Ermənilərin sərhəddə təxribat törərməkdə məqsədi nədir?

ATƏT-in Minsk qrupunun həmsədrləri son vaxtlar ermənilərin Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı törətdiyi təxribatlara reaksiya verməlidir.

Bunu paralel.az-a açıqlamasında politoloq Arzu Nağıyev ermənilərin son vaxtlar sərhəd məntəqələrinə hücumlarını şərh edərkən deyib.

Politoloq hesab edir ki, ermənilər bu təxribatlarla Azərbaycan-Ermənistan sərhədindəki problemlərin daha çox olduğunu əsas gətirərək işğal atındakı ərazilərə yol çəkmək istəyirlər:

“Ümumiyyətlə, son vaxtlar Ermənistan işğal altındakı ərazilərə üçüncü yolun çəkilməsi ilə bağlı müxtəlif anonslar verir. Məlumdur ki, İran və Azərbaycan arasında, işğal olunan ərazilərdə 143 km nəzarətsiz zona var. Ermənilər məhz bu təxribatlarla həmin ərazilərdə problemlərin daha çox olduğunu əsas gətirərək yol çəkilməsinin zəruri olduğunu sübut etməyə çalışırlar. Əslində isə bu, işğalçılıq siyasətinin davamı deməkdir. Amma buna heç vaxt imkan verilməyəcək. Həmin ərazilər İranla da həmsərhəd olduğu üçün onlar bu məsələlərə beynəlxalq don geyindirməyə çalışırlar.

Eyni zamanda, ermənilər son vaxtlar Sərhəd Qoşunlarının Qazax istiqamətindəki mövqelərini də bir neçə dəfə atəşə tutublar. Əsas məqsədləri odur ki, Azərbaycan tərəfi cavab atəşi versin, onlar da bu barədə beynəlxalq qurumlara müraciətlər etsinlər. Bütün bunların hamısı problemi uzatmağa hesablanıb. Amma Azərbaycan öz sözünü Xarici İşlər Nazirliyi və digər dövlət qurumları səviyyəsində deyir”.

A.Nağıyev vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də artıq buna reaksiya verməlidir:

“Biz beynəlxalq hüquq normaları çərcivəsində öz problemimizi həll etməliyik. Amma ermənilər unutmasın ki, ikinci həll variantı hərbi yoldur. Hərbi yola əl atılması isə bütün regionda müharibənin alovlanması deməkdir”.

Qeyd edək ki, son vaxtlar erməni tərəfi Azərbaycan-Ermənistan sərhədində təxribatlara əl atır. İyulun 28-i saat 22 radələrində isə düşmən snayperləri üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobili atəşə tutublar.

Sevinc Yasinqızı

0.14008116722107