tolerant və multikultural mühitdən məmnundurlar. Dövlətimizin qayğısını və diqqətini daim hiss edən ingiloylar da, Azərbaycanı öz doğma vətənləri sayır, Azərbaycan xalqı ilə birgə ölkəmizin və dövlətimizin daha da inkişaf etməsi və çiçəklənməsi üçün əllərindən gələni edirlər.

“Paralel”in Araşdırma Qrupu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

0.096139907836914