Xalqımız ümumbəşəri dəyərlərdən bəhrələnərək dünyaya öz tolerantlıq nümunəsini təqdim edir

Azərbaycanda təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan nümunəvi dövlət-din münasibətləri sistemi formalaşıb

 

Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində müstəsna xidmətləri olan qurumlardan biri də Qafqaz Müsəlmanları İlarəsidir. Bu quruma 40 il rəhbərlik edən Şeyxülislam Allahşükür Paşazadənin də ölkəmizdə multikulturalizmin, tolerantlığın, dinlər və millətlər arasnıda qarşılıqlı anlaşmanın və harmoniyanın yaranmasında çox böyük xidmətləri var. Məhz buna görə də, dövlətimizin başçısı Prezident İlham Əliyev "Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi" haqqında 2019-cu il aprelin 9-da Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərib, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərir".

Hesab edirik ki, bu dövlət başçımızın Şeyxülislam Allahşükür Paşazadənin dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin qorunması sahəsindəki xidmətlərinə, dinlərarası dialoqun gücləndirilməsi istiqamətindəki fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Məlumdur ki, ölkəmizdə təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan nümunəvi dövlət-din münasibətləri sistemi formalaşıb. Xalqımız tarixin bütün mərhələlərində dini ənənələrə sədaqət nümayiş etdirib, onun qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə çalışıb, eyni zamanda, ümumbəşəri dəyərlərdən bəhrələnərək dünyaya öz tolerantlıq nümunəsini təqdim edir. Bu gün də ölkəmizdə müxtəlif xalqların, dinlərin nümayəndələri birgə yaşayır, fəaliyyət göstərirlər. Azərbaycan xalqı həmişə dini dözümlülüyü ilə fərqlənib və bu gün də bu münasibətlər dəyişməz qalıb. Müasir dünya dövlətlərini daha çox təəccübləndirən isə ölkəmizdə bu günədək dini zəmində heç bir münaqişə və toqquşma halının qeydə alınmamasıdır. Azərbaycanın Ana Yasasına (Konstitusiya) əsasən ölkəmizdə din dövlətdən ayrıdır. Lakin qloballaşan müasir dünyamızda, bəlkə də Azərbaycan qədər dinə, din xadimlərinə qayğı göstərən ikinci ölkə tapmaq mümkün deyil.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə xalqın tələb və təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini azadlıqlar tam təmin olundu. Təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının böyük şəxsiyyətlərindən olan Ümummilli liderin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dinə, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişdi, bu zəngin xəzinənin qorunmasına dövlət tərəfindən xüsusi qayğı və diqqət göstərildi.  Bunun nəticəsidir ki, bu gün ölkəmizdə dövlət-din

münasibətləri ən yüksək səviyyədə tənzimlənir. Dünyada dini zəmində münaqişələrin, toqquşmaların baş qaldırdığı, bir sıra Avropa dövlətlərinin multikulturalizmin iflasa uğraması iddialarının genişləndiyi bir zamanda ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, dini sahədə də sabitlik hökm sürür, dinə, dindarlara göstərilən diqqət və qayğı ildən-ilə daha da gücləndirilir. Dindən siyasi alət kimi istifadə olunmasının qarşısı alınır və bütün dini konfessiyaların normal fəaliyyəti üçün geniş imkanlar yaradılır.

Bu gün Azərbaycanın bütün sahələrdə qazandığı uğurlarla yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir. Dövlətimizin, Qafqaz Müsəlmanları İdarəsinin, eləcə də digər qurumların bu istiqamətdə gördüyü işlərin nəticəsidir ki, bu gün ölkəmiz dünyada dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük təcrübəyə malik dövlət kimi tanınır və ölkəmizin təqdim etdiyi bu nümunə digər dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir.

Məhz buna görə də, artıq dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan ölkəmizdə sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu baxımdan, müxtəlif qitələrin nümayəndələrinin, fərqli din və mədəniyyətlərin təmsilçilərinin Prezident İlham Əliyevin elan etdiyi "Multikulturalizm İli" və "İslam Həmrəyliyi İli" kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi böyük nailiyyətdir. Ötən il 10 illiyini qeyd etdiyimiz "Bakı Prosesi" bu məsələdə xüsusi önəm daşıyır. Belə ki, ölkəmiz bütün dünyaya öz tolerantlıq ənənələrini təqdim etməklə yanaşı, beynəlxalq ictimaiyyətə sülh, qlobal əməkdaşlıq mesajlarını verir, bunun mahiyyətini çatdırır. Bu mənada, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin təşəbbüsü ilə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda, o cümlədən Avropanın mərkəzi şəhərlərində keçirilən beynəlxalq tədbirlərin, konfransların böyük əhəmiyyəti var.

Qeyd etmək lazımdır ki, Şeyx həzrətləri Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşmüş insanların haqq səsinin dünya ictimaiyyətinə düzgün çatdırılması istiqamətində çox böyük işlər görür. O həmçinin, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində dünyanın tanınmış din və dövlət xadimləri ilə yüksək səviyyəli danışıqlar aparır, görüşlər keçirir və Azərbaycanın haqq sözünü dünyaya çatdırmağa çalışır. Şeyx həzrətləri rus, gürcü, erməni dini liderləri və beynəlxalq dini təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlərdə də, erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə İsveçrənin Montre şəhərində, həmçinin Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Rostov, Moskva, Bakı, Tbilisi şəhərlərində çoxsaylı görüşlərdə iştirak edib, görüşlərin nəticələrinə dair imzalanan birgə bəyannamələrdə Azərbaycanın ədalətli mövqeyini əks etdirən məqamların yer almasına nail olub. Allahşükür Paşazadə Eçmiədzin erməni patriarxiyasının rəhbərləri katolikos I Vazgen və katolikos I Qareginlə keçirilən görüşlər, eləcə də 1995-ci ildə Moskva və bütün Rusiya patriarxı II Aleksi, katolikos I Qaregin və şeyxülislam Paşazadə tərəfindən imzalanan üçtərəfli "Moskva bəyannaməsi" sayəsində münaqişə bölgəsində əsirlərin, yaralıların və meyitlərin verilməsi barədə müəyyən razılaşma əldə etməyə nail ola bilib.

Mənfur qonşumuz Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən siyasi-hüquqi qiymətin verilməsi istiqamətində bu gün də səylə, inadla çalışan Şeyx həzrətləri iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, keçirdiyi bütün görüş-lərdə bu məsələlərlə bağlı ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırır, sülhün bərqərar olması, hüquqları pozulmuş bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarına geri qayıtmaları üçün beynəlxalq ictimaiyyətə çağırışlar edir və bu fəaliyyətini bir an belə səngitmir.

A.Paşazadənin ölkəmizdə və respublikamızdan çox-çox uzaqlarda keçirdiyi görüşlərdə belə, heç şübhəsiz ki, Azərbaycanda mövcud olan multikultural və tolerant mühütin təbliğinə xidmət edir. Şeyx həzrətlərinin bu günlərdə Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Serxio Osvaldo Perez Qunellanı qəbul etməsi də, onu ölkəmizdə mövcud olan dövlət-din münasibətləri ilə yaxından taniş etmək xarakieri daşıyıb. Qonağı səmimi salamlayan və ona qarşıdakı fəaliyyətində uğurlar diləyən Şeyxül-islam A. Paşazadə Azərbaycandakı multikultural həyat, ölkəmizdə dini konfessiyalar arasında mövcud olan dostluq, qardaşlıq, nümunəvi əməkdaşlıq münasibətləri, dövlətimizin bu istiqamətdə səyləri, diqqət və qayğısı, nümunəvi dövlət-din münasibətləri barədə geniş məlumat verib.

Azərbaycanda müşahidə etdiyi iqtisadi inkişafdan, ümumi rifah səviyyəsindən, qonaqpərvər mühitdən təəsirləndiyini, dinlərarası, konfessiyalararası əməkdaşlığın örnək nümunələrindən məmnunluq duyduğunu diqqətə çatlıran səfir, Azərbaycana gəldiyi zamandan katolik və pravoslav konfessiya rəhbərləri ilə görüş-düyünü, Şeyxülislamla görüşməyi böyük səbirsizliklə gözlədiyini xüsusi qeyd edib. Səfir ölkəsində də müxtəlif dinlər arasında dialoq mühitinin müsbət nümunələrinin olduğunu bildirərək vurğulayıb ki, ölkəsi ilə Azərbaycan arasında iqtisadi, siyasi əlaqələr kimi mədəni-mənəvi sahədə münasibətlərin formalaşmasında maraqlıdır və bu istiqamətdə fəaliyyət göstərəcək.

  1. A. Paşazadə Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən söz açaraq bildirib ki, multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirilir və dövlət başçımız bu istiqamətdə ardıcıl və çox güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin qlobal əhəmiyyətli multikulturalizm və insani həmrəylik ideyalarını irəli sürməsinin də bu töhfələri artırdığını deyən A. Paşazadə 2017-ci ilin sonunda QMİ nəzdində yaradılan Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu mərama xidmət etdiyini qonağın diqqətinə çatdırıb.

Şeyx həzrətləri həmçinin Azərbaycan Prezidentinin təşəbbüsü və sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Dünya dini liderlərinin II Bakı Sammitinin keçiriləcəyi barədə səfiri məlumatlandırıb. Şeyxülislam 2010-cu ildə Dünya dini liderlərinin Bakıda keçirilən ilk sammitinin davamı olacaq II sammitin qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin daha bir dəyərli töhfəsi olacağını bildirib.

  1. A. Paşazadə Latın Amerikası təmsilçilərinin də Sammitə dəvət olunduqlarını, Argentinanın da nüfuzlu din xadimlərinin iştirakından məmnun olacaqlarını səfirin diqqətinə çatdırıb.

“Paralel”in Araşdırma Qrupu
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap olunub

0.35119605064392